Görüşdə Azərbaycan ilə Latviya arasında iqtisadi əlaqələrin intensivləşdirilməsinin
zəruriliyi vurğulanmışdır
Azərbaycan
Respublikasının Baş naziri Artur Rasizadə noyabrın
28-də Latviya Respublikasının Baş naziri Valdis
Dombrovskisin başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşmüşdür.
Təkbətək
keçən görüş daha sonra geniş heyətdə
davam etmişdir. Baş nazir ölkəmizdə həyata
keçirilən iqtisadi islahatların nəticələrindən,
ümumi daxili məhsulun artım tempindən, infrastruktura
yatırılan yerli və xarici sərmayələrdən
danışmış, nəqliyyat və kommunikasiya sahələrində
həyata keçirilən irimiqyaslı layihələr barədə
məlumat vermişdir. Artur Rasizadə Azərbaycanın
iqtisadi siyasəti haqqında danışarkən xüsusilə
vurğulamışdır ki, hazırda ölkədə əsas
prioritet qeyri-neft sektorunun inkişafıdır. Bu istiqamətdə
həyata keçirilən islahatlar nəticəsində
qeyri-neft sektoru son illərdə 10 faizdən çox
artmışdır.
Latviyalı həmkarının səfərinin əhəmiyyətini vurğulayan Azərbaycanın Baş naziri keçirilən yüksək səviyyəli görüşlərin, həmçinin biznes forumun nəticələrinin uğurlu olduğundan, yeni perspektivlərə yol açılacağından əminliyini ifadə etmişdir. İqtisadi əlaqələrinin hər iki ölkənin potensialını əks etdirmədiyini diqqətə çatdıran Artur Rasizadə bu istiqamətdə fəaliyyətin intensivləşdirilməsinin vacibliyini vurğulamışdır.
Baş nazir vurğulamışdır ki, Azərbaycanın başlıca bir problemi vardır. Bu da Azərbaycan torpaqlarının işğalına və bir milyon insanın doğma yurd-yuvalarından didərgin düşməsinə səbəb olmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll edilməməsidir. Vurğulanmışdır ki, bu münaqişə sülh yolu ilə, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq normalar əsasında həll edilməlidir.
Latviyanın Baş naziri Valdis Dombrovskis Azərbaycan və Latviya hökumətlərinin dəstəyi ilə keçirilmiş biznes forumun nəticələri barədə məlumat vermişdir. Ticarət-iqtisadi sahədə əlaqələrin inkişafı üçün çox əlverişli imkanların olduğunu, latviyalı iş adamlarının Azərbaycana marağının getdikcə artdığını vurğulayan Baş nazir energetika, sənaye, kənd təsərrüfatı məhsullarının idxalının, mədəniyyət, turizm sahələrində qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin hər iki tərəf üçün əhəmiyyətli ola biləcəyini demişdir.
Valdis Dombrovskis keçirilmiş görüşlərin, yüksək səviyyəli səfərlərin əhəmiyyətini də qeyd etmişdir.
Görüşdə
Latviya ilə Azərbaycan arasında birbaşa və tranzit
aviareyslərin açılması, sənaye, rabitə,
texnologiyalar sahəsində birgə layihələrin işlənib
hazırlanması və qarşılıqlı maraq
doğuran digər məsələlərlə bağlı
fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.-2012.- 29 noyabr.- S.2.