Gənclərin II Ümumrespublika
teatr festivalının
final mərhələsi
başlamışdır
Noyabrın
27-də Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında Gənclər və
İdman, Mədəniyyət və Turizm nazirliklərinin, Azərbaycan-Amerika
Alyansının dəstək verdikləri gənclərin ekologiya
mövzusunda II Ümumrespublika teatr festivalının final mərhələsinin
təntənəli açılış mərasimi
keçirilmişdir.
Mərasimdə
festivalın ideya müəllifi və rəhbəri, Milli Məclisin
deputatı Jalə Əliyeva tədbirin mühüm əhəmiyyət
daşıdığını vurğulamışdır. Bildirmişdir
ki, festivalın məqsədi ətraf mühitin mühafizəsi
və ekologiya mövzusu üzərində daha çox
yaradıcı gənci düşündürməkdən ibarətdir.
J.Əliyeva
diqqətə çatdırmışdır ki, ötən il
iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
tərəfindən Ətraf Mühitin Mühafizəsi üzrə
Beynəlxalq Dialoq Təşəbbüsü (IDEA) irəli
sürülmüşdür. Biz də istədik ki, teatra gələn
gənclərimiz Vətəni sevməyin yolunu, onun hər
daşını, küçəsini, guşəsini,
ağacını, çiçəyini sevməkdən
başladığını səhnədə öz gözləri
ilə görsünlər. Bu səbəbdən "Biz
inkişaf zamanındayıq" İctimai Birliyi tərəfindən
festivala məhz IDEA kampaniyasının fəaliyyətə
başladığı və ildönümünün qeyd
olunduğu gündə - iyulun 12-də start verilmişdir.
"Bizə
ideya lazımdır" devizi ilə keçirilən builki
festivalın məqsədi həm gəncləri
yaradıcı dialoqa cəlb etmək, həm də gənc
teatr kollektivlərinin hər bir üzvünü ekoloq-səfir
olmağa həvəsləndirməkdir. Festival əslində,
priz və pul mükafatı uğrunda gərgin rəqabət
xarakteri daşımır və daha çox gənclər
arasında fikir mübadiləsi, ideyalar toplusu kimi nəzərdə
tutulmuşdur.
Festivalın
rəhbəri bu layihəyə dəstək göstərən
bütün təşkilatlara təşəkkürünü
bildirmişdir.
Festivalın
icraçı direktoru Ramil Ağasıyev, Gənclər və
İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov festival
müddətində görülmüş işlər
haqqında geniş məlumat vermişlər.
Bildirilmişdir
ki, festivalın iyulun 12-dən avqustun 30-dək müddəti əhatə
edən birinci mərhələsində pyes-ssenarilərin qəbulu
və seçimi aparılmış, təqdim olunmuş 35
ssenaridən 13-ü seçilmişdir. Avqustun 30-dan
noyabrın 24-dək müddəti əhatə edən ikinci mərhələdə
seçilmiş yaradıcı heyətlərə
tamaşaları hazırlamaq üçün vaxt
verilmişdir.
Bakıdan
8, habelə Sumqayıt, Ucar, Zaqatala, Ağdam, Zərdab
truppalarının iştirak etdikləri festivala, ümumilikdə
100-dən artıq gənc qatılaraq 13 maraqlı, aktual
mövzulu tamaşa hazırlanmışdır.
Festivalın
final mərhələsinin ilk günündə 3 komanda
çıxış etmişdir.
Üç
gün ərzində tamaşalara baxış keçiriləcək
və nüfuzlu münsiflər heyəti tərəfindən
I, II və III yerlərin sahibləri, habelə ən
yaxşı rejissor işi, ən yaxşı ssenari, ən
yaxşı baş rol ifaçısı, ən yaxşı
qadın rolunun müəllifi seçilib qiymətləndiriləcəkdir.
Festivala noyabrın 30-da yekun vurulacaqdır.
AzərTAc
Azərbaycan.-2012.- 28 noyabr.- S.7.