QİƏT Parlament Məclisinin
Baş Assambleyasının Bakıda keçirilən 40-cı plenar
sessiyası başa çatmışdır
Qara
Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
(QİƏT) Parlament Məclisinin Baş Assambleyasının
Bakıda keçirilən 40-cı plenar sessiyası
noyabrın 28-də öz işini davam etdirmişdir.
AzərTAc
xəbər verir ki, Türkiyədən olan deputat, QİƏT
PM sədrinin müavini Ənvər Yılmazın sədrliyi
ilə keçən sessiyada Ukraynanın QİƏT PM-dəki
nümayəndə heyətinin üzvü Lilia Qriqoryeviç
"QİƏT-ə üzv olan dövlətlərin sosial təminat
sistemində islahatlar" mövzusunda məruzə ilə
çıxış etmiş, müzakirələr
aparılmışdır.
Məruzə
və müzakirələrdə qeyd olunmuşdur ki, dünyada
baş verən qlobal maliyyə böhranı bir sıra
ölkələrdə işsizlik problemi yaratmış,
yoxsulluğun səviyyəsi artmışdır. Lakin QİƏT-ə
üzv ölkələrin bəzilərində, o cümlədən
Azərbaycanda həyata keçirilən sosial islahatlar nəticəsində
əhalinin aztəminatlı təbəqəsinin rifah halı
yaxşılaşmış, yoxsulluğun səviyyəsi
xeyli aşağı düşmüşdür. Azərbaycanda
əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi
sahəsində ciddi islahatlar həyata keçirilmişdir.
"QİƏT-ə
üzv dövlətlərin şəhərləri: iqtisadi,
ekoloji, mədəni və sosial inkişaf problemləri"
mövzusundakı məruzə ətrafında aparılan
müzakirələr zamanı qloballaşan dünyada ölkələrin
hazırladıqları inkişaf strategiyası, şəhərlərin
modernləşdirilməsi, yeni infrastrukturların
yaradılması və bu proseslərlə paralel olaraq ekoloji
problemlərin həlli, mədəni abidələrin
qorunması və s. məsələlər diqqət mərkəzində
olmuşdur. Çıxış edənlər konkret olaraq Azərbaycanın
paytaxtını misal çəkmiş, Bakı şəhərində
həyata keçirilən yenidənqurma, tikinti işlərinin
müsbət nəticələri, ekoloji problemlərin həlli
ilə bağlı həyata keçirilən layihələr
xüsusi qeyd edilmişdir.
Sonra
qurumun Mədəniyyət, təhsil və sosial məsələlər
komitəsinin sədri Jalə Əliyeva çıxış
etmiş, komitənin 39-cu
iclasında qəbul olunmuş tövsiyə xarakterli qərarları
iclas iştirakçılarının diqqətinə
çatdırmışdır.
Azərbaycanın
QİƏT PM-dəki nümayəndə heyətinin rəhbəri, Parlament Məclisi sədrinin
müavini Asəf Hacıyevin sədrliyi ilə davam edən
sessiyada maliyyə və təşkilati məsələlərə
baxılmış, QİƏT PM-in sədrinin iki müavini
seçilmişdir. Sədr müavinləri Bolqarıstan və
Yunanıstandan olmuşdur.
QİƏT
PM-in 2013-cü ilin büdcəsi 1 milyon 100 min avro təsdiqlənmişdir.
Eyni zamanda, büdcə-audit komissiyası seçilmişdir.
Komissiyaya 2014-cü ilin büdcəsinin layihəsinin
hazırlanması və büdcənin icrası təftişi
tapşırılmışdır.
QİƏT-in reqlamentinə də dəyişiklik edilmişdir. Dəyişiklikdə deyilir ki, quruma üzv ölkələrin nümayəndələri
Assambleyanın baş
katibinin müavini postuna iki dəfədən
artıq seçilə
bilməzlər.
İclasda bir sıra mühüm
qərarlar qəbul olunmuşdur.
