Bakıda «İdman
qurğularının idarə edilməsi» mövzusunda beynəlxalq konfrans
keçirilir
Noyabrın
27-də Bakıda "İdman qurğularının idarə
edilməsi" mövzusunda beynəlxalq konfrans işə
başlamışdır. Milli Olimpiya Komitəsinin inzibati
binasında təşkil edilən konfrans MDB İcraiyyə
Komitəsi tərəfindən qəbul olunmuş 2012-ci il -
"İdman və sağlam həyat tərzi ili"nin Tədbirlər
Planına əsasən keçirilir.
İki
gün davam edəcək konfransın rəsmi
açılış mərasimində çıxış
edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə
idmana göstərilən dövlət qayğısından
danışmış, idmançılarımızın
qazandıqları nailiyyətlər barədə məlumat
vermişdir. Nazir bildirmişdir ki, ölkəmizdə
idmanın inkişaf etdirilməsi istiqamətində
mühüm addımlar atılmışdır. Hazırda
Gimnastika Mərkəzi, üzgüçülük hovuzu, 65
min tamaşaçı tutumuna malik Olimpiya stadionu inşa
olunur. Həmçinin cüdo, güləş və boks idman
növləri üzrə bazaların da inşası davam
etdirilir.
Bildirmişdir
ki, idman infrastrukturu təkcə paytaxtda deyil,
respublikamızın regionlarında da inkişaf etdirilir.
Yaradılan idman infrastrukturu dünya standartlarına tam cavab
verir və burada beynəlxalq yarışların keçirilməsi
üçün əlverişli şərait vardır.
Azərbaycan
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə
bölgələrdə yaradılan idman infrastrukturu barədə
məlumat vermişdir. Bildirmişdir ki, ilk olaraq Bakıda,
Naxçıvanda və Gəncədə olimpiya idman kompleksləri
istifadə verilmişdir. Daha sonra bu ənənə davam
etdirilmişdir. Hazırda ölkəmizdə 35 olimpiya idman
kompleksi fəaliyyət göstərir. Daha 10 idman infrastrukturu
isə inşa olunur.
Ölkəmizdə
idmana dövlət qayğısından danışan
Ç.Hüseynzadə 20 il əvvəl MOK-un inzibati
binasının təntənəli açılış mərasimində
ümummilli lider Heydər Əliyev və Beynəlxalq Olimpiya
Komitəsinin prezidenti Jaq Roqqenin iştirak etdiklərini diqqətə
çatdırmışdır. Bildirmişdir ki,
açılış mərasimindən bir neçə
gün sonra isə Azərbaycan Avropa Olimpiya Komitəsi
İcraiyyə Komitəsinin iclasına ev sahibliyi etmişdir.
Ukraynanın
Gənclər və İdman Dövlət Agentliyinin sədr
müavini Vadim Sisyuk ölkəmizdə idman sahəsində
yaradılmış şəraiti yüksək qiymətləndirmiş
və artıq Azərbaycanın idman ölkəsinə
çevrildiyini diqqətə çatdırmışdır.
Qeyd etmişdir ki, Ukraynada da idman infrastrukturunun inkişaf
etdirilməsində mühüm işlər
görülür. Ukraynada cari ildə futbol üzrə Avropa
çempionatı yüksək səviyyədə təşkil
olunmuşdur. Növbəti illərdə bədii gimnastika
üzrə Dünya çempionatı, yüngül atletika və
basketbol üzrə Avropa çempionatlarının Ukraynada
keçirilməsi nəzərdə tutulmuşdur.
Sonra
Rusiya, Qazaxıstan və Qırğızıstanı təmsil
edən idman sahəsi üzrə mütəxəssislərin,
Azərbaycanda fəaliyyət göstərən olimpiya idman
kompleksləri və digər idman qurğuları rəhbərlərinin
"Bədən tərbiyəsi və idman infrastrukturunun
inkişafı", "Regionlarda bədən tərbiyəsi
və idmanın inkişafında idman qurğularının
rolu", "İdman komplekslərinin tikintisində əsas tələblər"
və digər mövzularda məruzələri dinlənilmişdir.
Konfrans
çərçivəsində iştirakçılar
Otüstü Hokkey Kompleksi, Şağan qəsəbəsində
yerləşən Olimpiya İdman Kompleksi, Bakı Tennis
Akademiyası, "Sərhədçi" İdman Olimpiya
Kompleksi və yenidən qurulmuş müasir Tofiq Bəhramov
adına Respublika stadionu ilə yaxından tanış olacaq,
Bakı Ekspo Mərkəzində keçiriləcək 1-ci Azərbaycan
Beynəlxalq İdman, idman ləvazimatı və geyim sərgisində
iştirak edəcəklər.
AzərTAc
Azərbaycan.-2012.- 28 noyabr.- S.5.