Ağdaş müasir şəhərlər sırasına qoşulur

 

Ağdaşın küçələri səliqə-sahmanı, abadlığı, bir də şəhərə xüsusi yaraşıq verən uca çinarları ilə həmişə diqqət çəkib. Elə ilk andanca düşünürsən ki, tərtəmiz bir şəhərə daxil olmusan. Kommunal xidmətin təşkili öz yerində, sakinlərin özlərinin də səliqəli və ölçülü-biçili davranışlarının dəfələrlə şahidi olmuşuq. Hətta payız küləklərinin yerdəki saralmış yarpaqları havaya sovurub hara gəldi səpələdiyi vaxtlarda da şəhər səliqəsini itirmir.

Rastımıza çıxan ağsaqqalla tanış oluruq: Məmməd kişi... Hal-əhval tuturuq, dolanışıqdan, gün-güzərandan, rayonda görülən işlərdən razı qalıb-qalmadığı ilə maraqlanırıq. "Bu günə min şükür", - deyir: "Ağdaşın hər dövranını görmüşəm, illər ötdükcə də dəyişir, inkişaf edir.

Hər dəfə Prezident rayona gəlib-gedəndən sonra böyük işlərin sayı bir az da artır. Hər yerdə belədir, dövlət başçısı hansı rayona gedirsə, oradakı yaxşı işlərlə, çətinliklərlə maraqlanır, sonra sərəncam verib kömək göstərir. Televizora çox baxan adamam, onun bütün çıxışlarına diqqətlə qulaq asıram. Xalqımıza, ölkəmizə, elə bizim rayona can yandırdığına, hər cür qayğı göstərdiyinə görə hörmətli Prezidentə dərin minnətdarlığımı bildirirəm". 

Heydər Əliyev parkında tay-tuşlarını gözlədiyini deyən Məmməd kişi  sözünü yekunlaşdırır: "Ağdaşda görülən işlərdən çox razıyıq, qaz çəkilir, su çəkilir, yollar düzəldilir, ən əsası isə hər hansı bir görərkən adamları incitmirlər. Necə deyərlər, ev tikmək üçün ev yıxmırlar..."

Sözündən-söhbətindən görünürdü ki, zamanın çox sınaqlarına sinə gərib Məmməd kişi. Hər halda, belə insanlar cavanlar üçün böyük həyat məktəbidir.

O yerdə ki, hər "tin" başında adamlar topalaşıb bütün günü vaxt öldürür, demək, o rayonda işlər qaydasında deyil - bunu da vaxtilə bir şamaxılı ağsaqqal demişdi. Ağdaşda isə belə "tinbaşı toplantılar"a rast gəlmirsən. Elə bil ağdaşlılar həmişə harasa tələsirlər. Şübhəsiz ki, bunu da bir işgüzarlıq əlaməti saymaq olar.

Ağdaşda son vaxtlar abadlıq-quruculuq işlərinin həcmi daha da artıb. Şəhərdə yeni inzibati mərkəz yaradılır. Burada RİH-in yeni inzibati binası, Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının və yanğından mühafizə idarəsinin yeni binaları inşa edilir. Şəhərdə "Azadlıq" meydanı yaradılıb. Heydər Əliyev prospektində genişləndirmə və abadlıq işləri görülüb. Hazırda 20 Yanvar küçəsi abadlaşdırılır, Şəhidlər xiyabanı və Heydər Əliyev parkı yenidən qurulur.

