Viktor Tvirkun: QİƏT PM-in Baş Assambleyasının plenar sessiyası Bakıda çox yüksək səviyyədə təşkil olunmuşdur

 

Noyabrın 26-da Milli Məclisin Sədri Oqtay Əsədov Bakıda səfərdə olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) baş katibi Viktor Tvirkun ilə görüşmüşdür.

Oqtay Əsədov QİƏT-in əhəmiyyətindən, üzv ölkələr arasında əlaqələrin inkişafındakı rolundan danışmış və bildirmişdir ki, bu təşkilat xalqları    dövlətləri yaxınlaşdırır, onların əməkdaşlıq imkanlarını daha da  genişləndirir. Qurumun  qəbul etdiyi qərarlar  üzv ölkələrin beynəlxalq  məsələlərdəki  mövqeyini də gücləndirməyə xidmət edir.  Ona görə də Azərbaycan təşkilata üzv olan dövlətlərin inteqrasiyasına çalışır və bu mötəbər qurumun tədbirlərinə ev sahibliyi edir.

Viktor Tvirkun  demişdir ki,  QİƏT PM-in  Baş  Assambleyasının  40-cı plenar sessiyası  Bakıda  çox  yüksək səviyyədə təşkil olunmuşdur. Biz təşkilatın fəaliyyətini gücləndirməklə quruma üzv dövlətlərin bir-biriləri ilə sıx əməkdaşlıq qurmasını  istəyirik və bundan sonrakı  fəaliyyətimizi də bu istiqamətdə davam  etdirəcəyik.  

Sonra görüşdə QİƏT çərçivəsində əməkdaşlığın perspektivləri, üzv dövlətlər arasında əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.-2012.- 27 noyabr.- S.2.