Təhsil uğuru qazanılan nəticə ilə şərtlənir

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasına uyğun olaraq Qax rayonunda təhsilin maddi-tədris bazasının möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində xeyli iş görülüb. Rayon təhsil şöbəsinin müdiri Məhəmməd Xasiyevin verdiyi məlumata görə, 2003-cü ildən Qaxda 12 yeni məktəb binası inşa edilib, bir məktəb əsaslı təmir olunub və 14 əlavə sinif otağı tikilib. Hazırda Qax məktəblilərinin 40 faizi yeni və təmir olunmuş məktəblərdə dərs keçirlər.

Mayın 7-də baş vermiş zəlzələ nəticəsində Qax rayonunda da bir çox tikililərlə yanaşı, 11 məktəb binası da qəzalı vəziyyətə düşmüşdü. Mayın 9-da ölkə Prezidenti İlham Əliyev zəlzələ bölgəsinə səfəri çərçivəsində Qaxda olarkən qəzalı hala düşmüş məktəb binalarına da baxmış, sakinlərlə görüşündə bildirmişdi ki, təbii fəlakətin fəsadlarının aradan qaldırılması, yeni və daha möhkəm evlərin, həmçinin məktəb binalarının tikilməsi üçün dövlət lazım olan bütün qayğını göstərəcək. Cəmi dörd ay keçəndən sonra qəzalı hala düşmüş Güllük kənd tam orta məktəb binasının əvəzində yeni və daha müasir bina tikilib istifadəyə verildi. Qalan məktəb binalarında isə tikinti işləri davam edir.

Qaxın təhsil ocaqlarında 300-ə qədər kompyuter, 481 elektron dərslik var. İndiyə qədər təhsil uğurlarına görə 6 nəfər "Əməkdar müəllim", 12 nəfər "Qabaqcıl təhsil işçisi" fəxri adlara, 4 nəfər isə "Tərəqqi" medalına layiq görülüb.

2011-ci ildə Qax məzunlarının 46, 2012-ci ildə isə 56 faizi ali məktəblərə qəbul olunub. Onlardan 8 nəfəri müxtəlif xarici ölkələrin ali məktəblərinin, 4 nəfər isə Türkiyənin Gülhanə Tibb Akademiyasının tələbəsidir. Hazırda respublikanın ali məktəblərində oxuyan 13 qaxlı tələbə Prezident təqaüdü alır. Son beş ildə təhsil uğurlarına görə 23 qaxlı gənc müxtəlif mükafatlara layiq görülüb.

Rayon məktəbliləri bir sıra beynəlxalq və respublika səviyyəli idman yarışlarında, inşa yazısı, rəsm, yaradıcılıq müsabiqələrində də uğurlu nəticələr göstərərək diplom və mükafat qazanıblar.

Təhsil işçiləri unutmurlar ki, göstəriciləri daha da yaxşılaşdırmaq, uğurların sayını artırmaq üçün maddi-texniki təminatla yanaşı, yeni texnologiyaların daha əhatəli tətbiqi, innovativ təhsil mühitinin formalaşdırılması vacib şərtdir. Bu istiqamətin inkişafı üçün dövlət də kifayət qədər diqqət və qayğı göstərir.

 

 

T.MƏMMƏDOV

 

Azərbaycan.-2012.- 27 noyabr.- S.7.