Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 26 noyabr tarixli 277 nömrəli qərarı
ilə təsdiq edilmişdir
1.
Ümumi müddəalar
1.1. "Azərbaycan dilinin
qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli 2236 nömrəli
Sərəncamına uyğun olaraq yaradılmış Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında Terminologiya
Komissiyası (bundan sonra - Komissiya) Azərbaycan dilində termin
yaradıcılığı
sahəsində işlərin
tənzimlənməsini və koordinasiya edilməsini, həmçinin
dilin lüğət tərkibinin zənginləşdirilməsini,
yeni ədəbi anlayış və ifadələrin dildə
işlədilməsi mümkünlüyünün müəyyənləşdirilməsini,
elmi-ədəbi dili təkmilləşdirmək məqsədi
ilə kütləvi informasiya vasitələrində, dərsliklərdə
və digər tədris vəsaitlərində yeni termin və
anlayışların dilin normalarına müvafiq qaydada işlədilməsinə nəzarət
funksiyalarını həyata keçirir.
1.2.
Komissiya ictimai əsaslarla fəaliyyət göstərir və
öz fəaliyyətində Azərbaycan Respublikasının
qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman
və sərəncamlarını, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərar və sərəncamlarını,
digər qanunvericilik aktlarını və bu Əsasnaməni rəhbər
tutur.
1.3.
Komissiyanın tərkibi Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən təsdiq edilir.
1.4.
Komissiya ayrı-ayrı sahələr üzrə bölmələr
və işçi qrupları yaradır.
1.5.
Komissiya möhürə, ştampa, müvafiq blanklara və
bank hesabına malikdir.
1.6.
Komissiya Bakı şəhərində yerləşir.
2. Komissiyanın əsas vəzifələri
2.1.
Komissiyanın əsas vəzifələri
aşağıdakılardır:
2.1.1.
elm və texnikanın, iqtisadiyyat və mədəniyyətin
ayrı-ayrı sahələri üzrə izahlı,
dialektoloji, ensiklopedik, iki və
çoxdilli terminoloji, orfoqrafik lüğətlərin
hazırlanmasına elmi-metodoloji rəhbərliyin həyata
keçirilməsi və nəşrinə icazə verilməsi;
2.1.2.
terminlərin dövri mətbuatda,
televiziya və radioda, orta və ali məktəblərin dərsliklərində,
idarə və müəssisələrin kargüzarlıq
işlərində düzgün istifadəsinə nəzarətin
aparılması;
2.1.3.
terminologiyanın dilçilik problemlərinin tədqiqinin və
müvafiq kadr
hazırlığının
təşkili və
koordinasiyası;
2.1.4.
Azərbaycan dilinə yeni daxil edilən termin və
anlayışların təsdiqi və ifadə formalarının müəyyənləşdirilməsi;
2.1.5.
respublikada elmin, mədəniyyətin, ictimai-siyasi həyatın
bütün sahələrində baş verən dəyişikliklər
nəzərə alınmaqla, elmi-ədəbi dilin və terminologiyanın inkişaf etdirilməsi
və təkmilləşdirilməsi
istiqamətlərinin
müəyyənləşdirilməsi;
2.1.6.
elmi-texniki tərəqqi, ictimai-siyasi həyatda baş verən proseslər nəticəsində
yaranan yeni söz və terminlərin istifadəsində vahid
metodoloji prinsiplərə riayət olunması məqsədi ilə Azərbaycan Milli Elmlər
Akademiyasında, elm və təhsil müəssisələrinin
nəzdində sahə terminoloji fəaliyyət
strukturlarının yaradılması
və onlara metodoloji rəhbərliyin həyata
keçirilməsi;
2.1.7.
müxtəlif elm sahələrini birləşdirən,
dünya sivilizasiyasının, ictimai həyatın əksi
olan, ayrı-ayrı dillərin fonetik, leksik, qrammatik
xüsusiyyətlərini də özündə birləşdirən terminoloji lüğətlərin tərkibi
kimi Azərbaycan dilinə daxil
edilən alınma söz və ifadələrin tənzimlənməsi,
dilimizin tələblərinə
uyğunlaşdırılması prinsiplərinin müəyyənləşdirilməsi;
2.1.8.
Azərbaycan elmi-ədəbi dilində dərslik, monoqrafiya, bədii,
publisistik əsərlərdə, o cümlədən kütləvi informasiya vasitələrində,
nəşriyyatlarda, reklamlarda, idarə və müəssisələrdə,
məktəblərdə, terminlərin istifadəsində mövcud qaydalara
əməl edilməsinə nəzarətin təşkili, həmçinin
dövlət orqanlarında rəsmi sənədlərin
hazırlanmasında istifadə olunan xüsusi norma və tələblərin
müəyyən edilməsi məqsədi ilə qanunvericilikdə
müvafiq dəyişikliklərin edilməsi ilə
bağlı təkliflərin hazırlanması;
2.1.9.
elmi-texniki tərəqqi, ictimai-siyasi həyatın
inkişafı nəticəsində terminoloji sistemlərin
fasiləsiz olaraq dəyişməsini və
inkişafını nəzərə alaraq, qanunvericilik
aktlarında terminlərin düzgün işlənməsinə
nəzarət məqsədi ilə onların qəbulu mərhələsində
terminoloji ekspertizanın təşkil edilməsi;
2.1.10.
müasir qloballaşma şəraitində Azərbaycan dilində
müxtəlif dillərdən alınan beynəlxalq terminlərin
sayının sürətlə çoxalmasını nəzərə
alaraq, dilimizin milli köklərinin qorunması, həmçinin
zənginləşdirilməsinin davam etdirilməsi məqsədi ilə eyni tarixi-mənəvi
kökə malik türk
xalqlarının ortaq terminoloji
bazasının yaradılması, müvafiq termin
yaradıcılığının unifikasiyası normaları
və metodoloji prinsiplərinin müəyyənləşdirilməsi;
2.1.11.
orfoqrafiya lüğətinin təkmilləşdirilməsi məqsədi
ilə yeni terminlərin, coğrafi adların və şəxs
adlarının verilmə prinsiplərinin müəyyənləşdirilməsi;
2.1.12.
