Serbiya Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır

 

Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov noyabrın 26-da YAP-ın mənzil-qərargahında Serbiya Sosial Demokratik Partiyasının sədri, bu ölkənin Baş nazirinin müavini, xarici və daxili ticarət və telekommunikasiyalar naziri Rasim Lyayiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Əli Əhmədov qeyd etmişdir ki, Azərbaycan ilə Serbiya arasında əlaqələr təkcə hökumətlər arasında deyil, hakim partiyalar arasında da inkişaf edir: "Bir neçə ay əvvəl partiyalarımız arasında əməkdaşlığa dair sənəd imzalanmışdır. Bu sənəd əməkdaşlığımızın daha da genişlənməsi üçün zəmin yaratmışdır. Partiyalarımız arasında münasibətlərin möhkəmlənməsi hər iki tərəfin maraq dairəsindədir. Çünki bu əlaqələr dövlətlər və hökumətlərarası münasibətlərin inkişafına da müsbət təsir göstərir".

Ə.Əhmədov onu da bildirmişdir ki, Serbiya ilə Azərbaycan arasında iqtisadi, siyasi, humanitar və digər sahələrdə münasibətlərin inkişafı çox vacibdir və bunun üçün geniş imkanlar vardır. Azərbaycan ilə Serbiya beynəlxalq müstəvidə yaxından əməkdaşlıq edirlər, bizim bir sıra məsələlərdə, xüsusilə də ərazi bütövlüyü məsələsində mövqelərimiz üst-üstə düşür.

Rasim Lyayiç hər iki partiya arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə etmişdir. O demişdir: "Azərbaycana səfərimiz çərçivəsində Prezident İlham Əliyev və digər rəsmi şəxslərlə məhsuldar görüşlər keçirmişik. Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Biz bu əlaqələrin digər sahələrdə də inkişaf etməsində maraqlıyıq. Son 3 ildə dövlətlərimiz arasında 20-dən çox sənəd imzalanmışdır. Ən mühüm sənəd isə gələn ilin fevralında imzalanacaq strateji tərəfdaşlıq haqqında saziş olacaqdır. Bu saziş əlaqələrimizin digər sahələrdə də inkişafına təkan verəcəkdir".

R.Lyayiç Azərbaycan tərəfinə Serbiyanın ərazi bütövlüyünü dəstəklədiyinə, Kosovonun müstəqilliyini tanımadığına görə minnətdarlıq etmişdir. Serbiya Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə dəstək vermişdir. Biz, həmçinin belə dəstəyi bir sıra beynəlxalq məsələlərdə Azərbaycandan görmüşük. Qonaq bildirmişdir ki, Serbiya da Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdardır.

İqtisadi əməkdaşlığa da böyük önəm verildiyini deyən R.Lyayiç bildirmişdir ki, Serbiyanın 25 şirkətinin nümayəndəsi Bakıdadır. Azərbaycanın 70-dən çox şirkəti Serbiya ilə iqtisadi-ticarət əlaqələrinin inkişafında maraq göstərir. İnanırıq ki, bu amil iqtisadi sahədə əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcəkdir.

Görüşdə YAP icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı iştirak etmişlər.

 

 

Azərbaycan.-2012.- 27 noyabr.- S.4.