İnkişaf geniş miqyas alır

 

Oktyabrın 27-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Saatlıya gerçəkləşən tarixi səfərinin yaratdığı xoş ovqat bu gün də bölgə sakinlərinin əhval-ruhiyyəsində aydın şəkildə duyulmaqdadır. Regionların sosial-iqtisadi inkişafına dair  Dövlət Proqramının uğurla həyata keçirilməsində Saatlı rayonunun özünəməxsus dəst-xətti var. Respublikanın  böyük iqtisadi potensiala malik rayonlarından olan Saatlı ölkənin taxılçılıq mərkəzlərindən  sayılır. Bu il 78 min tona yaxın yüksək keyfiyyətli buğda istehsal olunmuşdur. Saatlı kəndlisi hər hektarın məhsuldarlığını 37,3 sentnerə çatdıraraq böyük uğura imza atmışdır. Cari ilin doqquz ayında 5885 ton ət, 32,360 ton süd, 5,292 min ədəd yumurta,  nəzərdə tutulduğundan xeyli çox meyvə, bostan, tərəvəz məhsulları istehsal edən rayonun kənd əməkçiləri Ərzaq Proqramına sanballı töhfələr vermişlər. Hazırda pambıq yığımı davam edir. Bu gün Saatlı kəndlisi gələn ilin məhsul bolluğuna etibarlı bünövrə qoymağa çalışır. Taxıl səpini yüksək aqrotexniki qaydalar əsasında davam etdirilir. Səpində yüksək reproduksiyalı toxumlardan istifadə olunur.

Kənd təsərrüfatı işlərinin uğurlu gedişini təmin etməklə yanaşı, rayonda genişmiqyaslı abadlıq, quruculuq işlərinin reallaşmasına  da böyük önəm verilir. Rayon mərkəzində sosialyönümlü obyektlərin sayı sürətlə artmaqdadır. Yüksək zövqlə yenidən qurulan parklar, meydanlar, xiyabanlar, abadlaşan küçələr şəhərə müasir görkəm verir. Saatlıya səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Azərbaycan  Prezidenti İlham Əliyev demişdir: "Bu gün mən Saatlı rayonunda bir neçə obyektin açılışında məmnuniyyətlə iştirak etmişəm. Bu obyektlər bir daha göstərir ki, Saatlı rayonu hərtərəfli inkişaf edir. Bu gün Diyarşünaslıq Muzeyinin, Gənclər Mərkəzinin, Şahmat məktəbinin, Yeni Azərbaycan Partiyasının yeni binasının açılışlarını qeyd etdik. Yəni, bu açılışlar özlüyündə bir göstəricidir. Rayonun inkişafını göstərir, rayon gözəlləşir, abadlaşır. Mərkəzi meydan tamamilə yeni görkəm alıbdır və böyük istirahət zonasına çevrilibdir. Mən xatırlayıram, bu meydanın əvvəlki vəziyyəti o qədər də ürəkaçan deyildi. Amma indi insanların istirahəti, rahat yaşaması üçün ən gözəl şərait yaradılıbdır. Kənd yolları tikilir. Mənim sərəncamımla artıq bir neçə kəndi birləşdirən yeni yol tikilibdir. Yenə də buna ehtiyac vardır. Gələn aylarda əlavə vəsait ayrılacaqdır".

Dövlətin davamlı və yetərli qayğısı Saatlının dinamik inkişaf yoluna çıxmasının əsas şərtidir. Bu qayğıdan güc alan bölgə əhalisi tükənməz qurub-yaratmaq həvəsi ilə doğma yurdu gözəlləşdirməyə, vətəndaşı olduğu ölkənin iqtisadi qüdrətini hər vasitə ilə artırmağa çalışır. Uğurla gerçəkləşdirilən genişmiqyaslı quruculuq işlərinin ümumi mənzərəsi isə göz qabağındadır. Saatlının könül açan, göz öxşayan müasir görkəmi bu gün rayon sakinlərinin qürur mənbəyinə çevrilib.

Ölkənin bütün bölgələrində olduğu kimi, Saatlıda da gənclər zəruri qayğı ilə əhatə olunmuşdur. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nda nəzərdə tutulan vəzifələrin uğurlu icrası bölgə gənclərinə qol-qanad verir. Açılışında Prezident İlham Əliyevin iştirak etdiyi Gənclər Mərkəzi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinə verilən sanballı töhfədir.

Dövlət başçısının müvafiq sərəncamı ilə dövlət vəsaiti hesabına inşa edilən mərkəz bu gün rayon gənclərinin daha çox üz tutduğu ünvandır. Gənclərin öz bilik və bacarıqlarını artırması, asudə vaxtlarını səmərəli keçirməsi üçün burada əlverişli şərait yaradılmışdır. Mərkəzdə kompyuter otaqları, atıcılıq klubu, rəssamlıq dərnəyi, kafe gənclərin maraqlarını əhatəli şəkildə təmin edir.

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı üçün inzibati binanın tikilib istifadəyə verilməsi rayon mərkəzinin gözəlliyinə daha bir  naxış vurmuşdur. Bina orijinal formaya, diqqət çəkən maraqlı memarlıq quruluşuna malikdir. Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda inşa olunmuş bu möhtəşəm bina eyni zamanda Saatlı sakinlərinin ulu öndərin ölməz ideyalarına sonsuz sədaqət və ehtiramının daha bir parlaq ifadəsidir.

Rayon mərkəzində yenicə fəaliyyətə başlayan Tarix-Diyarşünaslıq Muzeyi, Şahmat məktəbi, əsaslı şəkildə yenidən qurulan rayon Mərkəzi Xəstəxanası, Saatlı-Musalı-Mərzəli avtomobil yolunun Araz çayı üzərindəki körpüsünün əsaslı təmirdən sonra istifadəyə verilməsi Saatlının sosial-iqtisadi inkişaf yolunda inamlı addımlarının konkret göstəriciləridir.

 

 

 Lazım QULİYEV

 

Azərbaycan.-2012.- 28 noyabr.- S.8.