Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin böyük əksəriyyətini yerinə yetirib

 

Noyabrın 28-də Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex ilə görüşdü.

Oqtay Əsədov həmməruzəçilərlə əvvəlki görüşlərini xatırladaraq bu görüşlərin və aparılan müzakirələrin Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin inkişafına xidmət etdiyini bildirdi.

Milli Məclisin Sədri Azərbaycanda həyata keçirilən islahatlar, xüsusən də insan hüquq və azadlıqlarının qorunması istiqamətində görülən işlər barədə qonaqlara ətraflı məlumat verdi. Spiker diqqətə çatdırdı ki, Azərbaycan bütün beynəlxalq təşkilatlar, o cümlədən də Avropa Şurası ilə əlaqələrin inkişafında maraqlıdır. 1994-cü ildən bu günədək Azərbaycan Avropa Şurasının 55 sənədinə qoşulub, bu təşkilat qarşısında götürdüyü öhdəliklərin böyük əksəriyyətini yerinə yetiribdir. Bugünədək Azərbaycanda 50-yə yaxın əfv fərmanı və 9 Amnistiya Aktı imzalanıbdır. Bütün bunlar Azərbaycan hökumətinin və dövlətinin insan hüquq və azadlıqlarına verdiyi yüksək qiymətin göstəricisidir.

Həmməruzəçilər Bakıda keçirdikləri görüşlərdən danışaraq qeyd etdilər ki, səfərin məqsədi Azərbaycanla bağlı hazırlanan məruzənin son detallarını müzakirə etməkdir. Məruzə Monitorinq Komitəsinin cari ilin dekabr ayının 12-də Parisdə keçiriləcək iclasında müzakirə olunduqdan sonra AŞ PA-nın 2013-cü ilin yanvarında Strasburqda keçiriləcək sessiyasının gündəliyinə daxil ediləcəkdir.

Görüşdə bildirildi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ də məruzədə öz əksini tapacaq.

 

 

Azərbaycan.-2012.- 29 noyabr.- S.2.