Azərbaycan və Serbiya arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi zəruridir

 

Noyabrın 26-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Serbiya Respublikası Baş nazirinin müavini, xarici və daxili ticarət və telekommunikasiya naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan və Serbiya arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyi bildirilmişdir. İqtisadiyyatın müxtəlif istiqamətləri üzrə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyi önə çəkilərək qeyd olunmuşdur ki, Bakıda keçirilən Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası da məhz bu məqsədlə toplanır. Həmin iclasda ölkələrimiz arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, komissiyanın ötən iclasından sonrakı dövrdə görülmüş işlər və əlaqələrimizin perspektivi ətraflı müzakirə ediləcəkdir. Həmçinin hökumətlərarası komissiyanın iclası çərçivəsində nəzərdə tutulan Azərbaycan-Serbiya biznes forumunda iştirak edən qida sənayesi, kənd təsərrüfatı, ticarət, maşınqayırma, tikinti, nəqliyyat, turizm və digər sahələrin iş adamları ikitərəfli görüşlər keçirərək biznes və investisiya imkanlarını öyrənəcək, əməkdaşlığa dair danışıqlar aparacaqlar.

Sonda səmimi qəbula görə Azərbaycanın Baş nazirinə təşəkkürünü bildirən qonaqlar Serbiyanın respublikamızla hərtərəfli əlaqələrə xüsusi maraq göstərdiyini bir daha vurğulamışlar.

Görüşdə aktual beynəlxalq və regional problemlər, o cümlədən Qarabağ münaqişəsi barədə geniş fikir mübadiləsi aparılmaqla tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında da müzakirələr olmuşdur.

 

 

Azərbaycan.-2012.- 27 noyabr.- S.2.