Mədəniyyətlərarası dialoq müasir
dünyanın ən zəruri
çağırışlarından biridir
Son
illərdə dünya xalqları arasında dialoqun təşviqi
və inkişafında Azərbaycan mühüm rol
oynamaqdadır. Ötən il aprelin 7-dən 9-dək Azərbaycanın
ev sahibliyi ilə keçirilmiş daha bir beynəlxalq tədbir -
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
ölkəmizin bu sahədə səylərinin nəinki Şərqlə
Qərbin, bütövlükdə dünya xalqları
arasında mədəni və dini əlaqələrin möhkəmlənməsinə
mühüm töhfələr verdiyini bir daha əyani surətdə göstərdi. Bu, son dərəcə
mötəbər beynəlxalq məclisin başa
çatmasından təqribən ay yarım sonra, daha dəqiq
desək, 2011-ci il mayın 27-də Prezident İlham Əliyevin
imzaladığı "Azərbaycan Respublikasında
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunun təşkili barədə" fərmanla ölkəmizdə
yeni bir ənənənin əsası qoyulmuş oldu.
Fərmanda
deyilir ki, cari il aprelin 7-9-da Azərbaycanda 102 dövlətin və
10-dan artıq beynəlxalq təşkilatın nümayəndələrinin
iştirakı ilə Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu keçirilmişdir. Mədəniyyətlərarası
dialoqun müxtəliflik və plüralizmlə səciyyələnən
müasir cəmiyyətlərdə ayrı-ayrı aspektlərinin
nəzərdən keçirilməsi, yerli, regional və qlobal
səviyyələrdə
gücləndirilməsinə təşviq edilməsi
forumun əsas məqsədi olmuşdur.
Sənədə
əsasən, 2011-ci ildən başlayaraq hər iki ildən
bir təşkil ediləcək Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun məqsədi ölkəmizin islam dünyası
ilə Qərb sivilizasiyası, eləcə də digər mədəniyyətləri
təmsil edən xalqlar arasında dialoqun və etimadın
möhkəmləndirilməsində mühüm rolu nəzərə
alınmaqla müxtəlif mədəniyyətlər
arasında əməkdaşlıq üçün qlobal
platformanı təsis etmək və Azərbaycan
xalqının tolerant mədəniyyətini, tarixi ənənələrini
beynəlxalq aləmə tanıtmaqdır.
Forumun
təşkilində əlaqələndirici orqan Mədəniyyət
və Turizm Nazirliyi müəyyən edilmişdir.
Beləliklə,
Azərbaycan Prezidentinin müvafiq fərmanına uyğun
olaraq, ölkəmizdə növbəti Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu 2013-cü ildə keçirilməlidir.
AzərTAc-ın
müxbirinin ölkəmizdə keçirilməsi nəzərdə tutulan növbəti foruma hazırlıqla bağlı
görülmüş işlər, bu möhtəşəm
beynəlxalq məclisdə əhatə olunacaq mövzu və
tədbirlərlə bağlı suallarını Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq
əlaqələr şöbəsinin müdiri Vasif Eyvazzadə
cavablandırır.
-
Vasif müəllim, məlum olduğu kimi, 2013-cü ildə
Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu keçiriləcəkdir. Nəyə görə bu
forum məhz Azərbaycanda keçirilir?
- Əvvəlcə
mədəniyyətlərarası dialoq mövzusuna xüsusi
diqqət ayırdığınıza görə sizə təşəkkürümü
bildirmək istərdim. Bilirsiniz
ki, XXI əsrin başlanğıcından etibarən bəşəriyyət qlobal mədəni
böhranla üz-üzədir. Bu böhran dünya dövlətləri
və xalqları arasında yeni münasibətlər sisteminin
formalaşdırılmasını zəruri edir. Bu mənada,
mədəniyyətlərarası dialoq müasir
dünyanın ən zəruri
çağırışlarından biridir.
