Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı ölkələri qeyri-hökumət təşkilatlarının
birinci forumunun iştirakçılarına
Hörmətli forum iştirakçıları!
Sizi ürəkdən salamlayır, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri qeyri-hökumət təşkilatlarının birinci forumunun işə başlaması münasibətilə təbrik edirəm.
Bu il Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılmasının 20 ili tamam oldu. Ötən dövr ərzində bu təşkilat üzv ölkələr arasında siyasi və iqtisadi münasibətlərin dərinləşməsi, Xəzər dənizindən Aralıq dənizinə qədər olan böyük bir məkanda regional əməkdaşlığın genişlənməsi işinə öz layiqli töhfəsini vermişdir.
QİƏT-ə daxil olan dövlətlər arasında əlaqələrin inkişafına ictimai dəstək vermək məqsədi ilə üzv ölkələrin qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsi təşəbbüsü müsbət haldır. Qloballaşma meyillərinin və demokratik dəyişikliklərin geniş vüsət aldığı müasir dövrdə vətəndaş cəmiyyəti institutlarının lokal, regional və beynəlxalq miqyasda cərəyan edən proseslərə təsir imkanları xeyli artmışdır. Onlar sülhün və təhlükəsizliyin qorunmasında, xalqlar arasında əlaqələrin güclənməsində, habelə irimiqyaslı layihələrin həyata keçirilməsində özünəməxsus rol oynayırlar. QİƏT ölkələrinin qeyri-hökumət təşkilatları da bölgədə birgə reallaşdırdığımız transmilli enerji, nəqliyyat-kommunikasiya və digər sahələri əhatə edən böyük layihələrə, üzv ölkələrin bir-biri ilə ictimai-siyasi və iqtisadi əlaqələrinin genişlənməsinə öz dəyərli töhfələrini verə bilərlər.
Ümidvaram ki, forumda iştirak edən qeyri-hökumət təşkilatlarının təmsilçiləri regionumuzda qazanılmış müsbət təcrübəyə arxalanaraq gələcək fəaliyyətin başlıca istiqamətlərinin müəyyənləşdirilməsi, forma və metodlarının tapılması üçün səmərəli müzakirələr aparacaq və müvafiq qərarlar qəbul edəcəklər. Forumun işinə uğurlar, hər bir iştirakçıya möhkəm cansağlığı və səadət arzulayıram.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
26 noyabr 2012-ci il
Azərbaycan.-2012.- 27 noyabr.- S.1.