Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin başçılıq
etdiyi nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil
Çiçəyin başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Türkiyə
Böyük Millət Məclisinin sədri Cəmil
Çiçək ölkəmizə hər gəlişi
zamanı paytaxtımızda çox böyük inkişaf
proseslərinin şahidi olduğunu məmnunluqla qeyd etdi.
"Azərbaycan bölgənin, Qafqazın parlayan ulduzudur, inşallah
bu ulduz həmişə parlamaqda davam edəcək",- deyən
Cəmil Çiçək ölkəmizin gələcək
illərdə də sürətlə inkişaf edəcəyinə
ümidvar olduğunu bildirdi. O, Azərbaycan ilə Türkiyə
arasında dostluq və qardaşlıq əlaqələrinin
regionda sülhün və sabitliyin möhkəmləndirilməsində,
qarşılıqlı əməkdaşlığın daha
da genişləndirilməsində mühüm əhəmiyyət
daşıdığını vurğuladı. Cəmil
Çiçək ölkələrimiz arasında əməkdaşlığın
bütün istiqamətlərdə, o cümlədən
parlamentlərarası əlaqələr sahəsində də
uğurla inkişaf etdiyini vurğuladı.
Dünyada
gedən proseslərdə Türkiyənin fəal rolunu
yüksək qiymətləndirən Prezident İlham Əliyev
Azərbaycan-Türkiyə birliyinin regional əməkdaşlığın
genişləndirilməsi baxımından əhəmiyyətini
vurğuladı. Prezident
İlham Əliyev ölkələrimiz arasında siyasi,
iqtisadi, enerji, nəqliyyat, ticarət və digər sahələrdə
davam edən uğurlu əməkdaşlıq əlaqələrinin
bütün regionun inkişafı üçün
böyük əhəmiyyət
daşıdığını dedi və bu əməkdaşlığın
daha da möhkəmləndirilməsində Türkiyə-Azərbaycan
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının önəmini qeyd etdi. Parlamentlərarası
əməkdaşlığın da yüksək səviyyədə
olduğunu vurğulayan dövlət başçısı
ölkələrimizin bütün beynəlxalq təşkilatlarda
bir-birini daim dəstəklədiyini məmnunluqla qeyd etdi.
Prezident İlham Əliyev Türkiyə Böyük Millət
Məclisinin sədri Cəmil Çiçəyin ölkəmizə
səfərinin ikitərəfli münasibətlərimizin daha
da genişləndirilməsi işinə xidmət edəcəyinə
əminliyini bildirdi.
Görüşdə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizama salınması ilə
bağlı danışıqlar prosesinin gedişi və bir
sıra digər məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2012.- 27 noyabr.- S.1.