QİƏT PM-in Mədəniyyət,
təhsil və sosial məsələlər
komitəsinin 39-cu iclası
Noyabrın 26-da Bakıda, Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) Parlament Məclisinin Baş Assambleyasının 40-cı plenar sessiyası çərçivəsində Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 39-cu iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, QİƏT PM-nin sədr müavini Azərbaycanın bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev iclası açaraq iştirakçıları Azərbaycan dövlətinin başçısı və Milli Məclisin rəhbərliyi adından salamlamış, bu cür görüşlərin üzv ölkələr arasında əlaqələrin inkişafında əhəmiyyətindən danışmışdır.
Sonra QİƏT PM-nin Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Jalə Əliyeva çıxış edərək demişdir ki, iclasda QİƏT-ə üzv olan dövlətlərin sosial təminat sistemində islahatların həyata keçirilməsi ilə bağlı məruzə dinləniləcək, müzakirələr aparılacaq, Baş Assambleyaya məruzəçi təyin olunacaqdır. Eyni zamanda, təşkilati məsələyə baxılacaqdır. Jalə Əliyeva məruzə ilə bağlı qısa məlumat vermiş, Azərbaycanda həyata keçirilən pensiya islahatları, əhalinin sosial təminatının gücləndirilməsi, işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması istiqamətində görülən işlərdən bəhs etmişdir.
Sonra Ukraynanın QİƏT PM-də sədr müavini, Lilia Qriqoryeviç "QİƏT-ə üzv olan dövlətlərin sosial təminat sistemində islahatlar" mövzusunda məruzə ilə çıxış etmiş, müzakirələr aparılmışdır.
Məruzə və müzakirələrdə qeyd olunmuşdur ki, dünyada baş verən qlobal maliyyə böhranı bir sıra ölkələrdə işsizlik problemi yaratmış, yoxsulluğun səviyyəsi artmışdır. Lakin QİƏT-ə üzv ölkələrin bəzilərində, o cümlədən Azərbaycanda sosial təminat sahəsində həyata keçirilən islahatlar nəticəsində əhalinin aztəminatlı təbəqəsinin rifah halı yaxşılaşmış, yoxsulluğun səviyyəsi xeyli aşağı düşmüşdür.
Azərbaycanda əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin təminatı sahəsində ciddi islahatlar həyata keçirilmiş, bunun nəticəsində yoxsulluğun səviyyəsi aşağı enmiş, məcburi köçkünlərin müavinətinin həcmi, dövlət sektorunda çalışanların maaşları yüksəlmiş, 2010-cu ildən isə pensiyaların baza hissəsi artırılmışdır. Bu sahədə islahatlar uğurla davam edir.
Daha sonra iclasda təşkilati məsələyə baxılmış, Moldova nümayəndə heyətinin başçısı Naye Simion Plaşka bu komitənin sədrinin müavini seçilmişdir. Lilia Qriqorieviç Baş Assambleyada və komitənin gələn ilin martında Moldovada keçiriləcək iclasında məruzəçi təyin olunmuşdur. Jalə Əliyeva isə bu iclaslarda komitənin tövsiyələrini təqdim edəcəkdir.
İclasda,
həmçinin 2012-ci ilin ikinci yarısındakı fəaliyyəti
ilə bağlı hesabat dinlənilmiş, QİƏT PM-nin
yaranmasının 20-ci ildönümü ilə bağlı Bəyannamənin
layihəsi təsdiqlənmişdir.
Komitənin
iclasında 12 üzv ölkədən 9-nun nümayəndə
heyəti iştirak etmişdir.
Azərbaycan.-2012.- 27 noyabr.- S.3.