Bildirilmişdir ki, gələn
il fevralın
26-da İstanbulda QİƏT PM-in yaranmasının 20-ci ildönümü
ilə əlaqədar
Daimi Komitənin iclası keçiriləcəkdir.
Gələn ilin mayında
isə Bolqarıstanın
Varna şəhərində QİƏT
PM-in parlament rəhbərlərinin
görüşü olacaqdır. Assambleyanın
2013-cü il yaz sessiyasının keçiriləcəyi tarix
və yer də müəyyənləşmişdir.
İclasın sonunda Azərbaycan
Respublikası Milli Məclisinin və QİƏT
Parlament Məclisinin Sədri Oqtay Əsədov çıxış
etmiş, müzakirə
olunan məsələlərin,
qəbul edilmiş qərarların və tövsiyələrin əhəmiyyətinə
toxunmuşdur.
O.Əsədov demişdir ki, iclasda təşkilatın
gələcək fəaliyyətinin
daha məhsuldar olması baxımından bir sıra mühüm
qərarlar qəbul edilmiş, təşkilatın
prosedur qaydalarına və reqlamentinə dəyişikliklər olunmuşdur.
Plenar sessiyanın olduqca məhsuldar keçdiyini vurğulayan O.Əsədov bildirmişdir
ki, QİƏT PM-in Baş
Assambleyasının 41-ci plenar
sessiyası 2013-cü il
mayın 21-dən 23-dək Bolqarıstanda keçiriləcəkdir.
Sessiyanın gündəliyinə komitələr çərçivəsində
"Qara dənizdə
axtarış və xilasetmə işləri sahəsində əməkdaşlığın
inkişaf etdirilməsi",
"Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı Parlament
Məclisinin geniş Qara dəniz regionunda regional əməkdaşlığının
20 ili", "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına
üzv dövlətlərin
universitetləri arasında
diplomsonrası təhsil
səviyyəsinin əməkdaşlığının
üstünlükləri və
perspektivləri" məsələləri
müzakirə olunacaqdır.
O.Əsədov sədrliyin Bolqarıstana
keçdiyini elan etmiş və sədrliyin simvolunu bolqarıstanlı həmkarına
təqdim etmişdir.
Bolqarıstan Respublikası Xalq
Məclisinin sədri xanım Tsetska Tsaçeva çıxış
etmiş, QİƏT PM-in Baş
Assambleyasının 40-cı plenar sessiyasının yüksək səviyyədə
təşkilinə görə
minnətdarlığını bildirmişdir. O demişdir
ki, QİƏT Parlament
Məclisinin Baş Assambleyasının Bakıda
keçirilən iclası
qarşıya qoyulan məqsədlərə nail olmuşdur.
Azərbaycanın sədrliyi
müddətində təşkilat
daha da səmərəli
fəaliyyət göstərmişdir.
Sessiya zamanı müzakirə edilən məsələlər bunun
bariz nümunəsidir.
Xanım
T.Tsaçeva demişdir
ki, QİƏT PA region ölkələri
arasında birgə əməkdaşlıq proseslərini
daha da sürətləndirə
bilər. Ümid edirəm ki, Bolqarıstanın sədrliyi
müddətində təşkilat
qarşısına qoyduğu
məqsədlərə çatmaq
və daha da səmərəli fəaliyyət göstərmək
üçün səyləri
davam etdirəcəkdir.
Sonra Oqtay Əsədov QİƏT
PM Baş Assambleyasının
40-cı plenar sessiyasının
başa çatdığını
elan etmişdir.
Qeyd edək ki, plenar
sessiyada QİƏT-ə üzv
olan 12 ölkədən 11-nin nümayəndə
heyəti, 15-dən çox
beynəlxalq təşkilatın
nümayəndəsi iştirak
etmişdir.
***
QİƏT
PM Baş Assambleyasının 40-cı plenar sessiyası
başa çatdıqdan sonra nümayəndə heyətlərinin
başçıları mətbuat konfransı keçirmişlər.
Azərbaycan.-2012.- 29 noyabr.- S.2.