Bu Qala bizim qala...

 

Bura vətəndi

 

Respublika hökumətinin 18 aprel tarixli qərarına əsasən, Qala Dövlət Tarix Etnoqrafiya Qoruğu yaradıldı. Bu qoruğu yaratmaqda məqsəd Qala qəsəbəsinin ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması, onların sökülməsinin qarşısının alınması, təhrif edilməsinin yasaq olunması idi. Doğrudur, sovet dövründə bəzi abidələr müəyyən mənada mühafizə edilirdi, lakin icazə olmadan sökülməyə, tikinti işləri görülməsinə bəzən  göz yumulurdu. Beləliklə, qoruğun yaradılması mədəniyyət abidələrinin qorunması üçün atılan ən mühüm addımlardan biri oldu.

Beş min illik tarixə malik olan Qala kəndində eramızdan əvvəlki üçüncü minilliyə aid tarixi mühitin qorunub saxlanması, həqiqətən, bu yaşayış ərazisində analoqu olmayan - səma altında muzeyin yaradılması dövrün ehtiyacı idi. Arxeoloji nümunələrlə zəngin bir ərazidə tarixi abidələrin mühafizəsi və qorunması ilə bağlı yeni bir ünvanın qurulması XXI əsrə təsadüf etdi. 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və onun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə qoruğun ərazisində açıq səma altında Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yaradıldı. Burada Abşeron yarımadasında aşkar edilmiş arxeoloji memarlıq abidələri toplanaraq bərpa edildi. Ərazidə eramızdan əvvəl II-III minilliklərə aid kurqanlar, yaşayış və digər memarlıq abidələri ilk görünüşündə olduğu kimi qurulub.

Muzeyin ərazisinə daxil olarkən özünü çox qədim dövrdə hiss edirsən. 1,2 hektar ərazisi olan muzey-kompleksində Azərbaycanın maddi mədəniyyət incilərini seyr etmək üçün gözəl şərait yaradılıb. Abşeron yarımadasından tapılmış eramızdan əvvəlki minilliklərə aid olan qayaüstü rəsmlər mövzu və süjetlərinə görə rəngarəngdir. Eləcə də qədim kurqanlar, qəbir daşları, yaşayış məskənləri, sərdabələr, ibadət yerləri və bir sıra digər maddi mədəniyyət qalıqları eramızdan əvvəlki minilliklərin ovqatını əks etdirir. Kompleksin ərazisində su və ərzaq quyuları, kəhriz, qədim evlərin qalıqları diqqət çəkir.

Kompleksin darvazalarından tutmuş ən son nöqtəsinə, eləcə də hasarına qədər hər bir elementdə, eksponatda diqqət çəkən əşyalarda bir qədimlik əks olunur. Müxtəlif mis qablar, dəridən hazırlanmış məişət əşyaları, evlərin döşənməsi, pilləkənlərin forması, eyvanlar, faytonlar, arabalar, küplər, saxsı qablar, keramik əşyalar, su quyuları, bir sözlə, burada nə varsa, hamısı qədim dünyanın bəxşişləridir.

Bu muzeyi yaratmaqda iki məqsəd əsas götürülüb. Tarixi keçmişimizi yaşatmaq və gələcək nəslə olduğu kimi çatdırmaq, eləcə də Azərbaycanın qədim mədəniyyətə malik olduğu haqqında bilgiləri kitab, film vasitəsilə deyil, məhz ibtidai icma quruluşundan üzübəri qədim insanın yaratdığı şəkildə xarici turistlərə təqdim etmək.

Qədim Qala bu gün özünün çox mənalı bir ömrünü yaşayır. Bir tərəfdə qədimlik, milli-mənəvi dəyərlər, digər tərəfdə inkişaf, modern, tərəqqi. Həqiqətən də bu məsələləri elə ustalıqla qovuşdurmaq, ünsiyyət yaratmaq gərəkdir ki, nə milli-mənəvi dəyərlərin sahmanı pozulsun, nə də ifrat müasirlik bu gözəlliyə xələl gətirsin.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.-2012.- 25 noyabr.- S.6.