Sənətkar ömrü

 

Azərbaycan mədəniyyətnin qədim ocaqlarından biri də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrıdır. İndi 130 yaşına qədəm qoyan bu kollektiv zəngin yaradıcılıq yolu keçib. Əgər Naxçıvanı digər bölgələrlə müqayisə etsək, XIX əsrdə burada təhsil və maarifçilik nisbətən inkişaf etmişdir. Belə ki, Naxçıvanda, Ordubadda, Şərurda, Culfada, Nehrəmdə, Şaxtaxtıda, hətta iri kəndlərdə belə birsinifli, ikisinifli müxtəlif təmayüllü məktəblər vardı. Bu məktəbi bitirənlərin də bir qismi Qori Müəllimlər Seminariyasında, digərləri isə Peterburqun, Moskvanın, Odessanın, Parisin ali məktəblərində təhsil alırdılar. Maraqlı cəhət odur ki, həmin ziyalılar sonradan Naxçıvana qayıdaraq burada maarifçiliyin genişlənməsində, xalqın tərəqqi tapmasında böyük işlər görürdülər. Xüsusən də öz işıqlı ideyalarınının təbliği üçün müxtəlif tədbirlərin həyata keçirilməsi uğrunda çarpışırdılar. Məhz bu ziyalıların işıqlı təfəkkürü və təşəbbüsü sayəsində Naxçıvanda "Müsəlman dram və sənət cəmiyyəti" yaradıldı. Cəmiyyətin məramı, ilk növbədə, kitabxana açmaq, sonra tamaşa yaratmaq idi.

Maarifçi ziyalılardan Eynəli bəy Sultanov, Qurbanəli Şərifzadə, Məmmədtağı Sidqi, Mirzə Əliməmməd Xəlilov, Nəsrulla Şeyxov, Cümşüd Paşa ağa Sultanov, Mirzə Ələkbər Süleymanov, Mirzə Məhəmməd Zamanbəyov, Baxşəli ağa Şahtaxtı bir yerdə cəm oldular. O zaman xüsusi teatr binası olmadığından bu millət fədailəri hazırladıqları tamaşaları xeyirxah və tərəqqipərvər insanların evində göstərirdilər. Tamaşaçı toplamaq üçün isə afişa yazaraq insanların daha çox yığışdıqları yerlərdə divarlara vururdular. Beləliklə, Naxçıvanda ilk teatr tamaşaları ayrı-ayrı insanların evlərindən start götürdü.

Naxçıvanda ilk oynanılan əsər 11 mart 1883-cü ildə Hacı Nəcəf Zeynalovun evində tamaşaya qoyulan Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyası olmuşdur. Bu əsərdə rolları Qori Müəllimlər Seminariyasının məzunları, şəhərin tanınmış ziyalıları və gimnaziya şagirdləri idi. Naxçıvan ziyalılarının açıq fikirli və cəsarətli olması bir sıra xurafat sahiblərini çox qəmgin etdi. Çünki o zaman deputat Hacı Nəcəf böyük məmnuniyyətlə öz mülkündəki böyük bir zalı tamaşa hazırlamaq üçün həmin ziyalıların ixtiyarına verdi. Beləliklə də, Naxçıvan teatrının təşəkkülü başladı. Bu teatrın ilk fədakarı Eynəli bəy Sultanov uzun illər müxtəlif vəzifələri çiyinlərinə götürərək böyük məharətlə yerinə yetirib. Yazıçı, publisist, ictimai xadim olan bu vətənpərvər oğul yeri düşəndə teatr tamaşalarına rejissorluq da edirdi. Məhz onun xidmətləri sayəsində Naxçıvanda müxtəlif ədəbi məclislər, dram cəmiyyətləri yaradıldı. Onun yandırdığı maarif işığının ətrafında Cəlil Məmmədquluzadənin əsərləri də xüsusi bərq vururdu. Mirzə Cəlilin həm əsərləri, həm də pedaqoji fəaliyyəti bu istiqamətdə yeni uğurların yaranmasına yol açırdı.

Beləliklə, milli teatrımızın təşəkkül tapdığı Naxçıvanda tamaşalar, ilk növbədə, NovruzQurban bayramları münasibətilə keçirilən toplantılarda oynanılırdı. İllər ötdükcə Naxçıvanda teatr yaradıcıları bir-birini əvəz edirdi. Qeyrətli, vətənpərvər, millətsevər oğullar teatr prosesini nəzərəçarpacaq dərəcədə gücləndirirdilər. XIX əsrin sonlarına kimi Naxçıvan Teatrının fəal üzvlərinin sırası da genişləndi. Bu teatrın inkişafında yazıçı və dramaturqların, rəssamların xüsusi əməyi var. Getdikcə mövzusu genişlənən, repertuarı zənginləşən teatr M.F.Axundzadə, M.Cəlillə bərabər Məmmədtağı Sidqinin, Əbdürrəhim bəy Haqverdiyevin, Əsgər bəy Goraninin, Haşım bəy Vəzirovun, Nəcəf bəy Vəzirovun, Nəriman Nərimanovun, Cəfər Cabbarlının, Hüseyn Cavidinbaşqa dramaturqların əsərlərinə müraciət edirdilər.

