Bir ömürdən min ömrə
işıq payı
Görkəmli oftalmoloq-alim, tibb elmləri doktoru, əməkdar elm və ictimai xadim Zəhra Quliyevanın adı ölkəmizdə hamıya yaxşı tanışdır. Vaxtilə onun əllərinin hərarətindən, qəlbinin odundan nur payı almış bir çox insanlar hələ də yaşayır, bu mədəni, kübar Şərq xanımını böyük hörmət və ehtiramla xatırlayırlar.
Dünyasını yeddi il əvvəl dəyişsə də, bu gün Zəhra xanımı xoşbəxt insan adlandırmaq istərdik. Çünki o, bilik və bacarığını, sənətini və əməllərini yetirmələrinin simasında bizlərə ərməğan qoyub. Başqa sözlə, görkəmli alim, pedaqoq Azərbaycan həkimlərinin neçə-neçə nəslinin müəllimi olub. Hazırda həmin həkimlər xalqın xidmətindədirlər, onlar da öz növbələrində səriştə və təcrübələrini gənc həmkarları ilə bölüşürlər. Beləcə, unudulmaz Zəhra xanım əbədi bir ömür yaşayırE
Dünya oftalmologiya elmində Z.Quliyeva öz dəst-xətti, fikri və sözü olan bir alim kimi qalıb. Böyüməkdə olan və bundan sonra dünyaya göz açacaq nəsil Zəhra Quliyevanı tarixdən tanıyacaq. Tarix isə silinməzdir, əbədiyaşardır.
82 illik ömrü boyu işıq uğrunda mübarizə aparan, insanların gözlərinə nur, qəlblərinə xoş duyğular bəxş edən, Azərbaycanda qadın hərəkatının öncüllərindən biri imicini qazanan bu gözəl xanımın işıqlı xatirəsi elm ictimaiyyəti, həkimlər, müəllimlər, ziyalı qadınlar tərəfindən daim yad edilir.
Zəhra Quliyeva 1923-cü il yanvarın 18-də Bakı şəhərində dünyaya göz açıb. O dövrün köklü, nəcabətli nəsillərindən birinin övladı olub. Müsəlman Şərqinin müdrikliyini özündə birləşdirən babası Hacıqafar kişi din-iman əhli idi, halal zəhməti ilə çörək qazanıb, məmləkətdə həmişə sayılıb-seçilib, adı hörmətlə çəkilib. O, dərin savada malik olmasa da, ərəbcə yaxşı bilib, fanatizmin, xurafatın baş alıb getdiyi bir zamanda islama həyati nöqteyi-nəzərdən bağlanaraq "Qurani-Kərim"in ayə və surələrini kəlmə-kəlmə istər ərəbcə, istərsə də azərbaycanca şüurlara düzgün həkk etməyə çalışıb. Dinimizin, islami dəyərlərin təbliğində, doğru-dürüst yozulmasında mühüm xidmətlər göstərib.
Bütün milli-mənəvi köklərə bağlılıqla yanaşı, bu ailənin övladlarında elmə, sənətə böyük və tükənməz bir həvəs olub. Ailədə beş övlad böyüyüb. Qardaşların üçü də o zaman "riyazi məktəb" deyilən rusdilli məktəbdə təhsil alıb.
Zəhra xanımın böyük əmisi
Sadıq Rusiyada oxuyub. Bir müddət çar ordusunun
zabiti olub. Sonra rus dili müəllimi kimi fəaliyyət
göstərərək ömrünü azərbaycanlı
balalarının savadlanmasına həsr edib.
Atası Tahir bəy Bakıda orta təhsilini başa
çatdırdıqdan sonra Moskva Dəmir Yolu Nəqliyyatı
İnstitutuna daxil olub və oranı bitirərək mühəndis
ixtisasına yiyələnib. Vətəninə
mükəmməl bilikli mütəxəssis kimi
qayıdıb. Azərbaycanda Bakı-Sabunçu-Buzovna-Mərdəkan
istiqamətində açılan ilk "konka" yolunun layihəsini
məhz o, hazırlayıb. Layihənin həyata keçirilməsini,
yəni yolun salınmasını da ona tapşırıblar. Əvvəlcədən
heç bir təcrübə, nümunə olmadan qumlu düzənliklər
boyu belə bir yolun çəkilməsi müşkül
iş idi. Bununla belə, Tahir bəy üzərinə
düşən vəzifənin öhdəsindən layiqincə
gəlib.
