Bakıda «Qloballaşan cəmiyyət və kitabxanaçılıq-informasiya fəaliyyəti» mövzusunda respublika elmi konfransı keçirilmişdir

 

Noyabrın 27-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinin yaradılmasının 50 illik yubileyinə həsr olunmuş "Qloballaşan cəmiyyət və kitabxanaçılıq-informasiya fəaliyyəti" mövzusunda respublika elmi konfransı keçirilmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin, Prezident Kitabxanasının, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşlarının, Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyətinin və tələbələrinin, kitabxana rəhbərlərinin və mütəxəssislərinin iştirak etdikləri konfransı Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov açmışdır. O, diqqətə çatdırmışdır ki, Azərbaycan xalqının mədəni sərvəti olan kitabxanaların qorunub saxlanması, burada toplanan əvəzsiz sənəd-informasiya mənbələrinin tələbatçılara çatdırılması, ölkəmizdə biliklər cəmiyyətinin bərqərar olması üçün ən vacib vasitə hesab edilən kitabxanalar yalnız bacarıqlı, hazırlıqlı, peşəsini sevən kitabxanaçı mütəxəssislərin fəaliyyət göstərmələri şəraitində öz ictimai funksiyalarını uğurla yerinə yetirə bilərlər.

Vurğulamışdır ki, ölkəmizdə belə mütəxəssislərin hazırlanması ilə məşğul olan əsas təhsil ocağı isə məhz Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsidir. Bu gün biz kitabxanaçılıq təhsilinin 65, fakültənin isə təşkilinin 50 illik yubileyini qeyd edirik.

M.Əhmədov diqqətə çatdırmışdır ki, yubileyi qeyd edilən fakültəni indiyədək 6 mindən çox məzun bitirmişdir. Onlar ölkəmizin bütün bölgələrində, hətta vətənimizin hüdudlarından kənarda çalışaraq bu nəcib peşənin, həm də bitirdikləri təhsil ocağının adını ucaldırlar. Həmin mütəxəssis kadrların hazırlanması ilə fakültənin professor-müəllim heyəti məşğul olur. Məhz həmin kollektivin zəhməti və səyi ilə fakültə BDU-nun ən qabaqcıl fakültələrindən birinə çevrilmişdir. Hazırda fakültədə fəaliyyət göstərən 29 nəfərlik professor-müəllim kollektivi 450 nəfər bakalavr və magistranta bu peşənin sirlərini öyrədir. Fakültə inkişaf edir və biz əminik ki, kitabxanaçılıq-informasiya fakültəsi bundan sonra da ölkədə kitabxana təhsilinin zamanın tələblərinə cavab verən səviyyədə inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

Konfransda BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Azad Qurbanovun "Kitabxana-informasiya mütəxəssislərinin hazırlanmasında müasir prioritet istiqamətlər", BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Abuzər Xələfovun "Azərbaycanda kitabxanaşünaslıq elminin müasir vəziyyəti" mövzularında və digər məruzələr dinlənilmişdir.

Məruzələrdə qlobal informasiya cəmiyyətində kitabxanaçılıq-informasiya fəaliyyətinin müxtəlif istiqamətlərindən, kitabxanaşünaslığın müasir problemlərindən və s. danışılmışdır.

Konfransda, həmçinin kitabxanaçılıq-informasiya fakültəsinin tarixini əks etdirən fotoslaydlar nümayiş olunmuşdur.

Tədbir öz işini maraqlı müzakirələr, mütəxəssislərin fikir mübadiləsi ilə davam etdirmişdir.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 28 noyabr.- S.10.