XX əsrin əvvəllərində Naxçıvan Teatrı  Azərbaycanda artıq tanınmış mədəniyyət ocaqlarından biri idi. Onun ayrı-ayrı bölgələrin teatrları ilə də yaradıcılıq əlaqələri güclənirdi. Vaxtaşırı olaraq Tiflisə, Aşqabada, Səmərqəndə, Tehrana, Rəştə, Təbrizə, Türkiyənin müxtəlif şəhərlərinə, eləcə də Qafqazın azərbaycanlılar yaşayan İrəvan, Tiflis, Batum, Dərbənd, Mahaçqala kimi şəhərlərinə qastrol səfərlərinə gedirdilər. Aktyor truppası da xeyli güclənmişdi. Bütövlükdə teatrımızın azərbaycanlı aktrisa sarıdan korluq çəkdiyi illərdə bu teatrda qadınların görünməsi, maraqlı obrazlar yaratması çox böyük nailiyyət idi.

Naxçıvan Teatrının peşəkar səviyyədə təşəkkülündə xidməti olan tanınmış aktyorlardan biribu il anadan olmasının 100 ili tamam olan xalq artisti İsa Musayevdir. O, 27 noyabr 1912-ci ildə Naxçıvanda anadan olub. Hələ kiçik yaşlarından ədəbiyyata, xüsusilə də bədii qiraətə böyük meyili olub. Naxçıvanda tanınan Hacıağa Fəqirin (Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Məmməd Səid Ordubadinin atasıdır) şeirlərini xüsusi ahənglə deməyi sevərmiş. Bəllidir ki, bu şairin yaradıcılığında əsas yeri satirik şeirlər tutub. Cahilliyi, mənəviyyatsızlığı, riyakarlığı, yalançılığı tənqid edən bu şeirlər İsanı çox valeh etmişdi. Xüsusilə də Fəqirin "Şikayətnamə" əsərini əzbər deyərmiş. O vaxtlar Naxçıvanda fəaliyyət göstərən çayxanaların bir qismi həm də əsl ədəbi məclis kimi diqqət çəkirdi. Xüsusilə də Məmmədtağı Sidqinin açdığı çayxana o dövrdə ədəbiyyatın təbliği mərkəzinə çevrilmişdi. Yazıçılar, şairlər, teatra həvəs göstərənlər bir araya gələrək fikirlərini bölüşdürür, bir-birlərinin yaradıcılığı ilə tanış olurdular. O zaman mədəniyyət sarayları, klublar yox idi. Bu səbəbdən də insanlar məhz çayxanalarda görüşə bilirdilər. Bütün bunlar Naxçıvan ədəbi mühitinə, onun mədəni baxımından yeniləşməsinə öz təsirini göstərirdi. İlk təhsilini doğulduğu şəhərdə alan İsa Musayev 1927-ci ildə Bakıda Teatr Texnikumunda oxuyub. Təhsilini başa çatdırdıqdan sonra Naxçıvana qayıdıb. 1929-cu ildən teatr aləminə bağlanıb. Təhsildən əvvəl də Naxçıvan Teatrında səhnə həvəskarı kimi çalışırdı. İndi isə doğma kollektivə peşəkar kimi qayıtmışdır. O, teatr truppasının ən yaraşıqlı, çılğın üzvlərindən biri idi. Uzun illər Naxçıvan Teatrında tamaşaya qoyulan əsərlərdə baş rolların ifaçısı olub. Cəfər Cabbarlının, Hüseyn Cavidin, Nəriman Nərimanovun dramlarında yaratdığı rollar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Teatrşünas Cəlil Vəzirov söyləyərdi ki, İsa Musayevin "Od gəlini"ndə Elxan, "Aydın"da Aydın, "Sevil"də Balaş, "Müsibəti Fəxrəddin"də Fəxrəddin, "Şeyx Sənan"da Sənan, "Səyavuş"da Səyavuş, eləcə də xarici dramaturqların əsərlərində yaratdığı müxtəlif obrazlar öz ifadəliliyi, təsirliliyi və təbiiliyi ilə seçilirdi. İsa Musayevi səhnədə görənlər öz xatirələrində bu aktyorun məhz teatr üçün doğulduğunu xüsusi vurğulayıblar. O, qəhrəmanını - fərq etmirdi, müsbət obrazdır, ya mənfi - sevərəkdən, onun daxili aləminə tamamilə qapılaraq təqdim etdiyindən həm rejissor, həm də tamaşaçı tərəfindən qəbul edilirdi. İsa Musayevlə işləmək rejissorlar üçün həm asan, həm də çətin idi. Ona görə asan idi ki, İsa Musayev rejissorun fikrini dərhal tuturdu. Çətinlik onda idi ki, İsa Musayevin hər bir tamaşaya, rola öz fərdi münasibəti və baxışı vardı. Çünki əsəri o qədər diqqətlə oxuyar, hadisələrin baş verdiyi dövrü, zamanı elə dəqiq bilər və əxz edərdi ki, bu səbəbdən də rejissorla razılaşmadığı məqamlar da olurdu.

