Cinayətkarlığa qarşı
mübarizə, vətəndaşların qanuni
mənafelərinin, hüquq
və azadlıqlarının qorunması istiqamətində tədbirlər
məqsədyönlü şəkildə davam etdirilir
Noyabrın
27-də Daxili İşlər Nazirliyində (DİN) "Təqsirləndirilən
və xəbərsiz itkin düşmüş şəxslərin
axtarışı, tanınması mümkün olmayan meyitlərin
şəxsiyyətinin müəyyənləşdirilməsi",
"Polis sahə rəislərinin və sahə
inspektorlarının fəaliyyətinin təşkili" və
"Cinayət və hadisələr barədə məlumatların
qəbulu, qeydiyyatı və baxılması" sahələrində görülən işlərin vəziyyətinə həsr olunmuş geniş kollegiya
iclası keçirilmişdir.
DİN-in
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,
daxili işlər naziri, general-polkovnik Ramil Usubov demişdir ki,
müzakirəyə çıxarılan məsələlərin xidməti fəaliyyətin
mühüm sahələrini əhatə edir. İnsan
hüquq və azadlıqlarının etibarlı təmini,
respublikada əməliyyat şəraitinə və cinayətlərin
açılmasına təsiri baxımından da hər
üç məsələ əhəmiyyətlidir və bu
istiqamətlərdə fəaliyyət daim nəzarətdədir.
Qeyd
olunmuşdur ki, cinayətkarlığa qarşı mübarizədə,
vətəndaşların qanuni mənafelərinin, hüquq və
azadlıqlarının qorunmasında ölkənin
qanunvericilik aktlarından, dövlət
başçısının fərman və sərəncamlarından
irəli gələn vəzifələrin yerinə yetirilməsi
istiqamətində tədbirlər məqsədyönlü
şəkildə davam etdirilir. Bu mənada təqsirləndirilən və xəbərsiz
itkin düşmüş şəxslərin
axtarışının vəziyyəti daim diqqət mərkəzində
saxlanılır, bu sahədə görülən işlər
kollegiya iclaslarında və əməliyyat müşavirələrində
müzakirə olunur, fəaliyyətin daha da
yaxşılaşdırılması üçün yerlərə
yazılı göstərişlər göndərilir, əməli
köməklik göstərilir.
Bildirilmişdir
ki, son illər DİN sistemində ictimaiyyətlə əlaqələrin
möhkəmləndirilməsi, insan hüquq və
azadlıqlarının təmini işinin beynəlxalq təcrübəyə
uyğun qurulması istiqamətində tədbirlər
davamlı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin
rəhbərliyi ilə ölkədə aparılan
islahatların əsas xəttini insan amili, xüsusən, hər
bir şəxsin qanuni mənafelərinin, hüquq və
azadlıqlarının qorunmasının təşkil etməsi
baxımından, fəaliyyətin müvafiq beynəlxalq
standartlara uyğun qurulması bütün dövlət
strukturlarının, o cümlədən DİN-in prioritet vəzifələrindəndir.
Gündəlikdəki
birinci məsələ barədə məruzə ilə
çıxış edən baş cinayət-axtarış
idarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski demişdir ki,
ötən ilin müvafiq dövrü ilə müqayisədə
cari ildə axtarış işinin göstəriciləri daha
da yaxşılaşaraq 58 faizdən 60,4 faizədək
yüksəlmiş, axtarılanların ümumi sayı 2,2
faiz, axtarışda qalanların sayı isə 7,8 faiz
azalmışdır. Axtarışda olan 1740 şəxs
tutulmuş, MDB ölkələrinin
hüquq-mühafizə orqanları tərəfindən
axtarılan 166 nəfərin yeri müəyyən
edilmişdir.