Sonralar Zəhra
xanım atasının çəkdiyi yollarla elektrik qatarlarını
görəndə, yaxud köhnə filmlərdə
"konka" yoluna baxanda həm kövrələr, həm də
qürur hissi keçirərdiE
O zamanlar
milli kadrlar az idi, xüsusilə texniki sahədə onlara
böyük ehtiyac duyulurdu. Odur ki, Tahir bəy öz fəaliyyətini
şaxələndirməyi lazım bilir. O, həm elmi tədqiqatlarla
məşğul olur, həm də pedaqoji fəaliyyət
göstərərək texniki sahədə bildiklərini gənclərə
öyrədir. Əvvəlcə texnikumda və universitetdə,
sonra Neft və Kimya İnstitutunda (indi isə Neft Akademiyası
adlanır) mühazirələr oxuyur. Tahir Quliyev professor
adını almış ilk azərbaycanlılardan idi.
Savadlı,
müasir həyatı doğru başa düşən
adamların az olduğu həmin illərdə ziyalılar
nümunə və nüfuz sahibi olmaqdan savayı, onların
evi həm də məsləhət və sayğı yeri idi.
Tahir bəyin də qapısı insanların üzünə
həmişə açıq olmuş, dövrün
qabaqcıl fikirli ziyalılarının, alimlərinin
toplaşdıqları ocağa çevrilmişdi. Məhz belə
bir sağlam mühitdə böyüyürdü Zəhra
xanım və onun varlığına hopmuş
xanım-xatınlıq, bütün mənfiliklərdən
uzaq şəxsiyyətinə xas olan təbiilik bunlardan
qaynaqlanmışdıE
Zəhranın
anası isə gözəl-göyçək qubalı
qızı idi. Bakıya gəlin köçmüşdü.
Ona bütün azərbaycanlı xanımlara xas olan abır-həya,
ismət, mehribanlıq, alicənablıq xas idi.
Lakin tale
Zəhraya iki anadan tərbiyə almağı qismət edir.
Belə ki, onun doğma anası Camal çox gənc ikən
dünyasını dəyişir. On yaşlı Zəhra,
üç yaşlı Fəridə və səkkiz aylıq
Fərid ana nəfəsindən məhrum olaraq Tahir bəyin
ümidinə qalırlar. Beləcə, o, on yaşında ikən
həyatın ilk və ağır acısını dadır.
Tahir bəy
övladlarının xatirinə ikinci dəfə ailə
qurur. Onun evləndiyi xanım dostu, şair Əhməd
Cavadın baldızı Nəzirə idi. Əhməd Cavadla həyat
yoldaşı Şükriyyə xanım Tahir bəyi çox
istədiklərindən Nəzirənin onun uşaqlarına
analıq etməsini məsləhət görürlər.
Bundan sonra
ailədə Fəhmiyyə və Faiq adında daha iki körpə
dünyaya gəlir. Nəzirə Tahir bəyin əvvəlki
nikahından olan üç övladını da
özünün iki doğma balasından seçmir, beş
uşağın əziyyətinə dözür.
Lakin ailə
yenidən imtahana çəkilir. Tahir bəy qəflətən
dünyasını dəyişir. Qardaşı Nəzirəni
iki körpəsi ilə ata evinə qaytarmaq qərarına gəlir.
İstəmir ki, Nəzirə vəfat etmiş ərinin əvvəlki
izdivacdan olan uşaqlarının da əziyyətini çəksin.
O isə qəti etiraz edir. Atasız-anasız üç
uşağı taleyin ümidinə buraxmır. Bir çətən
külfəti dolandırmaqda, uşaqları araya-ərsəyə
gətirməkdə ögey anasının yeganə köməkçisi
Zəhra olur. O, valideynlərini həmişə xoş
duyğularla xatırlayaraq yazırdı: "Atamdan təhsilə,
elmə həvəs, zəka, səxavət, humanistlik,
torpağa, xalqa məhəbbət dərsləri almışam.
Anamdan zəriflik, incəlik, mərhəmət, sədaqət,
fədakarlıq, sevgi hissləri əxz etmişəm. Nəzirə
xala mənim üçün cəfakeşlik, şəfqət,
dəyanət timsalı olub".
Zəhra
Quliyeva 1940-cı ildə Bakı şəhərindəki 132
saylı orta məktəbi bitirir. Kamal attestatındakı qiymətlərin
hamısı əla olduğuna görə Azərbaycan
Dövlət Tibb İnstitutuna imtahansız qəbul edilir.