Bu il rayonun Qolqəti, Ərəbocaq və Tofiqi kəndlərində həkim məntəqələrinin tikintisi başa çatıb. Abad kəndində 180, Ovculu kəndində 80 yerlik yeni məktəb binaları inşa edilib. Ağdaş şəhər S.Vurğun adına 1 nömrəli orta məktəb əsaslı təmir olunub. Qəribli və Şordəhnə kəndlərində 180 şagirdlik məktəb binalarının tikintisi davam edir. Bunlardan əlavə, daha 5 məktəbin - Qaradağlı, Cardam, Kotanarx, Eymur kəndlərində 180, Qaraoğlan kəndində isə 80 şagirdlik yeni məktəb binalarının, həmçinin şəhər uşaq bağçası üçün 55 yerlik yeni binanın tikintisi planlaşdırılıb. Ancaq bu sahədə görüləsi işlər də çoxdur. Müvafiq təşkilatların mütəxəssislərinin iştirakı ilə keçirilən baxışdan sonra 20 məktəb üçün yeni binaların tikintisi, 27 məktəbdə əsaslı təmir, 13 məktəbdə əlavə sinif otaqlarının inşası, 17 məktəbəqədər uşaq tərbiyə müəssisəsi üçün yeni bina və 10 uşaq bağçasında əsaslı təmir işlərinin görülməsi məqsədilə sənədlər hazırlanıb. Tezliklə bu işlərin başlanılması da gözlənilir.

Ağdaşlıların elektrik enerjisi və təbii qaz yanacağı ilə təminatlarının yaxşılaşdırılması məqsədilə 71,2 km uzunluğunda elektrik xətti əsaslı təmir olunub. Rayonun Kükəl kəndi ərazisində tikintisinə hələ 2010-cu ildə başlanılmış 220/110 kv-luq 2x125 mVa gücündə Ağdaş Regional Elektrik Yarımstansiyasında tikinti işləri davam edir. Ağdaş şəhərinin və Ləki qəsəbəsinin küçələrində müxtəlif ölçülü 40403 pm uzunluğunda qaz xətləri yenilənib. Güvəkənd, Əmirarx, Bəylik, Pirəyir, Tofiqi kəndlərinə də yeni qaz xətləri çəkilib. "Şəmsabad" qazpaylayıcı stansiyadan Ağdaş şəhərinə gələn qaz xəttinin 4146 pm hissəsi yeni yeraltı polietilen boru xətti ilə əvəz edilib.

Ağdaş şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsinin həyata keçirilməsi üçün elan olunmuş tenderin qalibi Türkiyənin "ALKE" mühəndis, inşaat, sənaye, ticarət Anonim Şirkəti hazırlıq işlərini davam etdirir.

Ağdaşda sənaye sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Yerli xammaldan istifadə edən 3 qum-çınqıl karxanası, Kükəl kərpic istehsalı müəssisəsi normal fəaliyyətdədir. "Orelay" şirniyyat istehsalı müəssisəsinin yeni istehsal sexində tikinti-quraşdırma işləri başa çatdırılıb. Əvvəlki illə müqayisədə bu il 8 faiz çox sənaye məhsulu istehsal olunub. Ağdaşda sahibkarlığın inkişaf etdirilməsi üçün 9 milyon 831 min manat, o cümlədən Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 11 sahibkara 990 min manat həcmində kredit verilib.

Rayonun Ərəbocaq kəndində 1200 başlıq müasir tipli heyvandarlıq kompleksinin və 80 başlıq at yetişdirmə məntəqəsinin tikintisi davam edir.

Görülən işlərin həcmi nə qədər geniş olsa da, həllini gözləyən məsələlər də az deyil. Ağdaş şəhərinin qaz istismarı şəbəkəsinin yenidən qurulması, təbii qazla təmin olunmayan kəndlərin qazlaşdırılması, istismar müddəti başa çatmış elektrik dirəklərinin dəyişdirilməsi, 46 kənddə sutəmizləyici qurğuların quraşdırılması, aztəminatlı ailələr və əlillər üçün çoxmənzilli yaşayış binalarının tikilməsi, yeni yerlərinin yaradılması və sair məsələlərin həlli də gündəmin əsas mövzularındandır.

Ən əsası odur ki, rayonda işgüzarlıq yüksək səviyyədədir və həyata keçirilən layihələr vaxtında, keyfiyyətlə icra olunur.

 

 

 Telman NƏZƏRLİ

 

Azərbaycan.-2012.- 27 noyabr.- S.7.