"Polis sahə rəislərinin və inspektorlarının fəaliyyətinin təşkili sahəsində görülən işlərin vəziyyəti" haqqında məruzə ilə baş ictimai təhlükəsizlik idarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov çıxış etmişdir. Diqqətə çatdırılmışdır ki, ölkəmizdə ictimai asayişin qorunması sahəsində funksiyaların icrası, polis sahə məntəqələrinin işinin təkmilləşdirilməsi, müasir tələblərə uyğun səmərəli təşkili, əhali ilə əlaqələrin genişləndirilməsi, bütövlükdə səmərəli fəaliyyət üçün zəruri şəraitin yaradılması məqsədilə Azərbaycan Prezidentinin "Polis sahə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 2007-ci il 12 mart tarixli sərəncamından irəli gələn vəzifələrin icrası davam etdirilmişdir. Ötən dövrdə 72, o cümlədən Bakı şəhəri üzrə 42 polis sahə məntəqəsi istifadəyə verilmişdir, 33 məntəqənin tikintisi isə davam etdirilir. Polis sahə məntəqələrinin ünvanları, telefon nömrələri, vətəndaşların qəbul günləri və saatları, orada xidmət aparan əməkdaşlar barədə zəruri məlumatlar və onların əlaqə telefonları DİN-in veb saytına yerləşdirilmişdir. Polis sahə məntəqələrində vətəndaşların qəbulu işi xeyli yaxşılaşmış, qəbula gələn vətəndaşların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz çoxalmışdır. İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində vətəndaşların könüllü iştirakı ilə bağlı DİN-in aidiyyəti əmrlərinin icrası da xüsusi nəzarətdə saxlanılmış, ictimai şuraların formalaşdırılması işi yekunlaşmış və bu günədək 3810 vətəndaş, o cümlədən 192 nəfər təqaüddə olan polis əməkdaşı şura üzvlüyünə qəbul edilmişdir.
Cari ilin müvafiq dövrü ərzində açılması təmin edilmiş 13 min 720 cinayətin 70 faizinin açılmasında, eləcə də axtarışda olan təqsirləndirilən şəxslərdən 52,6 faizinin tutulmasında polis sahə rəislərinin və polis sahə inspektorlarının iştirakı olmuşdur.
Gündəlikdəki üçüncü məsələ ilə bağlı baş istintaq və təhqiqat idarəsinin rəis müavini, təhqiqat idarəsinin rəisi, polis polkovniki Emil Usubov məruzə ilə çıxış etmişdir. O qeyd etmişdir ki, insanların həyatının, sağlamlığının və mülkiyyətinin hüquqazidd əməllərdən qorunmasında, pozulmuş hüquqlarının bərpasında mühüm əhəmiyyət kəsb edən cinayət və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması işi daim nazirliyin diqqət mərkəzində olmuşdur.
Cari ilin 9 ayında respublikanın polis orqanlarına daxil olmuş 70621 cinayət xarakterli məlumat araşdırılmışdır ki, onların da 86 faizi təhqiqatçıların icraatında olmuşdur.
Ötən ilin analoji dövrü ilə müqayisədə icraatda olan materialların sayı cari ilin 9 ayında 30 faizədək, müvafiq məsələ ilə bağlı nazirliyə ünvanlanan şikayətlərin sayı 4 dəfə və ya 3987 fakt azalmışdır.
Müzakirələrdə çıxış edənlər görülmüş işlər, fəaliyyətdə mövcud olan nöqsan və çatışmazlıqlar, onların aradan qaldırılması və qarşıda duran vəzifələr haqqında danışmışlar.
İclasa yekun vuran Ramil Usubov gündəlikdəki məsələlər üzrə polis orqanlarının fəaliyyətini bütövlükdə qənaətbəxş qiymətləndirmiş, müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd etmiş, aidiyyəti baş idarə, idarə və ərazi polis orqanlarının rəhbərlərindən onların qısa müddətdə aradan qaldırılması ilə bağlı konkret tapşırıq və tövsiyələrini vermişdir.
Daxili
işlər naziri Prezident İlham Əliyevin ölkəmizin
iqtisadi qüdrətinin ilbəil artmasının əsasında sabitliyin, əmin-amanlığın
nümunəvi qorunması amilinin dayandığı fikrini bir
daha xatırladaraq əmin olduğunu bildirmişdir ki, şəxsi
heyət qanunla müəyyən edilmiş funksiyaları, dövlət
başçısının qarşıya qoyduğu
tapşırıqları bundan sonra da əzmlə yerinə
yetirəcək, cari ili də yüksək göstəricilərlə
başa vuracaqdır.
Azərbaycan.-2012.- 28 noyabr.- S.6.