Müalicə-profilaktika fakültəsində təhsil
alır və tibbin digər sahələrindən daha çox
ürəyinə oftalmologiya yatır. Odur ki, bütün
ömrünü göz həkimliyi kimi incə və çətin
sənətə həsr etməyi qərara alır.
1944-cü
ildə ali məktəbi əla qiymətlərlə bitirən
gənc həkimin istedadını və zəhmətsevərliyini
nəzərə alaraq Dövlət Komissiyasının vəsatətilə
onu Göz xəstəlikləri kafedrasında saxlayıb
ordinator vəzifəsini tapşırırlar. Zəhra
xanım xatirələrində yazırdı: "Göz xəstəlikləri
kafedrasında mən bir il professor Trubinlə işlədim. O,
dünyasını dəyişdikdən sonra kafedra müdiri
Umnisə xanım Musabəyova oldu. Mənim oftalmologiya sahəsindəki
inkişafımda professor Umnisə xanımın əvəzsiz
xidmətləri vardır. Onun rəhbərliyi və himayəsi
altında həm namizədlik, həm də doktorluq elmi işlərimi
müdafiə etmişəmE Umnisə xanım sadəliyin, nəcibliyin,
kübarlığın, ziyalılığın timsalı
idi".
Zəhra
Quliyeva 1946-cı ildə assistent, 1959-cu ildə dosent vəzifəsinə
seçilir. O, pedaqoji fəaliyyəti ilə yanaşı elmi
axtarışlarını da davam etdirir. Beləliklə,
1958-ci ildə "Müxtəlif üsulla büllurun
çıxarılmasında buynuz qişanın sferikliyinin və
refraksiyasının dəyişilməsi" adlı namizədlik
dissertasiyasını müdafiə edir.
Bundan
sonra alim "Görmə itiliyinin, refreksiyanın və
akkomadasiyanın rəng duyğusuna təsiri" mövzusu
üzərində işləməyə başlayır.
Bununla əlaqədar Moskvaya ezam olunur, Ümumittifaq Elmi-Tədqiqat
Dəmir Yolu Gigiyenası İnstitutunun rəng duyğusu
laboratoriyasında araşdırmalar aparır. 1967-ci ildə həmin
mövzuda müvəffəqiyyətlə doktorluq
dissertasiyası müdafiə edir.
Bir il
sonra Zəhra xanım Azərbaycan Dövlət Tibb
İnstitutunun Oftalmologiya kafedrasının professoru
seçilir. 1975-ci ildə həmin kafedranın müdiri olur.
Alimin tədqiqatları o zaman oftalmologiyanın ümdə
problemləri sayılan refraksiya-akkomadasiya, rəngin
qavranılması, traxoma, tor qişa və görmə siniri xəstəliklərinin
öyrənilməsinə həsr olunur.
Z.Quliyeva
1972-1983-cü illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun
rektoru vəzifəsində işləyir. Görkəmli alim təcrübəli
pedaqoq olaraq Azərbaycan üçün dəyərli həkim
kadrlar hazırlayır.
Professor
160-dan çox elmi məqalənin, dörd monoqrafiyanın
müəllifidir. Tibb Universitetinin tələbələri və
gənc həkimlər üçün Azərbaycan dilində
"Göz xəstəlikləri" kitabını, dörd
dərs vəsaiti yazmışdır. Bir ixtira və dörd səmərələşdirici
təklif irəli sürmüşdür. Onun rəhbərliyi
ilə namizədlik, doktorluq dissertasiyaları müdafiə
edilmişdir.
Zəhra
Quliyeva 1975-ci ildən Azərbaycan Oftalmologiya Cəmiyyətinin
sədri olub. SSRİ dövründə o, həmçinin
Ümumittifaq Oftalmoloqlar Cəmiyyətinin üzvü
seçilmişdi. "Səhiyyə əlaçısı"
idi.
Zəhra
xanım istər həkim və alim, istərsə də
ictimai xadim kimi öz vətənini bir sıra beynəlxalq tədbirlərdə
ləyaqətlə təmsil etmişdir. Belə ki, 1971-ci ildə
ABŞ-ın Çikaqo şəhərində
qadınların iqtisadi və irqi birlik uğrunda birinci
qurultayının iştirakçısı, 1973-cü ildə
Varşava Müqaviləsinin 20 illiyində parlament nümayəndəsi,
Polşa, Almaniya, İsveçrə, Danimarka, Norveç,
Finlandiya, Baltikyanı ölkələrdə keçirilən
sülh günlərinin iştirakçısı olmuşdur.
