Abşeron yeni inkişaf mərhələsinə qədəm qoyur

 

Azərbaycanın ən müxtəlif guşələrində müşahidə olunan abadlıq, tərəqqi və yüksəliş Abşeron rayonunda da qabarıq görünür. Ötən 7 ildə Abşeron rayonunun sosial-iqtisadi inkişafında nəzərəçarpacaq irəliləyişlər müşahidə olunmuş, irimiqyaslı yenidənqurma işləri həyata keçirilmiş, rayon sakinlərinin sosial-məişət problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görülmüşdür.

Prezident İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda da əsas məqsəd ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın diversifikasiyası, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına nail olmaqdır. Dövlət proqramının icrası istiqamətində ölkəmizin iqtisadiyyatında müşahidə olunan davamlı inkişaf tempi ilə əlaqədar Abşeron rayonunda böyük uğurlar əldə edilmişdir.

 

İqtisadi siyasətin uğur göstəricisi

 

 Ötən müddətdə mövcud potensialın səmərəli realizə edilməsi, rayonun malik olduğu əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlardan irəli gələn vəzifələrin reallaşdırılması Abşeron rayonunun uğurlarını şərtləndirən başlıca məqamlar sırasındadır. Cənab İlham Əliyevin yeritdiyi siyasətin mahiyyətindən irəli gələrək ötən illərdə rayonda qarşıya qoyulmuş başlıca vəzifələr əhalinin sosial rifah halının yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin daha sürətlə aparılması, təhsil-səhiyyə müəssisələrinə diqqətin artırılması, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılması, sahibkarların fəaliyyətinə mane olan süni əngəllərin aradan qaldırılmasından ibarətdir. Bu illərdə rayon üzrə həyata keçirilmiş çoxşaxəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlı olması ilə diqqət çəkir.

Son yeddi ildə sürətli sosial-iqtisadi inkişaf yolunda uğurlu nailiyyətləri ilə ölkənin qabaqcıl regionları sırasına çıxmış Abşeron rayonu 2012-ci ilin doqquz ayında da qarşıda duran vəzifələrin layiqincə həyata keçirilməsini təmin edib.  Mövcud sənaye müəssisələrində istehsal güclərinin artırılması, yeni müəssisələrin işə salınması rayonda iqtisadiyyatın yüksəlməsinə güclü təkan vermişdir.

Sənaye müəssisələri ilin əvvəlindən 80,9 milyon manatlıq məhsul istehsal etmiş və xidmətlər göstərmişdir. Bu dövr ərzində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 109,7 milyon manat investisiya yönəldilib. Ayrı-ayrı sahələr üzrə ilin doqquz ayının yekunları göstərir ki, ötən müddətdə rayon icra hakimiyyəti və inzibati-ərazi dairələri üzrə nümayəndəliklər yerlərdə kənd təsərrüfatı məhsulları istehsalının artırılması imkanlarından və ehtiyat mənbələrindən səmərəli istifadəni daim diqqət mərkəzində saxlamışlar.

2012-ci ilin dövlət büdcəsinə əsasən, yalnız 3 şəhər və rayona yerli gəlirlə xərcləri tənzimləmək üçün büdcədən vəsait ayrılmayacaq. Hesab edilir ki, onların əldə etdiyi yerli gəlirlər yerli xərcləri ödəmək üçün kifayət edir. "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında" qanuna görə, Bakı və Sumqayıt şəhərləri ilə yanaşı Abşeron rayonu da öz xərclərini ödəyəcəkdir.

 

Dotasiyasız işləyən inzibati bölgələr sırasında olan Abşeron rayonunun gəlirləri 34,148 milyon manat, yerli əhəmiyyətli gəlirləri isə 23,794 milyon manat təşkil edir. Rayon rəhbərliyi 2013-cü ildə də yerli gəlirlər hesabına xərclərini ödəyəcək.

 

Sosial problemlərin həllində mühüm nəticələr

 

Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlardan irəli gələn vəzifələrin uğurlu həlli üçün rayonun mövcud potensialı səmərəli şəkildə realizə edilmiş, tərəqqi və inkişafa xidmət edən islahatlar işlək mexanizmlər əsasında, yüksək dinamizmlə həyata keçirilmişdir. Məhz bunun nəticəsidir ki, hər bir inkişaf mərhələsi üçün əldə edilmiş makroiqtisadi göstəricilər Abşeron sakinlərinin həyatında qabarıq duyulur, insanların maddi rifah halı, yaşayış səviyyəsi yüksəlir. Bu baxımdan rayon ərazisində əsas magistral yolların, kommunikasiya xətlərinin əsaslı təmirini, əhalinin kommunal problemlərinin həlli sahəsində həyata keçirilən tədbirləri xüsusi vurğulamaq olar. Ötən dövrdə həmçinin rayon əhalisinin içməli su, təbii qaz və elektrik enerjisi ilə təminatı, habelə kənd, şəhər, şəhərlərarası magistral yolların tikintisi, təhsil, səhiyyə və mədəniyyət obyektlərinin inşası istiqamətində mühüm nəticələr əldə olunmuşdur.

Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixdə imzaladığı "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Abşeron rayonundakı yaşayış evlərinin elektrik enerjisi, təbii qaz, içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Bundan başqa, proqram çərçivəsində mərkəzi istilik sisteminə qoşulmuş yaşayış binalarının, təhsil, səhiyyə və mədəniyyət obyektlərinin keyfiyyətli istiliklə təmin olunması, mövcud infrastrukturun müasirləşdirilməsi, yeni təhsil, səhiyyə, mədəniyyət, idman, ekologiya, rabitə, mühəndis-kommunikasiya obyektlərinin inşası, küçə və məhəllələrdə asfalt örtüyün çəkilməsi, tarix-memarlıq abidələrinin bərpası nəzərdə tutulmuşdur.

283 mindən artıq əhalisi olan Abşeron rayonunda 15 yaşayış məntəqəsi, o cümlədən 1 şəhər, 8 qəsəbə, 6 kənd var. Ötən 9 ayda da Xırdalan şəhərində, eləcə də qəsəbə və kəndlərdə abadlıq və quruculuq işləri daha geniş miqyasda davam etdirilmiş, yeni istehsal müəssisələrinin, sosial obyektlərin və mənzil tikintisinin əhatəsi əhəmiyyətli dərəcədə genişlənmişdir. Rayon icra hakimiyyəti başçısı yanında Büdcədənkənar İnkişaf və Bərpa Fondundan aztəminatlı və şəhid ailələrinə, kimsəsizlərə, tənha ahıllara 60300 manat yardım göstərilmişdir. Hazırda rayon üzrə 3038 ailənin 11864 üzvü ünvanlı sosial yardım alır. Hər bir ailəyə düşən aylıq sosial yardım 110,0 manat təşkil edir.

Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən hər ay orta hesabla 17400 nəfərə pensiyaların ödənilməsi təmin edilmişdir. Əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin edilməsi işi rayon icra hakimiyyətinin və onun yerli idarəetmə strukturlarının gündəlik fəaliyyətlərində xüsusi yer tutmuşdur. İlin əvvəlindən 1625 yeni iş yeri açılmış, iş axtaran və işsiz 642 vətəndaşdan 385 nəfəri işə düzəldilmiş, 47 nəfərə isə işsizlik statusu verilmişdir. Abşeron rayonunda məskunlaşmış 31518 məcburi köçkünün (8544 ailə) rastlaşdığı çətinliklərin operativ aradan qaldırılması rayon rəhbərliyinin daim diqqət mərkəzindədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk gündən icra strukturları qarşısında müəyyənləşdirdiyi mühüm tələblərdən biri də vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə ciddi yanaşılmasıdır. "Hər bir məmur xalqının xidmətçisi olmalıdır" deməklə hakimiyyəti xalqa layiqli xidmət məramı kimi dəyərləndirən dövlət başçısı müntəzəm olaraq xalq qarşısında hesabat verməsini, görülən işlər barədə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasını demokratik idarəetmənin zəruri tələbi kimi önə çəkmişdir. Abşeron Rayon İcra Hakimiyyəti də öz fəaliyyətini bu tələblər çərçivəsində quraraq vətəndaşların qəbulunun təşkili, onların müraciətlərinə vaxtında baxılmasına əməl olunması, icra aparatında nizam-intizamın gücləndirilməsi üçün zəruri tədbirlər həyata keçirməkdədir.

Ötən 9 ayda rayon icra hakimiyyətinə 3325 ərizə və şikayət daxil olmuşdur. Bunların 681-i respublika Prezidenti Administrasiyasından, 77-si Nazirlər Kabinetindən, 59-u Milli Məclisdən göndərilmiş, 2508-i isə birbaşa RİH-ə təqdim olunmuşdur. Respublikanın rəhbər orqanlarından 91 qanun, fərman, sərəncam və qərar daxil olmuş, onların icrası təmin edilmişdir. RİH başçısı Zakir Fərəcov cari ildə 442 nəfər, o cümlədən bilavasitə yerlərdə 230 nəfər vətəndaşı qəbul etmişdir. Vətəndaşların ərizə, şikayət və müraciətlərinə qanunun tələbləri əsasında baxılmışdır.

