«Əl-Ittihad» qəzeti: «Tarixin
zənginliyi ilə təbiətin əzəmətinin görüşdüyü Azərbaycan sahillərində»
Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmiliklərindəki
"Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov Dubayın turizm və ticarət marketinqi
nazirinin müavinləri Nəbil Abdullah Əhməd və Bədr Abdullah Məhəmmədlə görüşmüşdür.
Nazir
müavinləri Azərbaycanın turizm imkanlarının
Dubayda yüksək səviyyədə təbliği və
reklamını təşkil edəcəklərini
bildirmişlər. Həmin şəxslərin dəstəyi
ilə Samir İmanov "Emirates Media" qrupunun məsul vəzifəli
rəsmisi Hüseyn Hamad Əli və eyni zamanda, ərəb
dünyasında çox populyar olan aylıq "Dubay Mədəniyyət
jurnalı"nın baş redaktoru, tanınmış
dramaturq və publisist Nəvaf Yunis və redaksiya heyətinin
üzvü, jurnalist Məhəmməd Qabrislə
görüşmüşdür.
Görüşdə
Samir İmanov Azərbaycanın mədəni irsi, musiqisi,
turizm imkanları və qədim tarixi haqqında ətraflı
məlumat vermiş və hazırda ölkəmizin mədəniyyətini
dünyada layiqincə təbliğ edən Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın böyük əməyini
qeyd etmişdir. Bu mövzularda onlara kitablar, jurnallar, Azərbaycan
xalçaları və qədim zinət əşyalarından
ibarət kataloqlar, Azərbaycanın xəritəsi,
Naxçıvan və Şəkinin qədim tarixini əks
etdirən bukletlər, suvenir xalça və küveytli
yazıçı Adil Əl-Fəllahın ərəb dilində
hazırladığı "Heydər Əliyev və milli-mənəvi
dəyərlər" kitabını, Heydər Əliyev Fondu
tərəfindən nəşr etdirilən "Qarabağ həqiqətləri"
toplusunu hədiyyə etmişdir. Qarşı tərəf
bildirmişdir ki, bu mövzular ilə bağlı yaxın
vaxtlarda yerli qəzet və jurnallarda müxtəlif məzmunlu
məlumatlar dərc ediləcəkdir. Artıq noyabr ayında
"Emirates Media" qrupuna daxil olan və 1969-cu ildən nəşr
edilən "Əl-Ittihad" qəzetində "Tarixin zənginliyi
ilə təbiətin əzəmətinin
görüşdüyü Azərbaycan sahillərində"
sərlövhəli məqalə dərc olunmuşdur.
AzərTAc məqalənin
tərcüməsini təqdim edir. Məqalədə
deyilir:
"Həqiqətən Azərbaycan gözəl
sahillərə və çimərliklərə malikdir və isti yay günlərində orada
dincələnləri gözəl əyləncə və mənalı
istirahət gözləyir. Azərbaycan sahillərinin qumu ya tünd
boz rəngdə, ya
açıq qəhvəyi rəngdə olur.
Eyni zamanda, bu qumlu sahillərdə
çınqıllı sahələrə də rast gəlmək mümkündür.
Azərbaycanda yayda istirahətin ən məşhur yerlərindən biri Xəzərin şimal sahilləridir. Xüsusilə, istirahət zonası olan Nabran və onun əhatəsindəki digər rayonları qeyd etmək olar. Məzuniyyətdə olanlar üçün bu zonada lüks və böyük otellərdən başlamış, tənhalığa qovuşmaq üçün kiçik, yalnız rahat kənd evlərində qalmaq üçün böyük seçim mövcuddur.
