Dövlət Gömrük
Komitəsinin «Azərterminalkompleks» birliyi və İsveç
Krallığının «KGH Sərhəd Xidmətləri»
qrupu arasında müqavilə
imzalanmışdır
Noyabrın 27-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Dünya Gömrük Təşkilatı (DGT) Potensialın Gücləndirilməsi Direktorluğunun sabiq direktoru, operativ səlahiyyətli iqtisadi operatorlar sisteminin tərtibatçısı, "The Stairway-Rəsmi olaraq icazə verilən etibarlı qlobal təchizat zəncirinin idarə edilməsi; Dəyişən dünyada gömrük mühiti üçün kadr potensialının gücləndirilməsi" kitabının müəllifi Lars Karlsson və İsveç Krallığının "KGH Sərhəd Xidmətləri" qrupunun icraçı direktoru Patrik Heinesson ilə görüşmüşdür.
Komitənin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev təcrübəli gömrük mütəxəssislərinin Azərbaycana növbəti səfərlərindən məmnunluğunu ifadə etmiş, gömrük sahəsində qarşılıqlı əlaqələrin, təcrübə mübadiləsinin əhəmiyyətindən danışmışdır.
Müstəqil Azərbaycanın keçdiyi inkişaf yoluna qısa nəzər salan DGK sədri xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətimizin qurulması və daha da inkişaf etdirilməsi, dünya dövlətləri sırasında layiqli yerini tutması naminə həyata keçirdiyi və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən, zəngin dövlətçilik ənənələrinə söykənən uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızın beynəlxalq əlaqələrini, dünyanın bir çox ölkələri ilə siyasi və iqtisadi əməkdaşlığının daha da genişləndiyini, dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlarla əlaqələrin intensivləşməsinin isə gömrük işinin inkişafına da müsbət təsir göstərdiyini diqqətə çatdırmışdır.
Azərbaycan Gömrük Xidmətinin bugünkü inkişaf trayektoriyasından ətraflı söhbət açan DGK sədri Aydın Əliyev qeyd etmişdir ki, hazırda beynəlxalq standartlara uyğun mükəmməl maddi-texniki və normativ-hüquqi bazaya, ən müasir infrastruktura və informasiya-kommunikasiya texnologiyalarına malik Azərbaycan gömrüyü özünün beynəlxalq əlaqələrini daim genişləndirməklə yanaşı, ölkənin dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasına, iqtisadi təhlükəsizliyin etibarlı təmin olunmasına töhfəsini verir.
Azərbaycan Gömrük Xidmətinin davamlı inkişafının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söhbət açan komitə sədri Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" birliyi və İsveç Krallığının "KGH Sərhəd Xidmətləri" qrupu arasında imzalanacaq müqaviləni qarşılıqlı əməkdaşlığın yeni mərhələsi kimi dəyərləndirmişdir.
DGK sədri Aydın Əliyev təchizat zəncirinin idarə olunmasının təkmilləşdirilməsi üzrə avtomatlaşdırılmış informasiya sisteminin yaradılmasını özündə ehtiva edən bu müqavilənin imzalanmasının ticarətin daha da asanlaşdırılmasına töhfəsini verəcəyinə, beləliklə də respublikamızın gömrük sisteminin daha modern və beynəlxalq spektrli bir qurum kimi digər dövlətlər üçün nümunə olacağına əminliyini ifadə etmişdir.
Dünya Gömrük Təşkilatı Potensialın Gücləndirilməsi Direktorluğunun sabiq direktoru Lars Karlsson respublikamızda yenidən olmağından məmnunluğunu ifadə etmiş, həqiqətən, Azərbaycanın sürətli inkişaf tempi ilə irəlilədiyini vurğulamış, əsl iqtisadi tərəqqinin şahidi olduğunu bildirmişdir.
Azərbaycan Gömrük Xidmətinin inkişaf tendensiyasından razılıqla söhbət açan L.Karlsson ölkəmizin region üçün bir nümunə olduğunu qeyd etmiş, DGT-nin fəal üzvlərindən biri olan respublikamızın gömrük sisteminin birgə əməkdaşlıq nəticəsində daha qlobal və dünya ölkələri sırasında inkişaf tendensiyasına görə fərqlənən bir quruma çevriləcəyinə ümidvar olduğunu bildirmişdir.
Sonra DGK-nın sədri Aydın Əliyev Dövlət Gömrük Komitəsinin və Bakı şəhərində yerləşən DGT-nin potensialın gücləndirilməsi üzrə Avropa regional ofisinin dəstəyi ilə çap edilmiş Lars Karlssonun "The Stairway-Rəsmi olaraq icazə verilən etibarlı qlobal təchizat zəncirinin idarə edilməsi; Dəyişən dünyada gömrük mühiti üçün kadr potensialının gücləndirilməsi" kitabının Azərbaycan və rus dillərində olan nümunələrini müəllifə təqdim etmişdir.
Bu nəşrlər Azərbaycan Gömrük Xidməti tərəfindən Müstəqil Dövlətlər Birliyi üzv ölkələrin gömrük xidmətlərinə, eləcə də respublikamızın ali təhsil ocaqlarına, kitabxanalara təmənnasız olaraq paylanmışdır.
Görüşdən sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" birliyi və İsveç Krallığının "KGH Sərhəd Xidmətləri" qrupu arasında müqavilə imzalanmışdır.
Sənədi
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
"Azərterminalkompleks" birliyinin direktoru, gömrük
xidməti general-mayoru Qambay Əliyev və İsveç
Krallığının "KGH Sərhəd Xidmətləri"
qrupunun icraçı direktoru Patrik Heinesson imzalamışlar.
Azərbaycan.-2012.- 28 noyabr.- S.9.