Mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

 

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Viktor Tvirkun Azərbaycana səfəri çərçivəsində Mədəniyyət və Turizm Nazirliyində olmuşdur.

Mədəniyyət və Turizm Nazirliyindən bildirmişlər ki, nazir Əbülfəs Qarayev ilə görüşdə Azərbaycan ilə QDİƏT arasında  mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Ə.Qarayev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa böyük önəm verildiyini xüsusilə qeyd etmiş, 2007-ci ildə QDİƏT-nin mədəniyyət üzrə işçi qrupunun ilk iclasını xatırlatmış, 2009-cu ildən etibarən isə mədəniyyət və turizm üzrə işçi qrupların birləşdirilməsindən sonra təşkilatla əməkdaşlıqda irəliləyişlərin olduğunu qonağın diqqətinə çatdırmışdır.

QDİƏT-nin baş katibi Viktor Tvirkun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu bildirmiş, ölkə rəhbərliyi tərəfindən humanitar sahədə əməkdaşlıq və bu istiqamətdə qarşıda duran məqsədlərə nail olmaq üçün birgə səylərin göstərilməsinə xüsusi diqqət ayrıldığını qeyd etmişdir.

Söhbət əsnasında Ə.Qarayev QDİƏT-nin qeyri-neft sektorunda da layihələr və turizm sahəsində ekspertlər üçün treninqlər həyata keçirməsini  təklif etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 28 noyabr.- S.7.