Həm Azərbaycan, həm də Pakistan tarixi dostluq əlaqələrinə söykənən əməkdaşlığın
bütün istiqamətlər üzrə daha da inkişaf etməsində
maraqlıdır
Noyabrın
27-də Azərbaycan Respublikasının Baş naziri Artur
Rasizadə ölkəmizdə səfərdə olan Pakistan
İslam Respublikası Parlamentinin komitə sədri, İslam Cəmiyyət
Ulema-e-İslam Partiyasının sədri Maulana
Fazl-ur-Rahmanın başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşmüşdür.
Nazirlər
Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki,
görüşdə Azərbaycan ilə Pakistanın tarixi
dostluq əlaqələrindən danışılaraq qeyd
olunmuşdur ki, hər iki tərəf əməkdaşlığın
bütün istiqamətlər üzrə daha da inkişaf etməsində
maraqlıdır. Dövlət başçıları
arasındakı səmimi münasibətlərin ölkələrarası
əlaqələrə də müsbət təsir göstərdiyi,
qarşılıqlı səfərlər zamanı
imzalanmış sənədlərin əməkdaşlığımızın
dərinləşməsinə təkan verdiyi xüsusilə
vurğulanmışdır. Siyasi münasibətlərdə
olduğu kimi, mədəni, iqtisadi, ticari, hərbi və digər
sahələrdə də əməkdaşlığın
daim inkişaf etdirilməsinin vacibliyinə dair bir sıra
mühüm məsələlərə toxunan tərəflər
Azərbaycan-Pakistan Hökumətlərarası İqtisadi
Komissiyasının fəaliyyətini də yüksək qiymətləndirərək
qarşıda hələ görüləsi çox işlərin
olduğunu diqqətə çatdırmışlar.
Qeyd
olunmuşdur ki, bütün beynəlxalq tədbirlərdə
Pakistan daim Azərbaycanın haqq işinə dəstək verərək
Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə
pisləmiş və Dağlıq Qarabağ münaqişəsinin
həllində hər zaman Azərbaycanın yanında
olacağını bəyan etmişdir.
Maulana
Fazl-ur-Rahman onlara göstərilən qonaqpərvərliyə
görə nümayəndə heyəti adından ölkə
rəhbərliyinə minnətdarlığını
bildirmişdir.
Görüşdə
qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
AzərTAc
Azərbaycan.-2012.- 28 noyabr.- S.1.