Fundamental problemləri araşdıran alim
Xalqımızın fəxr etdiyi, adını daim uca tutduğu ziyalılardan biri də XX əsrin görkəmli elm xadimi, aydın təfəkkürə malik akademik Hüseyn Heydər oğlu Həsənovdur. Onun şərəfli ömür yolu elmə xidmətin ən parlaq nümunəsidir. Akademik H.Həsənovun barəsində bir insan, şəxsiyyət, alim kimi düşünəndə hər kəsin qəlbi işıqlanır. Onun həyatda tutduğu yol neçə-neçə nəslə elmin sirlərini öyrətmək, mənəviyyatımızın saflığını, zənginliyini qorumaq yoludur. O, yalnız ictimai fəaliyyəti ilə deyil, təvazökarlığı ilə seçilən, ruhunun rahatlığını elmdə tapan şəxsiyyət və əsl ziyalı idi.
Akademik Hüseyn Həsənov 1932-ci il oktyabrın 19-da İrəvan şəhərində dünyaya göz açıb. O, 1949-cu ildə həmin şəhərdə orta məktəbi bitirərək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olub. 1954-cü ildə universitet təhsilini uğurla başa vuran Hüseyn Həsənov Azərbaycan Elmlər Akademiyasının fiziologiya sektorunda laborant, sonra aspirant, 1957-ci ildə isə kiçik elmi işçi kimi fəaliyyətə başlayıb. 1958-ci ildə yenicə təşkil olunan Fiziologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə irəli çəkilib. Bir ildən sonra EA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru təyin olunub. Eyni zamanda, Beyin və davranış şöbəsinə, Davranış və təlim laboratoriyasına rəhbərlik edib. 1972-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir, dörd il sonra isə həqiqi üzvü seçilib.
H.Həsənov elmi-tədqiqat fəaliyyətinə akademik A.İ.Qarayevin rəhbərliyi altında başlayıb. Tədqiqatlarının böyük hissəsini mərkəzi sinir sisteminin requlyasiya mexanizmlərinin vegetativ funksiyalarının öyrənilməsi və requlyasiya proseslərinin orqanizmin daxili mühiti homeostazının tənzim edilməsində rolu kimi mühüm məsələlərin araşdırılması təşkil edir. Həmin problem üzərində işləyərkən alim interoreseptorların qlikemik reaksiyalara təsiri, baş-beyin qabığı strukturlarının, limbik və retikulyar kompleksinin qlikohomeostazın tənzimində rolu, ontogenezdə qlikohomeostazisin tənzimi, interoreseptiv siqnalların ötürülməsinin neyrofizioloji və neyrokimyəvi mexanizmlərinin, inteqrasiya və eləcə də baş-beyin qabığı və qabıqaltı əlaqələr funksiyalarının lokalizasiyası və s. elmi istiqamətləri yaradıb. Bu çoxcəhətli tədqiqatlar nəticəsində daxili analizator sistemi, qabıq morfofunksional xüsusiyyətlərinin strukturları haqqında tövsiyələr hazırlayıb. Həmçinin hippokamp, amiqdala, hipotalamus kimi limbik strukturların beyin qabığında visseral təsirlərin formalaşmasında, interoreseptiv və qlikemik reaksiyaların requlyasiyasında mühüm rolunu aydınlaşdırıb. Alimin elmi axtarışlarının nəticələri, eləcə də onun rəhbərliyi altında aparılan işlər interoposeptiv mübadilə reflekslərinin sinir requlyasiyasının qanunauyğunluqlarını müəyyən etməyə imkan verib.
Fiziologiya İnstitutuna rəhbərlik etdiyi dövrdə onun fəaliyyətinin səciyyəvi cəhətini kollektivin əsas səyinin fiziologiya elminin daha aktual və müasir istiqamətlərinin işlənib hazırlanmasına, fundamental problem olan analizator funksiyaların təkamülü, inteqrasiya, mürəkkəb davranış formalarının fizioloji və biokimyəvi əlaqələrinin izah edilməsinə yönəldilməsi təşkil edib və bu işi uğurla həyata keçirib.
Çoxşaxəli elmi fəaliyyəti nəticəsində H.Həsənov nəinki fiziologiya, eləcə də səhiyyə və fizika sahəsində çalışan alimlərlə elmi əməkdaşlıq edib. Bu da ali sinir fəaliyyətinin patologiyası və psixi sinir pozğunluqlarının müalicəsi üzrə kompleks tədqiqatlar aparılmasına imkan yaradıb.
