Azərbaycan ilə Serbiya
arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası
Komissiyanın 2-ci iclasının yekunlarına dair Protokol
imzalanmışdır
Noyabrın
27-də Bakıda Azərbaycan Respublikası ilə Serbiya
Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq
üzrə Hökumətlərarası Komissiyanın 2-ci
iclası keçirilmişdir.
Azərbaycan
tərəfindən iqtisadi inkişaf naziri Şahin Mustafayevin
rəhbərlik etdiyi Hökumətlərarası Komissiyaya
müvafiq dövlət qurumlarının yüksək vəzifəli
rəsmiləri daxildir.
Serbiya
tərəfi isə iclasda Baş nazirin müavini, xarici və
daxili ticarət və telekommunikasiyalar naziri Rasim Lyayiçin rəhbərlik
etdiyi nümayəndə heyəti ilə təmsil
olunmuşdur.
İqtisadi
inkişaf naziri Şahin Mustafayev iki ölkə arasında
qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq
prinsiplərinə əsaslanan dostluq münasibətlərinin
formalaşdığını, iqtisadi-ticarət əlaqələrinin
daha da genişləndirilməsi üçün əlverişli
siyasi zəminin olduğunu qeyd etmişdir. Azərbaycan ilə
Serbiya arasında siyasi əlaqələr dinamik inkişaf etməkdədir
və bu sahədə qarşılıqlı rəsmi səfərlər
böyük rol oynayır. Ölkələrimiz arasında əməkdaşlığın
möhkəm hüquq-müqavilə bazası mövcuddur.
İkitərəfli əməkdaşlığın
mühüm istiqamətlərindən olan ticarət sahəsində
əlaqələrin inkişafına böyük önəm
verilir. 2012-ci ilin yanvar-sentyabr aylarında ötən ilin
müvafiq dövrü ilə müqayisədə iki ölkə
arasında ticarət dövriyyəsi 15 dəfə artsa da, bu
sahədə daha yüksək nəticəyə nail olmaq
üçün geniş imkanlar vardır. Azərbaycanın
investisiya ixracatçısına çevrildiyini vurğulayan
nazir Şahin Mustafayev Serbiyanın bu sahədə əməkdaşlıq
edilən ölkələrdən olduğunu bildirmişdir.
Hökumətlərarası
Komissiyanın yaradılmasının ölkələrimiz
arasında əməkdaşlığın inkişafına
göstərilən yüksək diqqətin,
qarşılıqlı marağın göstəricisi
olduğunu qeyd edən nazir Şahin Mustafayev Hökumətlərarası
Komissiyanın 1-ci iclasından ötən dövr ərzində
hüquqi bazanın, ticarət və investisiya əməkdaşlığının
daha da genişləndirilməsi istiqamətində
görülmüş işlər barədə məlumat
vermişdir. Qeyd edilmişdir ki, Azərbaycan və Serbiya
infrastruktur obyektlərinin tikintisi, kənd təsərrüfatı,
səhiyyə, təhsil, İKT, maliyyə, enerji, ətraf
mühit, turizm, bir sıra sənaye sahələri üzrə
əməkdaşlıq edə, mövcud əlaqələri
daha da genişləndirə bilərlər.
Şahin
Mustafayev Azərbaycan iqtisadiyyatı və qazanılmış
nailiyyətlər barədə də məlumat vermişdir.
Serbiyanın
Baş nazirinin müavini, xarici və daxili ticarət və
telekommunikasiyalar naziri, Hökumətlərarası
Komissiyanın həmsədri Rasim Lyayiç ölkəsinin Azərbaycan
ilə əlaqələrə böyük əhəmiyyət
verdiyini və əməkdaşlığın genişləndirilməsində
maraqlı olduğunu bildirmişdir.
İclasda
ticarət, qarşılıqlı investisiya qoyuluşu, sənaye,
kənd təsərrüfatı, tikinti, informasiya-kommunikasiya
texnologiyaları, turizm, 3-cü bazarlara birgə
çıxış imkanı, maliyyə və bank, səhiyyə,
təhsil, mədəniyyət, ətraf mühitin mühafizəsi
və digər sahələrə dair müzakirələr
aparılmışdır.
Hökumətlərarası
Komissiyanın üzvləri müzakirə olunan məsələlərə
və iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə
əməkdaşlığın genişləndirilməsinə
dair fikirlərini bildirmişlər.
Sonda
Azərbaycan Respublikası ilə Serbiya Respublikası
arasında Ticarət və İqtisadi Əməkdaşlıq
üzrə Hökumətlərarası Komissiyanın 2-ci
iclasının yekunlarına dair protokol
imzalanmışdır. Sənədi komissiyanın həmsədrləri
- Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri
Şahin Mustafayev və Serbiyanın Baş nazirinin müavini,
xarici və daxili ticarət və telekommunikasiyalar naziri Rasim
Lyayiç imzalamışlar. Sənəddə müxtəlif
sahələrdə əməkdaşlığın genişləndirilməsi
nəzərdə tutulur.
AzərTAc
Azərbaycan.-2012.- 28 noyabr.- S.7.