Quruculuğun yeni dövrü
Dünyanın bir çox tanınmış dövlətlərinin bu gün iqtisadi burulğanlar məngənəsində çabaladığı dövrdə Azərbaycanın iqtisadi inkişafın sürətinə və miqyasına görə bütün Qafqazın lider dövlətinə çevrilməsi hər bir ölkə vətəndaşında haqlı qürur və iftixar hissi doğurur. Respublika Prezidenti İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirilən müdrik daxili və xarici siyasəti bütün sahələrdə qazanılan uğurların əsas şərtidir.
Dövlətin sosialyönümlü daxili siyasətində paytaxt Bakı ilə yanaşı, regionların da inkişafını sürətləndirməyə böyük önəm verilir, bu məqsədin reallaşdırılması üçün iri həcmdə, vəsaitlər ayrılır. Prezident İlham Əliyevin respublikanın müxtəlif bölgələrinə səfərləri ənənəyə çevrilmişdir. Bu səfərlər bölgələrdə aparılan genişmiqyaslı abadlıq, quruculuq işlərinə yeni impulslar verir, əhalinin əhval-ruhiyyəsini yüksəldir, dövlət və xalq birliyini yeni çalarlarla daha yenilməz, daha sarsılmaz edir.
Dövlət başçısının oktyabrın 28-də Beyləqana gerçəkləşən tarixi səfərinin oyatdığı xoş təəssürat hələ də bölgə əhalisinin söhbətlərində əsas mövzudur. Beyləqan respublikanın böyük iqtisadi potensiala malik rayonlarından biridir. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Bölgə əhalisinin əsas məşğuliyyət növü isə heyvandarlıq və əkinçilikdir. Paytaxt sakinlərinin ətə, süd və süd məhsullarına, meyvə-tərəvəzə olan ehtiyacının ödənilməsində Beyləqan kəndlisinin də xüsusi payı var. Bu cəbhə bölgəsi həm də iri taxılçılıq təsərrüfatı kimi məşhurdur. Bu il rayonda 60 min tona yaxın taxıl istehsal edilmişdir. Əkinçinin "qızıl fondu" adlandırılan toxumçuluqla bağlı rayonda səmərəli iş aparılır. Səkkiz özəl toxumçuluq təsərrüfatının məqsədyönlü fəaliyyəti rayonun daxili tələbatını ödəməklə yanaşı, qonşu rayonların keyfiyyətli toxumla bağlı müraciətlərini də müsbət həll edir. Gələn ilin məhsul bolluğuna etibarlı bünövrə qoymağa çalışan rayonun "sarı kəhrəba" ustaları hazırda taxıl səpinini son hektarlarda davam etdirirlər.
Azərbaycanın bütün bölgələri kimi bu gün Beyləqan da əsl övlad məhəbbəti ilə yenidən qurulur. Abadlıq, quruculuq işlərinin miqyası kifayət qədər böyükdür. Beyləqanlıların xalqımızın ümummilli lideri Heydər Əliyevə sonsuz məhəbbət və ehtiramlarının ifadəsi kimi təqdim olunan, cəmi bir neçə ay ərzində ərsəyə gələn möhtəşəm Heydər Əliyev Mərkəzi şəhərin gözəlliyinə vurulan yeni bir naxış kimi diqqət çəkir. Açılışında dövlət başçısının da iştirak etdiyi bu mərkəz artıq beyləqanlıların müqəddəs ziyarətgahına çevrilmişdir. Əsaslı təmir olunan və yenidən qurulan Mədəniyyət Sarayının və Beyləqan-Kəbirli-Baharabad avtomobil yolunun açılışlarında, Beyləqan şəhərinin su və kanalizasiya sistemləri kompleksinin təməlqoyma mərasimində iştirak edən Prezident İlham Əliyev bölgədə aparılan abadlıq, quruculuq işlərindən məmnunluğunu bildirdi, eyni zamanda, rayonun sosial-iqtisadi inkişafını sürətləndirmək, əhalinin həyat şəraitini daha da yaxşılaşdırmaq üçün dəyərli tapşırıq və tövsiyələrini verdi. Beyləqan-Kəbirli-Baharabad avtomobil yolunun açılış mərasimində rayon ictimaiyyəti qarşısında çıxış edən Prezident İlham Əliyev demişdir: "Yol çəkilişi həm insanlara rahatlıq verir, eyni zamanda, hər bir bölgənin inkişafını müəyyən edir. Çünki yol olmasa, inkişafdan söhbət gedə bilməz. Həm insanların rahatlığı, eyni zamanda, biznes imkanlarının genişləndirilməsi, gələcəkdə müxtəlif turizm obyektlərinin tikintisi üçün yol, əlbəttə ki, əsas məsələdir.
Yol çəkilişi ilə əlaqədar bütün bölgələrdə işlər gedir. Eyni zamanda, digər infrastruktur layihələri icra edilir, o cümlədən Beyləqan rayonunda. İndi qazlaşdırma prosesi gedir, içməli su layihəsi artıq başlayır. Yəni, çalışacağıq ki, yaxın illər ərzində qalan problemlər də öz həllini tapsın, bütün bölgələr, rayonlar, o cümlədən Beyləqan rayonu daha da uğurla və sürətlə inkişaf etsin".
İlkin mərhələdə 20.2 kilometrlik hissəsi əsaslı təmir edilən yolun ümumi uzunluğu 35 kilometrdir. Hazırda qalan hissənin təmiri davam etdirilir, layihə başa çatdırıldıqdan sonra Beyləqanın 10 kəndini və xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları qəsəbəni birləşdirən yoldan 34 min nəfərə yaxın sakin istifadə edəcəkdir.
"Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı"nda Beyləqan rayonu
üçün nəzərdə tutulan tədbirlər
müvəffəqiyyətlə icra olunur. Rayonda həyata
keçirilən genişmiqyaslı abadlıq, quruculuq işləri,
sahibkarlığın inkişafına yaradılan əlverişli
şərait rayon mərkəzinin ümumi mənzərəsinə
müasir görkəm verməklə yanaşı, əhalinin
dolanışıq səviyyəsinin yüksəlməsinə
də əhəmiyyətli təsir göstərir. Rayonda yeni
təhsil, səhiyyə, mədəniyyət, idman müəssisələrinin
inşası, yaxud əsaslı təmiri, yol-nəqliyyat
infrastrukturunun yaxşılaşdırılması, elektrik
enerjisi, təbii qaz, içməli su ilə təminatın
müsbət həlli əhalidə razılıq doğurur.
Adamlar dövlətin artan qayğısını, dövlət
başçısının bölgəyə xüsusi diqqətini
yüksək dəyərləndirir, ürəklərinin
odunu, əllərinin hərarətini doğma yurdun cənnətə
döndərilməsi, ölkəmizin iqtisadi qüdrətinin
artırılması uğrunda mübarizəyə həvəslə
sərf edirlər.
Lazım QULİYEV
Azərbaycan.-2012.- 27 noyabr.- S.7.