H.Həsənovun adı fiziologiyanın mühüm problemlərinin böyük tədqiqatçısı kimi təkcə Azərbaycanda deyil, respublikanın hüdudlarından kənarda da məşhur olub. Onun işlərinin nəticələri yerli və xarici mətbuatda geniş nəşr edilib. Alim elmi nailiyyətlərinin ümumi nəticələri ilə müvafiq elm sahələri üzrə ümumdünya konqres, qurultay və simpoziumlarda iştirak edib. Elmi nəticələri bilavasitə onun çıxışı ilə Ümumdünya fizioloqlar konqreslərində (Münhen, Dehli), ali sinir fəaliyyətinə həsr olunmuş Ümumdünya Konqresində (Praqa), eksperimental nervoz (Berlin) və Beyinin inteqrativ fəaliyyəti (Veymar) simpoziumlarında, XVII Beynəlxalq Fizioloji Elmlər Konqresində (Budapeşt), "İnterbeyin" xətti ilə III Beynəlxalq simpoziumda, UNESCO-nun beyinin tədqiqi üzrə I Ümumdünya Konqresində (İsveçrə, Lozanna) və s. təqdim olunub. Onun rəhbərliyi altında aparılan işlər nəticəsində qida emosiya və motivasiyasında iştirak edən limbik sisteminin sinir və neyrokimyəvi mexanizmləri haqqında tamamilə yeni və maraqlı elmi mülahizələr yürüdülüb. Bu mülahizələr orqanizmin uyğunlaşma fəaliyyətinin tənzim olunması üzrə inteqrativ-ierarxiya nəzəriyyəsinin əsasının təşkili kimi "Emosiya və visseral funksiya" Beynəlxalq simpoziumunda dünya fizioloqlarının geniş marağına səbəb olub.
Yorulmaz və tükənməz enerjiyə malik olan H.Həsənov elmi işi ictimai təşkilati və rəhbərlik fəaliyyəti ilə müvəffəqiyyətlə uzlaşdıran elm xadimi kimi də tanınıb. O, Azərbaycan Fizioloqlar Cəmiyyətinin sədri, AMEA Biologiya elmləri bölməsinin akademik-katibinin müavini, Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətində elmi kadrların hazırlanması üzrə komissiyanın sədri, EA-nın Redaksiya-Nəşriyyat Şurasının sədr müavini, A.İ.Qarayev adına Fizioloqlar Cəmiyyəti Assosiasiyasının, K.M.Bıkov adına mükafatın ekspert komissiyasının, "Ali sinir fəaliyyəti" jurnalının, "Azərbaycan Ensiklopediyası"nın, kortiko-visseral fiziologiya problemlərinə həsr olunmuş "Fiziologiya İnstitutunun işləri" IV Ümumittifaq Konfransının materiallarının, "Emosiya və visseral funksiyalar", "Axtarış aktivliyi", "Motivasiya və yuxu" məcmuələrinin, "Fizioloji terminlər" lüğətinin redaksiya heyətlərinin üzvü kimi fəaliyyət göstərib.
H.Həsənov laboratoriya müdiri və institut direktoru kimi yüksək erudisiyalı alim və elmi işin istedadlı təşkilatçısı kimi daim kollektivin perspektiv tədqiqatlarının inkişafını təmin etməyə çalışıb, keçmiş ittifaq respublikaları, eləcə də Macarıstan, Polşa, Çexoslovakiya, Yaponiya, ABŞ, İngiltərə və digər ölkələrin elmi-tədqiqat idarələri ilə elmi əlaqələri genişləndirib.
Görkəmli alim 5 monoqrafiya, 300-dən artıq elmi məqalə və tezis, "Mərkəzi sinir sisteminin fiziologiyası" dərsliyi və 2 kitabçanın müəllifidir. Onun rəhbərliyi altında 5 doktorluq və 40-dan çox namizədlik dissertasiyası müdafiə edilib.
Akademik H.Həsənovun elmi nailiyyətləri elm və texnika sahəsində respublikanın Dövlət mükafatı laureatı (1972) fəxri adı, 1982-ci ildə isə "Şərəf nişanı" ordeni ilə qiymətləndirilib. Elm sahəsindəki uğurlarına görə H.Həsənov 1989-cu ildə Nyu-York Akademiyasının üzvü seçilib və 1978-ci ildən başlayaraq UNESCO-da "Beyinin öyrənilməsi" üzrə beynəlxalq təşkilatda ölkəmizi təmsil edib.
Akademik Hüseyn Heydər oğlu Həsənov elmi və elmi təşkilatçılıq fəaliyyətinin ən məhsuldar dövründə - 1995-ci ildə dünyasını dəyişib. Alimin parlaq xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaq.
Əhliman ƏMİRASLANOV,
akademik, AMEA-nın Biologiya
və Tibb
elmləri bölməsinin
akademik-katibi
Telman AĞAYEV,
AMEA-nın müxbir üzvü,
A.İ.Qarayev adına Fiziologiya
İnstitutunun direktoru
Azərbaycan.-2012.- 25 noyabr.- S.7.