Azərbaycanın paytaxtında və digər şəhərlərində istilər ən yüksək həddə çatdıqda insanlar dağlara üz tuturlar. Bu dağlarda çoxlu şəlalələr, çaylar, göllər, mineral bulaqlar, dağ silsilələri və nadir sayılan Naftalan nefti ilə müalicə yerləri vardır. Bu dağlardakı mənzərələr istər yerli sakinləri, istərsə də xarici turistləri heyran qoyur. Xüsusən turistlər bu unudulmaz mənzərələrdən zövq alırlar. Yayda dağlar Azərbaycana səfər etmək üçün ən cəlbedici yerlərdən biridir. Bitki örtüyü ilə zəngin və yaşıl ormanlar istirahət üçün gözəl fürsətdir. Mineral bulaqlar böyük sərvət hesab edilir və ölkədə mineral vannalar turizmin inkişafı üçün çox vacib rol oynayır. Dağlarda istirahət üçün ən cəlbedici yerlərdən biri də Quba şəhəri yaxınlığında yerləşən Uzun Meşədir. Qeyd etmək lazımdır ki, Uzun Meşə istirahət zonasından bir qədər kiçik olan Lahıc və Şahdağ kimi kurort zonaları da mövcuddur.
Azərbaycanın cənubunda yerləşən Talış dağlarında da cəlbedici meşələr vardır. Xüsusilə Milli Parkda müxtəlif əyləncəli oyunlar mövcuddur.
Azərbaycanda çay,
limon və sitrus meyvələrlə
zəngin olan
yerlərdən biri də Lənkəran şəhəridir.
Qədim
zamanlardan Azərbaycan öz cazibədarlığı ilə
müxtəlif imperiyaların diqqətini cəlb etmişdir.
Hazırda müstəqil Azərbaycanda neft sərvətindən
əldə olunan gəlirlər hesabına iqtisadiyyatın digər
sahələri sürətlə inkişaf edir. Bu inkişaf
ölkənin paytaxtı Bakı şəhərində daha
aydın hiss olunur. Paytaxt şəhərində müasir
göydələnlərlə qədim tikililər gözəl
harmoniya yaradır. Bakı küçələrində
dünyanın ən bahalı avtomobillərinin şütüdüyünü
görmək olar. Lakin Bakıdan avtomobillə yalnız
üç saat yol qət etdikdən sonra tam fərqli bir
dünyaya düşürsən. Yaşıl bağlarla əhatə
olunmuş gözəl şəhər və rayonlara
çatırsan. Bu yollar adamı əzəmətli Qafqaz
dağlarına qədər aparır. Yolların kənarında
çoxlu sayda kafelər və restoranlar fəaliyyət
göstərir.
Aprel-iyun
ayları Azərbaycanda səmanın aydın, yerin isə
yaşıllıqlar və gül-çiçəklə bol
olduğu ovalıqları ziyarət etmək üçün ən
yaxşı vaxt hesab edilir. Oktyabr ayında Bakıda havalar
çox gözəl olur, belə ki gündüzlər isti,
gecələr isə sərin keçir.
Coğrafi
cəhətdən Azərbaycan qurudan Rusiya, Gürcüstan,
Ermənistan, Türkiyə və İranla həmsərhəddir.
Dağ silsilələri ölkənin böyük hissəsini
təşkil edir. Onlardan 3 ən böyüyü
Böyük, Kiçik Qafqaz və Talış dağlarıdır.
Bazardüzü zirvəsi Böyük Qafqaz
dağlarının ən yüksək hissəsində yerləşir.
Xəzər
dənizi boyunca hərəkət edərkən güclü dəniz
küləyinin təsirindən sərt temperatur hiss edilmir.
Amma dağlara doğru getdikcə isti hava itməyə
başlayır. Havanın temperaturu 4-5 dərəcə
aşağı enir.
Azərbaycanda müxtəlif milli bayramlar, festivallar, konsertlər təşkil edilir. Ölkə əhalisinin böyük
əksəriyyətini müsəlmanlar
təşkil edir.
Azərbaycanda ənənəvi Qurban bayramı özünəməxsus formada
keçirilir.
Ramazan bayramı
da Azərbaycanın mühüm bayramlarından
hesab edilir və ölkədə bu münasibətlə şənliklər təşkil
edilir. Azərbaycan xalqının milli
sərvəti olan muğam festivalları təşkil olunur.
Xəzər dənizi nadir balıq növləri ilə zəngindir. Burada ilin bütün
fəsillərində balıq
məhsullarından istifadə
olunur. Sözün qısası, Azərbaycan
təbii sərvətlərlə
zəngin bir ölkədir".
AzərTAc
Azərbaycan.-2012.- 27 noyabr.- S.5.