Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana rəsmi səfərə gəlmişdir

 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək noyabrın 26-da Azərbaycana rəsmi səfərə gəlmişdir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Cəmil Çiçəyi və xanımı Gültən Çiçəyi Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılamışlar.

Cəmil Çiçək aeroportda jurnalistlərə müsahibəsində demişdir ki, səfərin məqsədi Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QİƏT PM) Baş Assambleyasının 40-cı plenar sessiyasında iştirak etməkdir.

Ümummilli lider Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" kəlamını xatırladan Cəmil Çiçək diqqətə çatdırmışdır ki, Azərbaycan ilə Türkiyə dost və qardaş ölkələrdir. Bu gün iki ölkə arasında münasibətlər bütün sahələrdə uğurla inkişaf edir. Məqsədimiz bu əlaqələri daha da genişləndirmək, möhkəmləndirməkdir. Qafqaz bölgəsində sülhün və əmin-amanlığın bərqərar olunmasında Türkiyə ilə Azərbaycan əlaqələrinin dərinləşməsinin böyük rolu vardır.

TBMM-in sədri bildirmişdir ki, Türkiyənin xarici siyasətində əsas yerlərdən birini Qafqaz bölgəsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi tutur. Türkiyə bütün platformalarda Azərbaycan torpaqlarının iyirmi faizinin Ermənistan tərəfindən işğal olunması faktını və bu haqsızlığı dilə gətirir. Türkiyə, eyni zamanda, azərbaycanlı qardaşlarının öz doğma torpaqlarına qayıtması üçün səylər göstərir. Qafqazda sülhün bərqərar olunması üçün bu işğala son qoyulmalıdır. Azərbaycan torpaqları işğal olunan gündən bəri Türkiyənin mövqeyi belədir və dəyişməz olaraq qalır.

Səfər çərçivəsində Azərbaycanın və Türkiyənin qanunverici orqanları, eləcə də qardaş ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına dair məsləhətləşmələr aparılacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 27 noyabr.- S.3.