Azərbaycan Prezidenti İlham Əliyev Argentinanın kənd təsərrüfatı, heyvandarlıq və
balıqçılıq nazirinin başçılıq
etdiyi nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də
Argentina Respublikasının kənd təsərrüfatı,
heyvandarlıq və balıqçılıq naziri Norberto
Yauharın başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Dövlət
başçısı Azərbaycan ilə Argentina arasında
ikitərəfli əlaqələrin son illər müxtəlif
sahələrdə sürətlə inkişaf etdiyini
vurğuladı. Qarşılıqlı səfərlərin
intensiv xarakter daşıdığını deyən Prezident
İlham Əliyev bunu əməkdaşlığımızın
yaxşı göstəricisi kimi dəyərləndirdi.
Dövlət başçısı ölkəmizin Argentina ilə
əlaqələri iqtisadiyyatın bütün sahələrində,
o cümlədən kənd təsərrüfatı sektorunda genişləndirməkdə
maraqlı olduğunu dedi. Prezident İlham Əliyev Argentina
Respublikasının kənd təsərrüfatı,
heyvandarlıq və balıqçılıq naziri Norberto
Yauharın ölkəmizə səfərinin bu sahədə əməkdaşlıq
əlaqələrinin daha da inkişaf etdirilməsi işinə
xidmət edəcəyinə əminliyini bildirdi.
Argentinanın
kənd təsərrüfatı, heyvandarlıq və
balıqçılıq naziri Norberto Yauhar ölkələrimiz
arasında əlaqələrin
inkişafı üçün böyük imkanların
olduğunu vurğuladı. O, Azərbaycan ilə Argentina
arasında əlaqələrin iqtisadi, sosial və digər sahələrdə
genişləndirilməsi üçün ölkəsinin
Prezidentindən ciddi tapşırıqlar
aldığını bildirdi.
AzərTAc
Azərbaycan.-2012.- 28 noyabr.- S.1.