Bildiyiniz
kimi, mədəniyyətlərarası dialoq məsələsi
Azərbaycan dövlətinin başçısı İlham Əliyev
və ölkənin birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri Mehriban Əliyeva səviyyəsində dəstəklənən
bir mövzudur. Yəni, bu mövzunun arxasında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci ilin
dekabr ayında Bakıda keçirilmiş Avropa və ona
qonşu regionların mədəniyyət nazirləri konfransında
bilavasitə irəli sürdüyü "Bakı prosesi"
durur. 2009-cu ildə bu ənənə Bakıda keçirilən
islam ölkələri mədəniyyət nazirlərinin
konfransında davam etdirildi. Bu proses ilk illərində Avropa və
islam dünyasının münasibətlərində dialoq mədəniyyətinin
təşviqini nəzərdə tuturdusa, 2011-ci il aprelin 7-dən
9-dək Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə Bakıda təşkil
edilmiş Birinci Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu ilə artıq qlobal bir hərəkata
çevrildi.
Təsadüfi
deyil ki, tolerantlığın, sülh şəraitində
birgə mövcudolmanın, qarşılıqlı hörmətin
və bütün mədəniyyətlər arasındakı
anlayışın müxtəlif aspektlərinə həsr
olunan qlobal səviyyəli beynəlxalq görüşün təşkili
təşəbbüsü 2010-cu il sentyabrın 23-də BMT Baş Məclisinin 65-ci
sessiyasında Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən bəyan edilmiş və
bu təşəbbüs aparıcı beynəlxalq təşkilatlar
tərəfindən dəstəklənmişdir.
Ən
maraqlı məqam ondan ibarətdir ki, dünyanın qlobal
iqtisadi böhranla üz-üzə olduğu bir dövrdə
Azərbaycan dövləti və xüsusilə ali siyasi
hakimiyyəti beynəlxalq miqyasda müxtəlif sivilizasiyalar
arasında dialoq və anlaşmanın təşviqinə
töhfə verməkdə davam edir. Bu addım
xalqımızın tolerant mədəniyyətinin
nümayişi ilə yanaşı, eyni zamanda, ölkəmizin
dünyanın ağrılı və həssas məsələlərinə
nəinki biganə qalmadığını, əksinə, bu
problemin həlli üçün bütün imkanlarından
istifadə etmək niyyətini dünyaya göstərir. Bir
sözlə, Avropanın aparıcı ölkələri
multikulturalizm əleyhinə bəyanatlar verdiyi bir dövrdə
ölkəmiz ümumbəşəri dəyərlərə
öz sadiqliyini nümayiş etdirərək ən yüksək
səviyyədə dünyanın mədəni
çeşidliliyə hörməti təşviq etməkdə
davam edir.
Bu məsələdə Azərbaycanın geosiyasi və geomədəni
vəziyyəti ilə dövlətin siyasəti və
xalqımızın tarixi dəyərləri arasında bir
harmoniya mövcuddur. Bu, xalqımızın mənəvi sərvətidir.
Sualınızın
tam cavabını vermək üçün dünyada gedən
proseslərə diqqət yetirmək lazımdır. Müasir
dünya əvvəlkilərdən fərqli olaraq, mədəniyyətlərarası
böhran vəziyyətindədir. Yəni, bir tərəfdən
bəşəriyyət XXI əsrin informasiya resursları ilə
bir-birini daha yaxından tanımaq imkanı əldə
etmişdirsə, digər tərəfdən
qarşılıqlı nifrəti əks etdirən münasibətləri
bir an içində dünya miqyasında ifadə etmək
meyilləri güclənmişdir. Belə bir paradoksal şəraitdə
istənilən vəziyyətin ani dəyişmə riski
böyükdür. Ona görə də mədəniyyətlərin
anlaşması nəzəriyyəsi ilə yanaşı,
praktiki təsir vasitələrinə malik olan tədbirlərin
və layihələrin həyata keçirilməsi olduqca
vacibdir.
Azərbaycan
həm Avropa ailəsinə, həm də islam ailəsinə mənsub
olan, Qərbin Şərq nöqtəsində, Şərqin Qərb
nöqtəsində yerləşən nadir tarixi-mədəni-dini
mərhələləri keçmiş bir ölkə kimi belə
bir dünya forumuna ev sahibliyi etməyə, mədəniyyətlərarası
dialoq missiyasını həyata keçirməyə mənəvi
haqqı olan bəlkə də yeganə dövlətdir.
-
Qeyd etdiyiniz məsələlər İkinci Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun gündəliyində yer alacaqmı?
- Təbii
ki, bu məsələlər də müzakirə ediləcəkdir.
