Azərbaycanın Pakistanla münasibətləri
yüksələn xətt üzrə inkişaf edir
Pakistan İslam Respublikası Parlamentinin Kəşmir məsələləri üzrə xüsusi komitəsinin rəhbəri, İslam Camiyət Ulema-e-İslam Partiyasının sədri Maulana Fazl-ur-Rahmanın başçılığı ilə Azərbaycanda səfərdə olan nümayəndə heyəti dünən Milli Məclisdə oldu.
Milli Məclisin Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əliağa Hüseynov qonaqlara Azərbaycan parlamentinin fəaliyyəti, strukturu və beynəlxalq əlaqələri barədə məlumat verdi.
Qeyd olundu ki, Azərbaycan ilə Pakistan arasında mövcud olan dostluq-qardaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin dövlət başçılarının həyata keçirdiyi siyasət nəticəsində xalqlarımız arasındakı dostluq münasibətləri daha da möhkəmlənib. Parlamentlərarası əlaqələr də inkişaf edir, hər iki ölkənin deputatları bütün beynəlxalq təşkilatlarda ümumi maraq doğuran məsələlərdə vahid mövqedən çıxış edirlər. Pakistan Parlamentinin hər iki palatasında Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu qrupların səmərəli fəaliyyətinin nəticəsidir ki, qarşılıqlı səfərlər intensiv xarakter alıb.
Bakıya Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasında iştirak etmək üçün gəldiklərini vurğulayan Maulana Fazl-ur-Rahman qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirdi.
Qeyd olundu ki, Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və yeganə dövlətdir ki, Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində öz ədalətli həllini tapmayana qədər rəsmi İslamabad Ermənistanla münasibətlərə aydınlıq gətirməyəcək.
Görüşdə
qeyd edildi ki, hər iki ölkə keçən il Birləşmiş
Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilib. Bu
isə BMT kimi nüfuzlu və mötəbər bir beynəlxalq
təşkilatda dövlətlərimizin
qarşılıqlı faydalı əməkdaşlığı
nəticəsində mümkün olub.
Azərbaycan.-2012.- 27 noyabr.- S.4.