Cəmil ÇİÇƏK: «Bu gün Azərbaycan bölgənin parlayan ulduzudur»

 

Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QİƏT PM) Baş Assambleyasının 40-cı plenar sessiyasında iştirak etmək üçün dünən Azərbaycana səfərə gələn Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək və onun rəhbərlik etdiyi nümayədə heyəti ilə Milli Məclisin Sədri Oqtay Əsədov arasında görüş keçirildi.

Oqtay Əsədov bildirdi ki, Azərbaycan və Türkiyə arasında dost və qardaşlıq münasibəti var. Ümummilli lider Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" kəlamını xatırladan Milli Məclisin Sədri diqqətə çatdırdı ki, bu gün iki ölkə arasında münasibətlər bütün sahələrdə uğurla inkişaf edir: "Türkiyənin inkişafı bizi çox sevindirir və bu inkişaf həm də bizim inkişafdır. Türkiyənin gücü bizim gücümüzdür. İki qardaş ölkənin arasında heç bir problem yoxdur və olmayacaq da. Məqsədimiz əlaqələrimizi daha da genişləndirmək, möhkəmləndirməkdir". Oqtay Əsədov onu da bildirdi ki, iki dost ölkə arasında bu günə kimi 175-ə qədər sənəd imzalanıb və elə bir sahə yoxdur ki, əməkdaşlıq mövcud olmasın. Sonra Oqtay Əsədov Cəmil Çiçəyin ATƏT PA-nın iclasında söylədiyi "Ermənistan erməni diasporunun girovudur" ifadəsini xatırladaraq vurğuladı ki, Ermənistan öz yalanları ilə dünya birliyini aldatmağa çalışır: "Ancaq Azərbaycan-Türkiyə birliyi bu uydurmaların qarşısını alır.  Bundan sonra da hər iki dövlət birgə fəaliyyət göstərəcək. Bizim dayağımız nə qədər güclü olarsa, gücümüz sarsılmaz. Əminəm ki, bütün istiqamətlər üzrə əlaqələrimiz daha da genişlənəcək".

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək isə bildirdi ki, Qafqaz bölgəsində sülhün və əmin-amanlığın bərqərar olunmasında Türkiyə ilə Azərbaycan əlaqələrinin dərinləşməsinin böyük rolu var. "Bizim qardaşlığımız həmişə davam edəcək. Hər gəlişimdə Azərbayanın belə sürətlə inkişafını gördükdə çox sevinirəm. Bu gün Azərbaycan bölgənin parlayan ulduzudur və parlamaqda davam edir. Qardaşlar arasında heç bir söz-söhbət ola bilməz" - deyən Cəmil Çiçək vurğuladı ki, Türkiyənin xarici siyasətində əsas yerlərdən birini Qafqaz bölgəsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi tutur. Türkiyə bütün platformalarda Azərbaycan torpaqlarının iyirmi faizinin Ermənistan tərəfindən işğal olunması faktını və bu haqsızlığı dilə gətirir. Türkiyə, eyni zamanda, azərbaycanlı qardaşlarının öz doğma torpaqlarına qayıtması üçün səylər göstərir. Onun sözlərinə görə, Qafqazda sülhün bərqərar olunması üçün bu işğala son qoyulmalıdır. Azərbaycan torpaqları işğal olunan gündən bəri Türkiyənin mövqeyi belədir və dəyişməz olaraq qalır.

Görüşdə eyni zamanda Azərbaycan və Türkiyə arasında imzalanan sənədlər, həyata keçirilmiş və gələcəkdə planlaşdırılan mühüm layihələrin vacibliyi barədə fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan.-2012.- 27 noyabr.- S.2.