Polşa-Azərbaycan biznes forumu
keçirilmişdir
Noyabrın 26-da Varşavada Azərbaycan Respublikası və Polşa Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası çərçivəsində Polşa-Azərbaycan biznes forumu keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Polşanın İnformasiya və Xarici İnvestisiyalar Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı və qida sənayesi, tikinti, enerji, turizm və s. sahələrdə fəaliyyət göstərən şirkətin nümayəndələri iştirak etmişlər.
Sənaye və energetika naziri Natiq Əliyev və iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov iki ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları barədə məlumat vermiş, əlaqələrin inkişafında biznes forum və işgüzar görüşlərin əhəmiyyətini qeyd etmişlər.
Tədbirdə Azərbaycanda müasir sənaye komplekslərinin və texnoparkların, o cümlədən Sumqayıt kimya sənaye və Balaxanı sənaye parklarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilmiş, polşalı iş adamları bu sahədə əməkdaşlığa dəvət edilmişlər.
Polşanın iqtisadiyyat nazirinin müavini Anjey Dıxan Polşa iqtisadiyyatı və iki ölkə arasındakı iqtisadi əməkdaşlıq barədə danışmışdır.
AZPROMO-nun nümayəndəsi Azər Hüseynov Azərbaycanın biznes və investisiya imkanlarına, Polşanın Sənaye və Texnologiya Parkları üçün Milli Forumun sədri Roman Caskalik ölkəsində sənaye və texnologiya parklarının fəaliyyətinə dair təqdimatlarla çıxış etmişlər.
Biznes forum çərçivəsində Azərbaycanın "Caspian Service" şirkəti ilə Polşanın "Ulma Construction" şirkəti arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanmışdır.
Tədbir iş adamları arasında ikitərəfli
görüşlərlə davam etmişdir. Görüşlərdə
iş adamları arasında iqtisadi əlaqələr və əməkdaşlıq
perspektivləri müzakirə edilmişdir.
Azərbaycan.-2012.- 27 noyabr.- S.4.