Həm
SSRİ dövründə, həm də müstəqillik
zamanı Zəhra xanım bir sıra dövlət
mükafatlarına layiq görülmüşdür. Sovet
hökuməti onu "Qırmızı Əmək
Bayrağı" və "Şərəf
nişanı" ordenləri ilə təltif etmişdir.
Müstəqil Azərbaycanın isə "Şöhrət"
ordenini almışdır.
Lakin Zəhra
xanımın şan-şöhrəti heç bir orden-medalla,
fəxri fərman və adla ölçülmürdü. O,
bir həkim kimi həmişə insanlarla birlikdə olmuş,
onları qəlbən sevmişdi. Həkimlik sənəti bu
böyük vətən qızı üçün öz
xalqına ürəyinin hərarətini çatdırmaqda,
ona layiqincə xidmət etməkdə bir vasitə idi. Zəhra
xanım xatirələrində yazırdı: "Həyatımda
heç vaxt qarşıma məqsəd qoymamışam ki, mən
şöhrətə çatım, alim, professor, vəzifə
sahibi olum. Amma ömrü böyu vicdanla, təmiz, halal əməyimlə
çalışmışam... Tələbəlik illərim
çox ağrılı keçib. Oxuya-oxuya işləmək
məcburiyyətində qalmışdım. Ailəyə
kömək etməliydim. Qrup yoldaşım Aliyə
İbrahimbəyovanın atası Qanköçürmə
İnstitutunda işləyirdi. Bizi də ora işə düzəltmişdi.
Donor-cərrah kimi donorlardan qan götürürdük".
Heç şübhəsiz ki, öz pasiyentlərini sevməyi,
duymağı, onların ağrılarını hiss etməyi,
var qüvvəsi ilə köməyə can atmağı da məhz
o vaxt öyrənmişdi. Bu hisslər onu ömrü boyu
müşayiət etmişdir.
Qızı,
Mədəniyyət İşçiləri Həmkarlar
İttifaqı Komitəsinin sədri Cəmilə Səttarova
xatırlayır ki, Zəhra xanım həmişə insanlarda
müsbət keyfiyyətlər görməyə
çalışırdı. Qəlbi onlara qarşı məhəbbət
və hörmətlə dolu idi. Bir həkim və insan kimi
xeyirxahlıq göstərməyi daim özünə borc
bilirdi. Tələbkar idi. Hətta övladına qarşı
qayğısı belə tələbkarlıqla müşayiət
olunurdu.
Ziyalı
üçün vacib sayılan ən mühüm keyfiyyətlərdən
biri də onun aydın mövqeyə sahib olması,
taleyüklü məqamlarda xalqının mənafeyi
baxımından ən doğru, dürüst olanı
seçməsi, lazımi anda qətiyyət, cəsarət
nümayiş etdirməsidir. Zəhra Quliyeva da milli ideallara
bağlı vətənpərvər ziyalı kimi daim Azərbaycanın
firavan gələcəyi naminə yorulmadan fəaliyyət
göstərmiş, dövrünün ictimai-siyasi hadisələrində
həmişə ön sıralarda olmuşdur. Ümummilli
lider Heydər Əliyevin siyasi kursuna sadiqlik xəttini
seçmiş, ulu öndərin rəhbərliyi altında həyata
keçirilən dövlət quruculuğu prosesində fəal
iştirak etmişdir. Onun ömür yollarının mənalı
anlarını məhz dahi şəxsiyyətin
yaratdığı idarəçilik məktəbindən
keçməsi, Əliyevlər ailəsinin xeyir-duası ilə
başladığı işlərin uğurları təşkil
etmişdi. Belə nəcib ailədən görüb, öyrənib,
əxz etdiyi həyat dərsləri alimin daim bələdçisinə
çevrilmişdi. Zəhra xanım xatirələrində
özünün xoşbəxt insan olduğunu bildirirdi. O
yazırdı: "Özümü xoşbəxt sayıram,
ona görə ki, mənəviyyatca yüksək, qüdrətli
insanlarla bir dövrdə yaşamışam,
çalışmışam, onları özümə
arxa-dayaq saymışam. Tale məni həyatda qüdrətli
şəxsiyyət Heydər Əliyevlə qarşılaşdırdı.
