«Tələbə Qəbulu üzrə Dövlət Komissiyası - 20 il: inkişaf mərhələləri» mövzusunda Beynəlxalq konfrans başa çatmışdır

 

Bakıda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) yaradılmasının 20 illiyinə həsr olunmuş "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası - 20 il: inkişaf mərhələləri" mövzusunda Beynəlxalq konfrans noyabrın 24-də işini davam etdirmişdir.

AzərTAc xəbər verir ki, konfrans çərçivəsində keçirilən "dəyirmi masa"da "Açıq tipli testlərin qısa formatlı cavablarının proqram təminatı vasitəsilə oxunması və mətnə çevrilməsi", "Kompetensiyaların ölçülməsi üsulları", "İmtahan cavablarının statistik təhlilinin nəticələrinin təhsilin planlaşdırılması və keyfiyyətinin yüksəldilməsi üçün istifadə olunması" mövzuları müzakirə olunmuşdur.

Müzakirələrdə Azərbaycan ilə yanaşı, Türkiyə, Niderland, Rusiya, Qazaxıstan, Tacikistan və digər ölkələrdən olan mütəxəssislər iştirak etmişlər.

Tədbirdə TQDK-nın sədri Məleykə Abbaszadə bildirmişdir ki,  hazırda Komissiyanın qarşısında duran ən vacib vəzifələrdən biri şagirdləri özünə güvənli və kreativ şəxsiyyətlər kimi yetişdirməkdir.  Onlar dünyanı tənqidi təfəkkürlə dərk etməli, problemlərin alternativ və standartdan kənar həlli yollarına yaradıcı yanaşmalıdırlar.

Qeyd olunmuşdur ki, dövlət və cəmiyyət təhsil sisteminin islahatını həyata keçirməkdən ötrü müəyyənləşdirilən məqsədlərə nail olmaq üçün müvafiq tədbirlərin məntiqi ardıcıllığı gözlənilməlidir. Təhsil sisteminin məqsədləri müəyyənləşdirilməli, şagirdlərin müəyyən səviyyələrdə yiyələnməli olduqları bilikləri əks etdirən standartlar qəbul edilməli, şagirdlərin standartlara nə dərəcədə cavab verməsini ölçən qiymətləndirmələr hazırlanmalıdır.  Qiymətləndirmə təhsil alanların inkişafını qiymətləndirmək və istiqamətləndirmək üçün proses, alət və ya metod kimi qəbul edilə bilər. TQDK-nın qiymətləndirmə sistemi təhsil islahatlarını izləməyə imkan verir.

Hazırda ölkəmizdə aparılan təhsil islahatlarının əsas məqsədinin təhsil alanlarda kompetensiyalarının formalaşdırılması olduğunu vurğulayan M.Abbaszadə bu istiqamətdə artıq müəyyən işlərin  görüldüyünü qeyd etmişdir. Təhsil standartları təsdiq olunmuş, onların əsasında kurikulum tərtib edilmişdir. Təbii ki, yeni tədris prosesi zamanı yeni təhsil texnologiyalarından istifadə olunur. Biz isə, öz növbəmizdə, şagirdlərə bu kompetensiyaların aşılanmasını sübut edən alət rolunu oynayacaq yeni qiymətləndirmə vasitələrini tətbiq etməliyik. Testlər təkcə bilikləri deyil, həmin bilikləri qeyri-standart vəziyyətlərdə tətbiq etmək bacarıqlarını yoxlamaq imkanına malik olmalıdır. Kompetensiyaların inkişafını müəyyənləşdirərkən yalnız bir cəhəti yoxlayan qiymətləndirmə artıq yetərli sayılmır. Bunun əvəzinə bir neçə qabiliyyət göstəricisinin bütöv surətdə birgə istifadəsinə ehtiyac yaranır. Belə qiymətləndirmədə çoxvariantlı və açıq tipli bilik testləri ilə yanaşı, qovluqlar,  meyarlara əsaslanan müsahibələr və ifa kimi yeni tətbiq olunan metodlardan birgə istifadə olunur. Yeni qiymətləndirmə vasitələrinin tətbiqi prosesi orta məktəbdən başlayacaq və mərhələlərlə həyata keçiriləcəkdir.

"Dəyirmi masa"da müzakirə olunan məsələlərin aktuallığını  diqqətə çatdıran M.Abbaszadə iştirakçıları bu mövzular ətrafında fəal diskussiyalara, fikir mübadiləsinə dəvət etmişdir. Komissiyanın sədri demişdir ki, bu, respublikamızda ilk addımdır və ümid edirəm ki, həmin istiqamətdə işlər qarşılıqlı əməkdaşlıq əsasında davam edəcəkdir.

Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzinin rəhbəri Əli Dəmir, Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın  İcra Komitəsinin üzvü Jan Viqers, Rusiya Təhsilin Keyfiyyətinin Monitorinqi üzrə Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi Valentina Kiselyova, Tacikistanın Təhsilin İnkişafı üzrə Beynəlxalq Əməkdaşlıq Mərkəzinin direktoru Səbzəli Cəfərov çıxış edərək təhsilin keyfiyyətinin yaxşılaşdırılması yollarından danışmışlar.

Sonra mövzular ətrafında geniş müzakirələr aparılmış, suallar cavablandırılmış, fikir və təkliflər səsləndirilmişdir.

Bununla da, ikigünlük beynəlxalq konfrans işini yekunlaşdırmışdır.

 

 

Azərbaycan.-2012.- 25 noyabr.- S.6.