«Qadın liderliyi» mövzusunda tədbir keçirilir
Noyabrın 27-də Bakıda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən dəstəklənən Qadın İştirakçılığı Proqramı çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) əməkdaşlığı və iştirakı ilə "Qadın liderliyi" mövzusunda iki günlük konfrans öz işinə başlamışdır.
Tədbirdə qadın liderliyi və qadınların qərar qəbuletmə prosesində iştirakının gücləndirilməsi məsələləri müzakirə olunmuşdur.
Tədbirdə çıxış edən AQUPDK-nın sədri Hicran Hüseynova Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi və mədəni həyatındakı rolundan danışmışdır. Bu sahədə dövlət rroqramlarının və digər mühüm sənədlərin qəbul olunduğunu qeyd edən komitə sədri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmişdir. H.Hüseynova bildirmişdir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının bugünkü vəziyyəti və cəmiyyətdəki fəallığı onu deməyə əsas verir ki, ölkəmizdə qadınların inkişafı üçün geniş imkanlar vardır.
USAID-in Azərbaycandakı missiyasının direktoru Maykl Qrin bildirmişdir ki, bugünkü tədbir qadınlarla bağlı prioritet məsələlərin önə çəkilməsi üçün bir platforma rolunu oynayacaqdır. Yekun olaraq konfrans iştirakçıları tərəfindən tövsiyələr hazırlanıb hökumətə təqdim ediləcəkdir.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə müzakirə edilən məsələlərin vacibliyini qeyd edərək bildirmişdir ki, qadın məşğulluğuna və qadınların cəmiyyətə inteqrasiyasına hərtərəfli şərait yaradılmalıdır.
"Kaunterpart İnterneşnl" təşkilatının vitse-prezidenti xanım Sibel Berzeq demişdir ki, bu tədbir BMT-nin "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyasından irəli gələn öhdəliklərin həyata keçirilməsi sahəsində hökumət ilə qeyri-hökumət təşkilatları arasında əməkdaşlığı daha da gücləndirəcəkdir.
Milli Məclisin deputatları Rəbiyyət Aslanova, Qənirə Paşayeva, Sevinc Fətəliyeva respublikamızda təhsilə, o cümlədən qadınların təhsilinə mühüm əhəmiyyət verildiyini qeyd edərək dövlət qurumlarında, elmi müəssisələrdə və özəl sektorda çalışan qadınların sayının getdikcə artdığını vurğulamışlar.
Konfrans çərçivəsində müxtəlif nominasiyalar üzrə qalib gəlmiş qadınlara mükafatlar təqdim olunmuşdur.
Sonda Azərbaycanda gender bərabərliyi siyasətinin uğurla həyata keçirilməsində verdiyi dəstəyə görə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya təşəkkür məktubu ünvanlanmışdır.
Konfrans
öz işini sessiyalar üzrə davam etdirmişdir.
AzərTAc
Azərbaycan.-2012.- 28 noyabr.- S.6.