Azərbaycanda yaradılan terminoloji saytların beynəlxalq səviyyədə
dillərarası terminoloji lüğətlərin
toplanması istiqamətində
fəaliyyət göstərən, YUNESKO-nun himayəsi
ilə təşkil olunmuş Beynəlxalq Terminologiya Mərkəzinə
- TermNet şəbəkəsinə
qoşulmasının təmin edilməsi.
3. Komissiyanın hüquqları
3.1.
Komissiyanın öz vəzifələrini həyata keçirmək
üçün aşağıdakı hüquqları
vardır:
3.1.1.
Azərbaycan dilinin lüğət tərkibinə daxil olan
yeni terminlərin geniş ictimaiyyətə
çatdırılması və onların müzakirəsinin
təmin edilməsi məqsədi ilə "Yeni terminlər"
bülletenini nəşr etdirmək;
3.1.2.
ölkədə terminoloji mühitin nəzarətdə
saxlanılması məqsədi ilə müntəzəm
monitorinqlər aparmaq;
3.1.3.
dilin terminoloji bazasını yad təsirlərdən qorumaq, inkişaf
etdirmək, dünya azərbaycanlılarının müraciət imkanı olan onlayn resurs
bazasının formalaşdırılması və
bütövlükdə yeni terminlərin yaradılması
prosesində virtual məkanın imkanlarından istifadə etmək,
o cümlədən, interaktiv forumlar vasitəsilə bu prosesə
geniş ictimaiyyəti cəlb etmək;
3.1.4.
müxtəlif elm sahələrinə aid terminoloji lüğətlərin
elektron variantlarının virtual məkanda yerləşdirilməsini
həyata keçirmək;
3.1.5.
elmin müxtəlif sahələri ilə bağlı yaranan
terminlərin dildə sabitləşməsı, terminologiyanın
nəzəri məsələlərini, terminoloji lüğətlərin
tərtibi prinsiplərini və Komissiyanın təsdiq etdiyi
terminləri işıqlandıran, Komissiyanın rəsmi
orqanı olan "Terminologiya məsələləri"
elmi jurnalının nəşrini həyata keçirmək;
3.1.6.
Azərbaycan elmi dilinin dərsliklərdə və mətbuatda
düzgün əks etdirilməsi məqsədi ilə
orfoqrafiya qaydalarının təkmilləşdirilməsi
üçün təkliflər hazırlamaq;
3.1.7.
Azərbaycan dilinin terminoloji arealının (sahəsinin)
müasir metodlarla zənginləşdirilməsi, mövcud
terminoloji lüğətlərin vahid mərkəzdə
toplanılması, terminlərin izahı və müxtəlif
dillərdə qarşılığının
tapılması, həmçinin termin
yaradıcılığına cəmiyyətin müxtəlif
təbəqələri, o cümlədən xaricdə
yaşayan soydaşlarımızın cəlb edilməsi məqsədlərinə
xidmət edən Azərbaycan terminologiyasının
veb-portalının (www.aztermin.az)
fəaliyyətini təmin etmək;
3.1.8.
virtual məkanda azərbaycandilli kontentlərdə
(veb-saytlarda, e-dərsliklərdə, e-qəzetlərdə və
s.) yad sözləri operativ olaraq aşkar etmək, kontent sahiblərini
və ictimaiyyəti məlumatlandırmaq, statistik məlumatlar
toplamaq, dilin terminoloji tələblərinə əməletmə
göstəricilərinə görə reytinqlər müəyyən
etmək, terminoloji bazaya daxil
ediləcək yeni terminləri müəyyənləşdirmək
və s. üçün onlayn terminoloji nəzarət
sisteminin (e-terminoloji monitorinq) yaradılmasını müvafiq
qaydada təmin etmək;
3.1.9.
elmi müzakirələr, simpozium və konfranslar təşkil
etmək, ölkə daxilində və xaricdə müvafiq tədbirlərdə
təmsil olunmaq.
4. Komissiyanın fəaliyyətinin
təşkili
4.1.
Komissiyanın fəaliyyətinə Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq
edilən sədr rəhbərlik edir.
4.2.
Komissiyanın iclasları üç ayda bir dəfədən
az olmayaraq çağırılır.
4.3.
Komissiyanın iclasları sədrin və ya Komissiya üzvlərinin
azı 1/3 hissəsinin təklifi ilə
çağırılır.
4.4.
Komissiyanın iclasları üzvlərinin yarısından
çoxu iştirak etdikdə səlahiyyətli sayılır.
4.5.
İclasların gündəliyi Komissiyanın iş planı əsasında
müəyyənləşdirilir. Bu və ya digər məsələnin
iclasın gündəliyinə daxil edilməsi sadə səs
çoxluğu ilə həll olunur.
4.6.
Komissiyanın qərarları sadə səs çoxluğu ilə
qəbul olunur və sədr tərəfindən imzalanır. Səslər
bərabər bölündükdə, Komissiya sədrinin səsi
həlledici hesab edilir.
4.7.
Zəruri hallarda, Komissiyanın iclaslarında iştirak etmək
üçün müzakirə olunan məsələlərlə
bilavasitə əlaqəli olan dövlət və digər
orqanların mütəxəssisləri dəvət edilə
bilərlər.
Azərbaycan.-2012.- 28 noyabr.- S.10.