Azərbaycanda bütün azadlıqlar, o cümlədən sərbəst toplaşmaq azadlığı qanunlar vasitəsilə tənzimlənir

 

Milli Məclis tərəfindən "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna, İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə dəyişikliklər edildi. Yeni dəyişikliyə görə, yığıncaqların, mitinqlərin, piketlərin keçirilməsinin təşkilinin qanunvericiliklə müəyyən edilmiş qaydasının pozulmasına görə cərimələr artırıldı. Bundan sonra qanunsuz aksiya, mitinq təşkilatçısı olan fiziki şəxslər 1500 manatdan 3000 manatadək, hüquqi şəxslər isə 15000 manatdan 30000 manatadək, qanunsuz mitinq, küçə yürüşündə iştirak edənlər isə 300 manatdan 600 manatadək miqdarda cərimə ediləcəklər.

Yeni dəyişikliklər edilərkən hüquq elminin bugünkü inkişafı, onun tənzimlənmə mexanizminin müasirliyi, dəqiqliyi əsas götürülüb. Bu layihələr Azərbaycan qanunvericiliyinin daha da təkmilləşdirilməsi, hüquqi tənzimləmənin dəqiqləşdirilməsi məqsədilə görülən işin tərkib hissəsidir. Bu dəyişikliklə sərbəst toplaşmaq azadlığının qaydası müəyyənləşdirilsə də, aqressiv müxalifət qüvvələri yenə də ajiotaj yaratmağa çalışdılar.

Bu məsələyə münasibət bildirən Milli Məclisin deputatları isə hesab edirlər ki, hüquqi dövlət olan Azərbaycanda qanunların pozulması gərginlik yarada bilər. Onların fikrincə, əlavə və dəyişikliklər qanunvericilikdə müsbət addımdır.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın MİRZƏZADƏNİN sözlərinə görə, cərimələrin artırılmasında söhbət hüquqların məhdudlaşdırılmasından yox, anarxiyanın aradan qaldırılmasından gedir. Qanunu nəzərə almadan istədiyi yerdə, istədiyi cür aksiya keçirən insanlar cəzalanmalıdır. Onun fikrincə, bu, hüquqi dövlətin əlifbasıdır: "Bu gün istədiyi yerdə kütləvi aksiya keçirən qrup sabah universitetin mühazirə zalına kobud şəkildə müdaxilə edərək aksiya keçirmək istəyəcək və ya metro stansiyasında, dəmiryol vağzalında insanların qatara mindiyi yerdə toplaşaraq aksiya təşkil edəcək. Burada yalnız icazə verilmiş yerlərdə aksiya keçirməkdən söhbət gedir".

Deputat hesab edir ki, cərimələrin məbləğinin azlığı aksiya iştirakçılarının istədikləri kimi hərəkət etməsinə səbəb yaradır: "Onlar 10-15 manat cərimə olunur, ya da bir neçə gün həbs cəzasından sonra özlərini qəhrəman kimi aparır və "bu, hələ başlanğıcdır" deyirlər. Cərimələrin azlığı onlara təsir etmir. Dövlətə, hüquqa, siyasətə meydan oxuyurdular. Bu anarxiyanın, özbaşınalığın qarşısı alınmalıdır".

A.Mirzəzadənin sözlərinə görə, qanunsuz aksiyaların keçirilməsi Azərbaycanda demokratiyaya, hüquqi dövlətə, insanların hüquq və azadlıqlarına kobud şəkildə müdaxilədir: "İstənilən dövlət özünü qorumağı bacarmalıdır. Göründüyü kimi, bu qanunsuz aksiyaların sərhədi yoxdur. Bir qrup insanlar qanuna hörmətsizlik etməyi özlərinin həyat tərzinə çeviriblər. Hesab edirəm ki, bu cərimələr onları qanuna hörmət etməyə məcbur edəcək. Əks halda, biz anarxiyanın hökm sürdüyü bir ölkəyə çevrilə bilərik. Buna isə heç bir halda yol vermək olmaz".

Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa QASIMLI ölkədə qanunlara ciddi riayət edilməsinin tərəfdarıdır. Çünki qanunsuz aksiyalar zamanı baş verə biləcək hər hansı bir təxribatı üzərinə götürən olmaycaq: "Qanunsuz keçirilən aksiyada xoşagəlməz hal baş verərsə, ən azı, bir qumbara partlayarsa, onun məsuliyyətini kim üzərinə götürəcək? Ona görə də bütün mitinqlər ayrılan müvafiq yerlərdə keçirilməlidir. Bu zaman dövlət orqanları həmin aksiyaların təhlükəsizliyini təmin edəcəkdir. "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna edilən dəyişikliyi mən ictimai asayişin qorunması baxımından çox əhəmiyyətli hesab edirəm". Deputatın sözlərinə görə, Azərbaycanda vəziyyəti gərginləşdirmək, vətəndaşları üz-üzə qoymaq istəyən bəzi xarici qüvvələr heç də vətəndaşın azad yaşamasında maraqlı deyillər. Həmin qüvvələr istənilən təxribata əl ata bilərlər. Ona görə də qanun qəbul edilibsə, ona əməl olunmalıdır. Çünki demokratiya anarxiya demək deyil. 

Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid ORUC da hesab edir ki,  qanunun sərtləşdirildiyindən danışan insanlar bu vəziyyətin məhz onlar tərəfindən formalaşdırıldığını nəzərə almalıdırlar. Əslində, Konstitusiyanın hər bir vətəndaşa verdiyi hüquq çox normal qaydada yerinə yetirilmiş olsaydı, bundan sui-istifadə hallarına yol verilməsəydi, bəlkə sanksiyanın belə sərtləşməsinə ehtiyac qalmazdı: "Əslində, bu qanuna paralel şəkildə Azərbaycanın bütün ərazilərində, istənilən məkanında ərazilər müəyyənləşməlidir ki, həmin aksiyaların yeri, ünvanı bilinsin. Bu qadağalar Avropa İnsan Haqları Konvensiyasında da nəzərdə tutulur. Həmin qadağalar dövlətə imkan verir ki, hansısa sanksiyalar tətbiq etsin və ya hər hansı bir aksiyanın qarşısını alsın. Buna görə də bizim mövqeyimiz ondan ibarətdir ki, Azərbaycanda bu məsələ ətrafında konsensus tapılmalıdır. Ancaq hər hansı bir aksiya istənilən məkanda keçirilə bilməz. Aksiya keçirmək üçün müxtəlif yerlər müəyyənləşdikdən sonra vəziyyət normallaşacaq. İstənilən qüvvə həmin ərazilərdə toplaşıb öz fikrini söyləyəcək. Azərbaycan bu vəziyyətlə dünyaya sübut edəcək ki, yeni qanun normal qaydada işləyir və sərbəst toplaşmaq azadlığı toqquşmaya, vuruşmaya yol açmır".

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa QULİYEV isə deyir ki, qanun və məcəllələrə əlavə və dəyişikliklərin edilməsi başlıca olaraq qanunu pozan insanlara istiqamətlənib. Onun sözlərinə görə, Azərbaycanda insan haqları qorunur və insan azadlıqlarına dövlətin, Konstitusiyanın, qanunun təminatı var: "Azərbaycanda bütün azadlıqlar, o cümlədən sərbəst toplaşmaq azadlığı qanunlar vasitəsilə tənzimlənir. Həmin qanunlara görə də istənilən təşkilat, partiya, cəmiyyət, şəxs, icma öz fikrini azad şəkildə ifadə edə bilər. Həmin dairələr mitinq, yürüş də keçirə bilər. Amma bu, başqa vətəndaşların asayişinin, azadlıqlarının pozulması hesabına olmamalıdır". M.Quliyevin sözlərinə görə, heç kim qanun çərçivəsində belə tədbirlərin keçirilməsinə qarşı deyil: "Biz istəyirik ki, Azərbaycanda demokratiya, vətəndaş cəmiyyəti daha da möhkəmlənsin. Biz, sadəcə, qanuna qarşı çıxanlara qarşıyıq. Düşünürəm ki, vətəndaşlarımız bu əlavə və dəyişiklikləri anlayışla qarşılayırlar. Ola bilər ki, bir neçə şəxs öz siyasi və şəxsi maraqları naminə və ya maliyyələşdikləri xarici qurumların istəyi ilə Azərbaycanda müəyyən hay-küy salmağa çalışsın. Bunlar yolverilməzdir".

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2012.- 27 noyabr.- S.6.