Tərtər rayonunda Yaponiya hökumətinin qrant yardımı ilə həyata keçirilən layihə uğurla başa çatmışdır

 

Tərtər rayonunda Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Yaponiya hökumətinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Tərtər Regional Peşə və Təlim Mərkəzinin təsərrüfatının genişləndirilməsi və təkmilləşdirilməsi" layihəsi başa çatmışdır.

AzərTAc xəbər verir ki, bu münasibətlə Peşə və Təlim Mərkəzində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və Nazirlər Kabineti Aparatının Qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin məsləhətçisi Cəlil Hacıyev həyata keçirilən layihələrə görə Yaponiya hökumətinə minnətdarlıqlarını bildirmişlər. BAMF-ın sədri Umud Rəhimoğlu və Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe layihə barədə məlumat vermişlər. Qeyd olunmuşdur ki, "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində həyata keçirilən layihə üzrə qrant müqaviləsi Yaponiyanın ölkəmizdəki səfirliyi ilə BAMF arasında 2012-ci il fevralın 15-də imzalanmışdır. Layihənin məqsədi ABŞ Dövlət Departamentinin dəstəyi ilə BAMF-ın həyata keçirdiyi layihə çərçivəsində yaradılan Tərtər Regional Peşə və Təlim Mərkəzinin təsərrüfat sahəsində heyvandarlıq kompleksinin tikintisi, artezian quyusunun qazılması və müvafiq kənd təsərrüfatı avadanlığı ilə təchiz olunmasıdır. Layihədən mina qurbanları, müharibədən zərər çəkən insanlar, məcburi köçkünlər faydalanacaqdır. Layihə üçün Yaponiya hökumətinin ayırdığı qrant yardımının məbləği 112 min 200 ABŞ dolları təşkil edir. Yaponiyanın müxtəlif sahələrlə bağlı Azərbaycana ayırdığı rəsmi yardımın ümumi məbləği isə 1,2 milyard ABŞ dollarını ötmüşdür.

Sonra rəmzi qırmızı lent kəsilmiş, tədbir iştirakçıları heyvandarlıq kompleksi, anbar, kənd təsərrüfatı texnikası və subartezian quyusu ilə tanış olmuşlar.

 

 

Azərbaycan.-2012.- 27 noyabr.- S.5.