 

Təhsil və səhiyyəyə davamlı qayğı

 

 Hər bir inkişaf etmiş dövlətin qarşısında duran əsas vəzifələrdən biri də vətəndaşlar üçün keyfiyyətli təhsil, müasir səhiyyə xidməti təşkil etməkdir. Azərbaycan Prezidentinin son 9 ildə imzaladığı fərman və sərəncamların nəticəsi kimi bu sahələrdə əldə olunmuş nailiyyətlər Abşeron rayonu üçün də səciyyəvidir. Paytaxtın digər rayonlarında olduğu kimi, burada da təhsil və səhiyyə infrastrukturunun yeniləşdirilməsinə xüsusi qayğı göstərilir, bu sahədə problemlərin həlli üçün davamlı tədbirlər həyata keçirilir.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurla həyata keçirilməsi rayonda təhsil infrastrukturunun müasirləşdirilməsinə, yeni məktəblərin tikilib istifadəyə verilməsinə, mövcud məktəblərin əsaslı təmir olunaraq yenidən qurulmasına və zəruri tədris vasitələri ilə təchiz olunmasına geniş imkanlar açmışdır. Təqdirəlayiq haldır ki, təlim-tərbiyə müəssisələrinə göstərilən bu qayğı tədrisin keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsi ilə müşayiət olunur.

Builki tədris ilində ali məktəblərə qəbul imtahanlarında iştirak edənlərin 49,1 faizinin uğur qazanması, onlardan 19 nəfərinin 600-dən çox, 51 nəfərinin 500-dən yuxarı bal toplaması bunu deməyə əsas verir. Daha dörd şagird tam orta məktəbi qızıl medalla bitirmiş, Xırdalan şəhər 3 saylı tam orta məktəb-liseyinin şagirdi beynəlxalq bilik yarışmasında fitri istedad nümayiş etdirdiyinə görə buraxılış imtahanları vermədən tam orta təhsil haqqında attestat almış, qəbul imtahanında iştirakı tələb olunmadan Şimali Kipr "Orta Doğu" Universitetinə xüsusi imtiyazla, yəni tələbəlik dövrünün bütün təminatı universitetin hesabına ödənilmək şərti ilə qəbul olunmuşdur.

Bu il daha bir məktəb - Xırdalan şəhər 3 saylı tam orta məktəb-lisey ümumrespublika müsabiqəsində "İlin ən yaxşı məktəbi" və həmin məktəbin ibtidai sinif müəllimi Gülşən Hümbətova "İlin ən yaxşı müəllimi" adına layiq görülmüş, xüsusi diplom və böyük məbləğdə pulla mükafatlandırılmışlar. Saray qəsəbə 3 saylı tam orta məktəbin müəllimi Kəmalə Sadıqova "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.

Növbəti dərs ilində 960 şagirdlik müasir məktəbin tikilib istifadəyə verilməsi Xırdalan şəhərində şagird sıxlığının xeyli azaldılmasını təmin etmişdir. Hazırda Məhəmmədi kəndində 960 şagirdlik tam orta məktəbin tikintisi davam edir.

Rayonun daxili imkanları hesabına cari ilin ötən dövründə Xırdalan şəhərində 23 saylı uşaq bağçası əsaslı təmir olunmuş, Güzdək qəsəbəsində dörd qrupluq uşaq bağçasının tikintisi isə başa çatmaq üzrədir. Məhəmmədi kəndində 6 qrupluq uşaq bağçasının tikintisi aparılır. Masazır kəndində 8, Novxanıda 4 qrupluq uşaq bağçalarının tikintisi üçün torpaq ayrılıb, layihə-smeta sənədləri tərtib olunub.

Əhaliyə səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində tədbirlər cari ildə də ardıcıllıqla davam etdirilmişdir. Prezident İlham Əliyev mərkəzi rayon xəstəxanasının tikilməsi haqqında 17 aprel 2012-ci il tarixdə xüsusi sərəncam imzalamışdır. Bu möhtəşəm tibb ocağının inşasına artıq başlanılmışdır.

Rayonun daxili imkanları hesabına Fatmayı kəndində və Hökməli qəsəbəsinin "At yalı" yaşayış massivində inşasına başlanılmış həkim məntəqələrinin tikinti işləri başa çatdırılmışdır. 2007-ci ildən səhiyyə ocaqlarının şəbəkəsinin genişləndirilməsi, aşınmaya məruz qalmış həkim məntəqələri və xəstəxanaların əsaslı qaydada yenidən qurulması, müasir tibbi avadanlıqlar, bərk və yumşaq inventarlarla təminatı səhiyyə işçilərinin səmərəli fəaliyyətinə zəruri şərait yaratmışdır.

Abşeron rayonu inkişafının keyfiyyətcə yeni bir dövrünü yaşayır. Bu gün ölkəmizin hər bir guşəsində, eləcə də Abşeron rayonunda yaşayan vətəndaşlar  Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurların bəhrəsini gündəlik həyatlarında hiss edir və ölkə rəhbərliyinin yürütdüyü siyasəti birmənalı dəstəkləyirlər.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.-2012.- 28 noyabr.- S.4.