Dağlıq Qarabağ
münaqişəsi həll olunmayanadək Pakistan Ermənistanla heç bir əlaqə
qurmayacaq
Noyabrın
26-da Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycana səfərə
gəlmiş Pakistan İslam Respublikası Parlamentinin Kəşmir
məsələləri üzrə xüsusi komitəsinin rəhbəri,
İslam Camiyət Ulema-e-İslam Partiyasının sədri
Maulana Fazl-ur-Rahmanın başçılıq etdiyi nümayəndə
heyətini qəbul etdi.
Oqtay
Əsədov bildirdi ki, Azərbaycan ilə Pakistan
arasındakı dostluq münasibətlərinin qədim tarixi
kökləri var və bu cür qarşılıqlı səfərlər
əlaqələrin hərtərəfli inkişafına təkan
verəcək. Qeyd edildi ki, Pakistan-Azərbaycan münasibətləri
artıq ümumi tərəfdaşlıq səviyyəsinə
yüksəlib və bu işdə hər iki ölkənin
dövlət başçılarının xüsusi rolu var:
"Dövlətlərimizin başçılarının
qarşılıqlı səfərləri zamanı
imzalanmış sənədlər, aparılmış
danışıqlar əməkdaşlığımızın
inkişafı üçün möhkəm hüquqi baza
yaradıb. Hökumətlərarası komissiya, eləcə də
parlamentlərimiz yaranmış imkandan istifadə edərək
əlaqələri daha da möhkəmləndirməlidirlər.
Çox yaxşı haldır ki, bu gün hər iki ölkənin
parlamentində dostluq qrupları vardır və bu qruplar
çox məhsuldar işləyirlər. Deputatlarımız
beynəlxalq təşkilatlarda da səmərəli əməkdaşlıq
edir və bir çox məsələlərdə eyni
mövqedən çıxış edirlər. Biz BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilmək məsələsində
bunun şahidi olmuşuq. Pakistan yeganə dövlətdir ki,
işğalçı Ermənistan ilə heç bir əlaqə
qurmayıb. Eyni zamanda, Xocalı faciəsini
soyqırımı aktı kimi tanıyan ilk dövlətdir.
Biz bunu çox yüksək qiymətləndiririk və
ümid edirik ki, bu mövqe dəyişməyəcəkdir".
Oqtay
Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı nümayiş etdirdiyi
mövqeyə görə Pakistan nümayəndə heyətinə
minnətdarlıq etdi.
Maulana
Fazl-ur-Rahman isə dedi ki, Pakistan qardaş və dost Azərbaycan
ilə əlaqələrin hərtərəfli
inkişafında maraqlıdır: "Pakistan xalqı azərbaycanlıların
problemlərini yaxşı başa düşür və ona
görə də qarşılaşdığı problem həll
olunmayana qədər işğalçı Ermənistanla
heç bir əlaqə qurmayacaqdır".
Qonaq
onu da bildirdi ki, Pakistan Parlamentinin hər iki palatası
Xocalı faciəsini Ermənistanın azərbaycanlılara
qarşı törətdiyi soyqırımı aktı kimi
tanıyıb.
Sonra
görüşdə Azərbaycan ilə Pakistan arasında
iqtisadiyyat, ticarət, hərbi və informasiya kommunikasiyası
sahəsində əməkdaşlığın genişləndirilməsinə,
parlamentlərarası əlaqələrin daha da inkişaf
etdirilməsinə dair fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2012.- 27 noyabr.- S.2.