Azərbaycan-Bolqarıstan münasibətlərinin
daha da genişlənməsi üçün
geniş imkanlar var
Dünən
Milli Məclisin Sədri Oqtay Əsədovla Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament
Məclisinin (QİƏT PM) Baş Assambleyasının
40-cı plenar sessiyasında iştirak etmək
üçün Azərbaycana səfərə gəlmiş
Bolqarıstan Respublikasının Xalq Məclisinin Sədri
Tsetska Tsaçeva arasında görüş keçirildi.
Oqtay
Əsədov onun dəvətini qəbul edərək
Bakıya səfər etdiyinə və Qara Dəniz İqtisadi
Əməkdaşlıq Təşkilatı Parlament Məclisi
Baş Assambleyasının (QİƏT PM) 40-cı
iclasında Bolqarıstan nümayəndə heyətinin fəal
iştirakına görə T.Tsaçevaya minnətdarlığını
bildirdi. Sonra QİƏT PM-in Bakıda keçirilən Baş
Assambleyasının 40-cı plenar sessiyası barədə
qonağa ətraflı məlumat verdi.
Milli Məclisin Sədri dedi ki, müxtəlif beynəlxalq qurumlarda hər iki ölkənin deputatlarının iştirakı və birgə fəaliyyəti münasibətlərin dərinləşməsinə xidmət edir. Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlığın inkişafında yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayan Oqtay Əsədov iki ölkə arasında bugünədək 40-dan çox sənədin imzalandığını diqqətə çatdırdı.
Spiker dedi ki, dövlətlərarası münasibətlərdə mühüm rol oynayan parlamentlər əlaqələrin inkişafına öz müsbət təsirini göstərməkdədir. Hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının fəaliyyəti təqdirəlayiqdir. Bolqarıstan parlamentinin sədrinin ölkəmizə bu səfəri qanunverici orqanlar arasında əlaqələrin dərinləşməsi baxımından da çox önəmlidir. İki ölkə arasında iqtisadi sahədə də əməkdaşlıq genişlənməkdədir. Neft və qaz sektorunda, turizm, nəqliyyat, mədəniyyət sahələrində münasibətləri daha da dərinləşdirmək üçün geniş imkanlar var.
Oqtay Əsədov Bolqarıstanın QİƏT PM-ə sədrliyi dövründə qurumun gələcək inkişafına layiqli töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.
Bolqarıstan parlamentinin sədri xanım Tsetska Tsaçeva ölkəmizə səfərindən, QİƏT PM-in Baş Assambleyasının plenar sessiyasında iştirakından məmnun qaldığını bildiridi. Qonaq xalqlarımız və dövlətlərimiz arasında münasibətlərin inkişafında parlamentlərin rolunu xüsusi vurğulayaraq, bu sahədə deputatların üzərinə böyük vəzifə düşdüyünü qeyd etdi. O, nüfuzlu beynəlxalq qurumlarda parlament nümayəndə heyətlərinin iştirakını yüksək dəyərləndirdi. Tsetska Tsaçeva bildirdi ki, siyasi dialoqun davam etdirilməsi digər sahələrdə də əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək.
Görüşdə
tərəfləri maraqlandıran digər məsələlər
ətrafında da fikir mübadiləsi aparıldı
Azərbaycan.-2012.- 28 noyabr.- S.2.