Əli HƏSƏNOV: Azərbaycanda etnikdini azlıqların hüquq və azadlıqları dövlət səviyyəsində qorunur

 

Noyabrın 27-də BMT-nin Cenevrədəki Baş Qərargahında - Millətlər Sarayında İnsan Hüquqları Şurasının Azlıq məsələləri üzrə Forumunun 5-ci sessiyası işə başlamışdır.

Sessiya BMT-nin 1992-ci ilin dekabrında qəbul olunmuş "Milli və ya etnik, dini və dil azlıqlarına mənsub olan şəxslərin hüquqları haqqında Bəyannamə"sinin 20 illiyinə həsr edilmişdir.

Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, sessiya BMT-nin baş katibi Pan Gi Munun videomüraciəti ilə açılmışdır. Baş katib Pan Gi Mun bəyannamənin milli azlıqların hüquqlarının təşviqi və müdafiəsi baxımından vacib rolunu qeyd etmiş və onların maraqlarının BMT müstəvisində əks olunmasının zəruriliyini bildirmişdir.

Sessiyada BMT-nin insan hüquqları üzrə ali komissarı N.Pilay, İnsan Hüquqları Şurasının sədri L.D.Lasere, azlıq məsələləri üzrə müstəqil ekspert R.İzsakforumun sədri S.Mayqa çıxış etmiş, bəyannamənin həyata keçirilməsinin zəruriliyini, sənədin azlıqların hüquqlarının təşviqi və müdafiəsi ilə bağlı müddəalarının tətbiqində BMT-nin müvafiq müqavilə orqanlarının rolunu qeyd etmişlər.

Sessiyada BMT-nin üzvü olan ölkələrdə millidini azlıqların vəziyyəti müzakirə olunmuş, bəyannamədən irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Sessiyada çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov etnikdini azlıqların müdafiəsi sahəsində milli qanunvericiliyə və beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanda həyata keçirilən dövlət siyasəti barədə ətraflı məlumat vermiş, ölkədə etnik-mədəni müxtəlifliyin qorunması, millətlərarası və dövlətlərarası münasibətlərin sivil normalar əsasında tənzimlənməsi, tolerantlığın daha da möhkəmləndirilməsi sahəsində görülən çoxsaylı tədbirlərdən bəhs etmiş, azlıqların dil və mədəniyyətinin qorunub saxlanması və inkişafına dövlətin göstərdiyi diqqət və qayğını konkret faktlarla sessiya iştirakçılarının diqqətinə çatdırmışdır.

Əli Həsənov postsovet məkanında ilk dəfə olaraq Azərbaycan Respublikasında milli azlıqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, həmçinin dilinin və mədəniyyətinin inkişafına dövlət yardımı haqqında Prezident fərmanının imzalandığını bildirmişdir. Nümayəndə heyətinin rəhbəri həmçinin Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizdə yaşayan  azlıqların dil, mədəniyyət, din azadlığı, təhsil və digər hüquqlarının  təsbit olunduğunu vurğulamış və bildirmişdir ki, Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nda milli azlıqların mədəni irsinin inkişafı Azərbaycan hökumətinin əsas fəaliyyət istiqamətlərindən biri kimi nəzərdə tutulmuşdur.

Prezident Administrasiyasının rəsmisi demişdir ki, Azərbaycanda milli azlıqlar həm parlamentdə, həm də icra hakimiyyəti orqanlarında geniş təmsil olunurlar. Azərbaycan dövlətinin milli siyasətinin əsas istiqamətlərindən biri ölkəmizdə yaşayan bütün milli azlıqların dil və mədəniyyətinə müvafiq dəstəyin göstərilməsidir. Azərbaycanın milli azlıqların məskunlaşdığı bir sıra rayonlarında ali təhsil müəssisələri və kolleclərin filialları açılmış, ölkənin radioteleviziya kanallarında milli azlıqların dillərində verilişlər yayımlanır. Həmin ərazilərdə yerli telekanallar fəaliyyət göstərir. Milli azlıqların dilində qəzet və jurnallar nəşr olunur.

Şöbə müdiri Əli Həsənov həmçinin əlavə etmişdir ki, Mədəniyyət və Turizm Nazirliyi yanında Milli Azlıqların Əlaqələndirmə Şurası fəaliyyət göstərir. Azərbaycan Milli Elmlər Akademiyasında milli azlıqların dil, mədəniyyət, tarix və etnoqrafiyasının öyrənilməsi üzrə xüsusi şöbə yaradılmışdır. Bakıda katolik kilsələri, sinaqoqlar məscidlərlə yanaşı fəaliyyət göstərir. Bu mənada Azərbaycan bütün dünyada multikulturalizm məkanı kimi tanınır.

Tədbirdə Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Murad Nəcəfbəyli iştirak etmişdir.

Forumun 5-ci sessiyası öz işini noyabrın 28-də başa çatdıracaqdır.

 

 

Azərbaycan.-2012.- 28 noyabr.- S.3.