Bu dahi şəxsiyyət həyatıma mayak kimi yaşıl
işıq yandırdı, yüksəlişimdə, cəmiyyətdə
mövqe tutmağımda həmişə mənə
qayğı göstərdi. Həyatda qazandığım
bütün uğurlara görə mən yalnız ona
borcluyam. Rektor təyin edilməyim, komitə sədri
olmağım Heydər Əlirza oğlunun mənə göstərdiyi
etimadın, qayğının, xoş münasibətin təzahürüdür.
Bu dahi insanın həyat yoldaşı akademik Zərifə
xanımla bir yerdə işləmişəm, dostluq,
yoldaşlıq etmişəm". Zəhra xanım
bütün bunları minnətdarlıq hissi ilə
xatırlayır, ona böyük etimad göstərildiyini həmişə
qeyd edirdi.
Onun gənclik
illərindən başlayaraq sədaqətli rəfiqəsi
akademik Zərifə Əliyeva olmuşdu. İllərin
sınağından çıxmış,
qarşılıqlı hörmətə əsaslanan bu dostluq
haqqında Zəhra xanım belə deyirdi: "Bizi onunla
bütün saxtakarlıqdan uzaq, təmənnasız olan
dostluq əlaqələri bağlayırdı. Bu dostluq hissləri
bir yandan bir-birini başa düşməyə və kömək
göstərməyə hazır olmağımızla üzə
çıxırdı, digər
tərəfdən isə səmimi məhəbbətə
və dərindən dərk olunan hörmətə əsaslanırdı".
1972-ci ilin iyun ayında Zəhra Quliyeva Azərbaycan Dövlət
Tibb İnstitutunun rektoru təyin edilir. Bu təyinat onun bir
alim, həkim və müəllim kimi qabiliyyətinin, həm də
xalqa sədaqətli xidmətinin müqabilində dövlətin,
o zaman Azərbaycana başçılıq edən
ümummilli lider Heydər Əliyevin böyük etimadı
idi.
Zəhra
xanım təyinatının ilk günündən etimadı
doğrultmaq üçün var qüvvəsi ilə işləməyə
başladı. Rektor ali təhsil ocağında ilk növbədə
nizam-intizamın möhkəmləndirilməsinə diqqət
yetirdi. Təlim-tərbiyə prosesləri təkmilləşdirildi.
Professor-müəllim heyətinin, tələbələrin
iş və məişət şəraitinin
yaxşılaşdırılmasına xüsusi diqqət
yetirildi. Yeni tədris korpusları tikilməyə
başladı, abadlıq-quruculuq tədbirləri genişləndirildi.
İnstituta qəbul olunan gənclərin sayı artırıldı.
Yeni kafedralar və təlim kursları yaradıldı. Alimlərin
elmi əsərlərinin, monoqrafiyalarının, eləcə
də dərsliklərin nəşrinə xüsusi
qayğı göstərilməyə başlandı.
Aspirantlara, namizədlik, doktorluq dissertasiyaları üzərində
işləyən alimlərə qayğı gücləndirildi.
Bütün bunlar instituta yeni uğurlar gətirdi.
Təsadüfi
deyil ki, neçə illər sonra, ulu öndər Heydər Əliyev
Azərbaycan Tibb Universitetinin 70 illik yubileyindəki nitqində
Zəhra xanımın uğurlarını və xidmətlərini
yüksək qiymətləndirərək demişdir: "Mən
Azərbaycana rəhbərlik etdiyim zaman Tibb İnstitutuna uzun
illər - 11 il Zəhra xanım Quliyeva rəhbərlik edibdir.
Hesab edirəm ki, o, bu institutda əvvəlki rektorların
hamısından çox işləyib... Hətta böyük
fəaliyyətinə görə biz onu Azərbaycanın
Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri
təyin etmişik və qadın hərəkatını daha
da genişləndirmək istəyirik".
Zəhra
Quliyeva Yeni Azərbaycan Partiyasının və onun Siyasi
Şurasının üzvü idi.
Azərbaycan
öz müstəqilliyini bərpa etdikdən sonra ölkədə
qadın siyasətini dövlət səviyyəsində həll
etmək zərurəti yarandı. 1998-ci il yanvarın 14-də
ümummilli lider Heydər Əliyevin fərmanı ilə
ölkədə Qadın Problemləri üzrə Dövlət
Komitəsi yaradıldı. Bu, təkcə Azərbaycanda deyil,
onun xaricində də böyük maraq və əks-səda
yaratdı.