Lakin eyni zamanda, onu da qeyd etməliyəm
ki, budəfəki forum əvvəlkindən bir qədər fərqli
olacaqdır. Yəni, forum 2013-cü il mayın 29-dan iyunun 1-dək keçirilməsi nəzərdə
tutulan foruma qədər bu
mötəbər beynəlxalq mədəniyyət məclisinin
tərəfdaşları olan BMT-nin Sivilizasiyalar Alyansı,
UNESCO, BMT-nin Dünya Turizm Təşkilatı, Avropa
Şurası, İSESCO və Avropa Şurasının
Şimal-Cənub Mərkəzi tərəfindən müəyyən
təşviqat işləri aparılacaqdır. Başqa
sözlə, mədəniyyətlərarası hərəkat
kimi son altı ayda həyata keçiriləcək
bütün layihə və tədbirlərin nəticələri
Bakı Forumunda müzakirə olunacaqdır. Onu da qeyd edim ki,
bu forum dünyada yeganə qlobal platforma formatıdır ki, Azərbaycanın
timsalında bir dövlətin təşəbbüsünün
ətrafına bu mövzuda bir-biri ilə rəqabət aparan
beynəlxalq təşkilatlar toplanıb və onların, həmçinin
Azərbaycan nümayəndələrinin iştirakı ilə
forumun beynəlxalq İşçi qrupu mövcuddur.
-
İkinci Bakı Forumunda konkret olaraq hansı məsələlərin
müzakirə edilməsi nəzərdə tutulur?
-
Forum "Dünyanın gələcəyini necə quraq?"
şüarı altında keçiriləcək və ali
qonaqların iştirakı ilə ilk plenar sessiya bu mövzuda
aparılacaqdır. Eyni zamanda, Azərbaycanın təşəbbüsü
ilə irəli sürülən
"5-A" Qitələrarası Əməkdaşlıq
Platforması çərçivəsində (Azərbaycan dilində bütün
qitələrin adları "A"
hərfi ilə başladığı üçün
simvolik olaraq bu platforma 5 A adlanır) sessiyanın keçirilməsi
nəzərdə tutulur. Forum
çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Birinci Şərq-Qərb Nazirlər Konfransı
keçiriləcəkdir. Bu, faktiki olaraq yeni bir nazirlər
konfransının təsisi deməkdir.
Hazırda
forumun proqramı üzərində iş gedir. Beynəlxalq
işçi qrupunun iclasında gündəlik tam
razılaşdırıldıqdan sonra mətbuata bu barədə
məlumat verə biləcəyik. Hər bir halda UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı,
BMT-nin Dünya Turizm Təşkilatı, Avropa Şurası,
İSESCO, Avropa
Şurasının Şimal-Cənub Mərkəzinin təşkilatçılığı
ilə bir sıra tədbirlərin keçirilməsi
planlaşdırılır. Artıq forumun "Euronews"
telekanalında nümayiş etdirilməsi ilə bağlı
razılıq əldə olunmuşdur.
-
Vasif müəllim, qarşıdakı beynəlxalq tədbirlə
bağlı daha nələri demək istərdiniz?
-
İnanırıq ki, bu tədbir Azərbaycan xalqına, Azərbaycan
dövlətinə başucalığı gətirəcəkdir.
Bu tədbirin Azərbaycanda keçirilməsi və ölkəmizin
mədəniyyətlərarası dialoq brendinə sahib
olması ilə torpaqlarımızın 20 faizini işğal
etməklə dünyada özünəməxsus
işğalçı obrazı yaradan Ermənistanı bu
prosesdən bir daha təcrid etmiş olacağıq. Bununla
yanaşı, Azərbaycan həqiqətlərini bir daha
dünyaya bu kontekstdə təqdim etməklə beynəlxalq
ictimaiyyəti hadisələrə konstruktiv yanaşmaya dəvət
edəcək və ən əsası, Azərbaycan dövlətinin
etdiyi kimi dünya dövlətlərinin ali siyasi hakimiyyətlərini
sivilizasiyalararası dialoq və anlaşmaya dəstək verməyə
dəvət edəcəyik.
-
Maraqlı müsahibəyə görə təşəkkür
edirik.
Müsahibəni apardı: Əhməd
Məmmədov,
AzərTAc-ın müxbiri
Azərbaycan.-2012.- 27 noyabr.- S.6.