Son illər Azərbaycan ilə Macarıstan arasında bütün sahələrdə əməkdaşlıq intensiv xarakter almışdır

 

Macarıstanda səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov bu ölkənin  Baş naziri ofisinin beynəlxalq əlaqələr və iqtisadiyyat üzrə dövlət katibi, Azərbaycan-Macarıstan hökumətlərarası iqtisadi komissiyasının həmsədri Piter Siyyarto ilə görüşmüşdür.

Görüşdə komissiyanın bu yaxınlarda Budapeştdə keçirilən III iclasında qəbul olunmuş qərarlar və irəli sürülmüş təkliflər ətrafında fikir mübadiləsi aparılmışdır. Piter Siyyarto son illər Azərbaycan ilə Macarıstan arasında bütün sahələrdə əməkdaşlığın intensiv xarakter aldığını vurğulamış və bunu təmsil etdiyi hökumətin mühüm addımlarından biri kimi dəyərləndirmişdir. Yaxın günlərdə Bakıya səfər edəcəyini bildirən Piter Siyyarto hazırda hər iki tərəf üçün ciddi maraq doğuran bir sıra iqtisadi layihələr üzərində işlərin getdiyini vurğulamışdır.

Baş nazirin müavini Abid Şərifov Azərbaycanda  tikinti-quraşdırma, kənd təsərrüfatı, yeyinti məhsulları və digər sahələrdə ixtisaslaşan  macar şirkətləri ilə əməkdaşlığa böyük maraq və ehtiyac olduğunu söyləmişdir.

Görüşdə hazırda müzakirə və iqtisadi dəyərləndirmə mərhələsində olan birgə layihələrin həyata keçirilməsini sürətləndirmək istiqamətində zəruri tədbirlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

 

 

 Pərvanə QARAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Budapeşt

 

Azərbaycan.-2012.- 29 noyabr.- S.3.