Ümummilli
lider Heydər Əliyevin fərmanı ilə Qadın Problemləri
üzrə Dövlət Komitəsinin sədri Zəhra
xanım Quliyeva təyin olundu.
Doğrudan
da hansı vəzifədə çalışmasından
asılı olmayaraq, Zəhra xanım həmişə ictimai
işlərdə fəal iştirak etmişdir. Onun fəaliyyəti
daim qadın hərəkatı ilə bağlı olmuşdur.
Hələ 1950-ci illərdə gənc həkim Azərbaycan
qadınlarının maariflənməsi, ideya tərbiyəsi
işində yaxından iştirak edirdi, onların təhsilə,
elmə cəlb olunmasında yorulmadan təbliğat
aparırdı. Uzun müddət Bakının Nəsimi
rayonunda Qadınlar Şurasının üzvü və sədri
olub. SSRİ Ali Sovetinin deputatı olduğu dövrdə
qadın problemlərini araşdırıb, İttifaq Sovetində
Qadın Problemləri üzrə Komitənin sədri,
dünyada ilk qadın kosmonavt Valentina Tereşkovanın
müavini işləyib. 1995-ci ildə "Sevil"
Qadınlar Məclisinin sədr müavini seçilib.
Komitə
Zəhra Quliyevanın rəhbərliyi ilə ölkədə
qadınlar, gənclər və uşaqlarla bağlı
dövlət qanunlarını, Prezidentin fərman və sərəncamlarını
yerinə yetirirdi. Azərbaycan qadınlarının ölkənin
ictimai, siyasi və iqtisadi həyatında rolunu artırmaq
üçün respublikanın bütün müvafiq qurum və
təşkilatları ilə sıx əməkdaşlıq
qurulurdu. Qadınların hüquqlarının qorunması sahəsində
geniş işlər aparılırdı. Ölkədə
qadın siyasəti müasir tələblər səviyyəsində
- gender siyasəti nəzərə alınmaqla həyata
keçirilirdi, mənəviyyat məsələlərinə
xüsusi diqqət yetirilirdi.
Bundan əlavə,
komitənin beynəlxalq təşkilatlarla əlaqələri
günbəgün genişlənirdi. O, var qüvvəsi ilə
bütün dünyada Azərbaycan qadınının
nüfuzunun artmasına çalışırdı.
İstəyirdi
ki, qadınlarımız dövlət strukturlarında daha
çox təmsil olunsunlar, rəhbər vəzifələrdə
çalışsınlar.
Bu insan
harada lazım idisə, orada idi! Çünki gənc
yaşlarından ömür qayəsi belə olmuşdu. O
öz həyatını insanlardan, xalqından ayrılıqda
təsəvvür edə bilmirdi. Ömrü boyu tutduğu vəzifələrin,
ona tapşırılan işlərin hamısında
bütün qəlbi ilə çalışmışdı.
Onun yolunu tək komitə sədri kimi deyil, həm də
müəllim, həkim, ziyalı kimi gözləyirdilər.
Z.Quliyeva
2000-ci ildə Nyu-Yorkda "Qadınlar 2000-ci ildə: gender bərabərliyi
- sülh və inkişaf XXI əsrdə" mövzusunda
BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında
çıxış edən ilk azərbaycanlı qadın
olmuşdur. Həmin sessiyada
"Qadınlara qarşı bütün növ
ayrı-seçkiliyin ləğv edilməsi haqqında"
Konvensiyanın fakültativ protokolunun imzalanması ölkə
rəhbərinin fərmanı ilə ona həvalə
edilmişdi.
Zəhra
xanım hər zaman üçün nümunə olan müqəddəs
bir həyat yaşamış, tükənməz məhəbbət,
unudulmaz xatirələr, saysız-hesabsız təşəkkürlər
qazanmışdır. Görkəmli alim, ictimai xadim Z.Quliyeva
2005-ci il noyabrın 28-də dünyasını dəyişmişdir.
Gələn il - 2013-cü ilin yanvarında isə onun 90 illik
yubileyi qeyd olunacaq. Sadəliyin, nəcibliyin,
kübarlığın, ziyalılığın timsalı
olan Zəhra xanım böyük qəlbə malik bir insan, ən
əsası isə özünü təsdiq edən şəxsiyyət
kimi yaddaşlarda daim yaşayacaqdır.
İradə ƏLİYEVA
Azərbaycan.-2012.- 28 noyabr.- S.10.