Teatrşünas İlham Rəhimli yazır: "Aktyorun əlvan və bədii tutumlu yaradıcılığında dramatik xarakterli səhnə surətləri də xüsusi yer tutur. Aktyorun yaradıcılığına zənginlik verən əsas rollar: Süleyman ("Həyat"), Hacı Qara, Məstəli Şah ("Hacı Qara" və "Müsyö Jordan və Dərviş Məstəli Şah"), Cavanşir ("Şərqin qalası"), Səməd bəy ("Oqtay Eloğlu"), Səlim ("Aydınlıq"), Yəhya ("Bir gəncin manifesti")E və onlarla başqaları".

İsa Musayevin obrazları qalereyası o qədər zəngindir ki, onun can verdiyi surətlərin adlarını yazmaq böyük bir siyahı yaradar. Aktyorluqla yanaşı uzun müddət Naxçıvan Teatrında rejissor kimi də fəaliyyət göstərən İsa Musayev böyük məharətlə və fərqli yozumda Mirzə Fətəli Axundzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Süleyman Sani Axundovun, Cəfər Cabbarlının, Mir Mehdi Seyidzadənin, Rza Şahvələdin, Kərim Həsənovun və başqalarının əsərlərinə quruluş verib. Onun qeyri-adi aktyorluqrejissorluq fəaliyyəti mütəxəssislərin diqqətini cəlb edirdi. Bu səbəbdən də İkinci Dünya müharibəsi illərində onu xüsusi təyinatla Abasqulu ağa Bakıxanov adına Quba Dövlət Dram Teatrında işləməyə göndəriblər. Bir müddət bu teatrda həm aktyor, həm də rejissor kimi çalışan naxçıvanlı balası ölkəmizin şimal bölgəsinin mədəni həyatının dirçəlməsində öz əməyini əsirgəməyib. Məhz həmin dövrdəki fəaliyyətinə görə "Əməkdar artist" fəxri adına layiq görülən İsa Musayev yenidən Naxçıvana qayıdaraq doğma kollektivdə fəaliyyətini davam etdirıb. O dövrdə onun müqtədir tərəf-müqabilləri var idi. Aktrisalardan Xədicə Qazıyeva, Zəroş Həmzəyeva, Firuzə Əlixanova, aktyorlardan Rza Məmmədov, Mirhəsən Mirişli, Səməd Mövləvi, Əyyub Haqverdiyev, Nəcəf Tağızadə, İbrahim Həmzəyev, Ağabala Məmmədov və başqaları.

Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişfaında göstərliyi fədakar xidmətlərinə görə 48 yaşında xalq artisti adına layiq görülən İsa Musayev "Şərəf nişanı" ordeni ilə də təltif edilmişdir. Həm dramatik, faciə, həm də komediya rollarını, xüsusilə də əsas qəhrəmanları böyük məharətlə yaradan İsa Musayev klassikmüasir əsərlərin tamaşalarında psixoloji, tipik, xarakterik obrazları özünəməxsus şövqilhamla oynayıb. Zahirən də çox yaraşıqlı, boylu-buxunlu olan İsa Musayev Naxçıvan Teatrının ən cazibəli aktyorlarından olub. İstər Azərbaycan dramaturqlarının, istərsə də tərcümə əsərlərinin tamaşasında yaratdığı rollar teatr tariximizin qiymətli incisi sayılıb. O, elə bir zamanda teatra gəlmişdi ki, bu sahədə böyük boşluq var idi. O, bir tərəfdən aktyorluq missiyasını yerinə yetirirdisə, digər tərəfdən də məktəb yaradırdı. Sonralar bu məktəbin məzunları çoxaldı.

Bu gün anadan olmasının 100 ili tamam olan xalq artisti, görkəmli səhnə ustadı İsa Musayev cəmi 64 il ömür sürüb. Özü səhnədə qalmasa da, rolları lentə alınmasa da, yaratdığı obrazlara, milli teatrın inkişafında göstərdiyi fədakarlığa görə Azərbaycan mədəniyyət tarixinin unudulmaz simalarından birinə çevrilib. Əsl sənətkar ömrü belədir. Sənət dünyasının fədakarları dünya var olduqca unudulmur. Çünki hər bir sənətin inkişafı, yaşamı, əbədiliyi məhz bu fədailərin - bünövrə sütunlarının üzərində qərar tutur. İsa Musayev də Azərbaycan teatr sənətinin şah sütunlarından biri idi.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.-2012.- 28 noyabr.- S.11.