Bakıda Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi təntənəli mərasimlə qeyd edilmişdir

 

Noyabrın 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli maarifçiictimai xadim, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə teatrın foyesində ədibin M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının fondlarında saxlanılan əsərlərindən, onun haqqında yazılmış elmi-publisistik ədəbiyyatdan, həmçinin dramaturqun yaradıcılığı əsasında hazırlanmış tamaşalardan səhnələrin əks olunduğu kitab, rəsm və fotoşəkillərdən ibarət sərgini seyr etmişlər.

Dramaturqun buradakı kitab sərgisində nümayiş etdirilən komediyalarının 1853-cü ildə Tiflisdə rus dilində nəşr olunmuş nüsxəsi və digər kitablar böyük maraqla qarşılanmışdır.

Dövlət və hökumət rəsmilərinin, tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbirdə Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev M.F.Axundzadənin həyat və yaradıcılığı haqqında məruzə etmişdir. Bildirmişdir ki, M.F.Axundzadə Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində yeni mərhələ yaratmışdır. Onun yaradıcılığı nəinki Azərbaycan, bütövlükdə Şərq ədəbiyyatının inkişafına böyük təsir göstərmişdir. Görkəmli mütəfəkkirin yaratdığı mənəvi sərvət Azərbaycan xalqının bədii, estetik, ictimai, fəlsəfi keçmişi ilə gələcəyi arasında bir körpü rolunu oynamışdır.  

Baş nazirin müavini ədibin öz qəhrəmanlarını bilavasitə həyatdan götürdüyünü, onun novator yaradıcılığının dövrünün real bədii salnaməsinə çevrildiyini diqqətə çatdırmışdır. Vurğulamışdır ki, görkəmli yazıçının fəlsəfi təxəyyülü dünyanı, cəmiyyət hadisələrini, estetikanı dərindən dərk edərək və yozaraq Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində M.F.Axundzadə məktəbini yaratmışdır. Azərbaycan ədəbi tənqidi fikrinin inkişafı bu böyük mütəfəkkirin adı ilə bağlıdır.

Diqqətə çatdırılmışdır ki, 1982-ci ildə böyük dramaturqun 170 illik yubileyi məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə geniş qeyd edilmişdir. Natiq, eyni zamanda, vurğulamışdır ki, bu il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il 13 aprel tarixli sərəncamına uyğun olaraq M.F.Axundzadənin 200 illik yubileyi ilə əlaqədar ölkəmizdə silsilə tədbirlər keçirilmişdir. Görkəmli ədibin yubileyi çərçivəsində keçirilən bu tədbirlər ölkəmizdə böyük mədəniyyət bayramına çevrilmişdir.

E.Əfəndiyev 2012-ci ilin TÜRKSOY tərəfindən "Mirzə Fətəli Axundzadə ili" elan olunduğunu, bütün türk dünyasında onun xatirəsinin ehtiramla yad edildiyini, müxtəlif ölkələrin teatrlarında əsərlərinin oynanıldığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Həmçinin qeyd etmişdir ki, bu il Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycan milli dramaturgiyasının banisi  M.F.Axundzadənin abidəsi ucaldılmışdır.

Baş nazirin müavini dahi dramaturqa olan ümumxalq sevgisinin həmişə yaşayacağını bildirmişdir.

Tədbirin bədii hissəsində M.F.Axundzadənin qəhrəmanlarının və dramaturqun özünün obrazının əks olunduğu ədəbi kompozisiya təqdim edilmişdir. Böyük dramaturqun obrazını xalq artisti Nurəddin Mehdixanlı canlandırmışdır.

Ədəbi kompozisiya alqışlarla qarşılanmışdır.

 

 

Azərbaycan.-2012.- 28 noyabr.- S.6.