Azərbaycan Mətbuat Şurasında Həsən
bəy Zərdabinin
anım günü keçirilib
Noyabrın
28-də Azərbaycan Mətbuat
Şurasında milli mətbuatımızın banisi, dahi
mütəfəkkir Həsən bəy Zərdabinin anım
günü keçirilib. Tədbirdə Zərdabi irsinin tədqiqatçıları,
kütləvi informasiya vasitələrinin rəhbərləri
və ictimai xadimlər iştirak ediblər.
Toplantını
giriş sözü ilə açan MŞ sədri Əflatun
Amaşov bildirib ki, Mətbuat Şurası bir neçə il əvvəl
Həsən bəy Zərdabinin dünyadan
köçdüyü 28 noyabr tarixinin böyük şəxsiyyətin
anım günü kimi qeyd edilməsi ilə bağlı təşəbbüs
qaldırıb və bu təşəbbüs artıq ənənəyə
çevrilib. Bu gün baş tutan mərasim də həmin ənənədən
qaynaqlanır. "Hər il Azərbaycan Mətbuat
Şurası, ümumilikdə ölkəmizin media ictimaiyyəti
22 iyul Milli Mətbuat günündə Həsən bəyin
qurucusu olduğu "Əkinçi" qəzetinin
işığına toplaşır. Həm bu qəzet, həm
də Zərdabi haqqında dəyərli fikirlər səslənir.
Amma hesab edirik ki, bu böyük insan, əsl vətənpərvər
haqqında nə qədər deyilsə, yenə də azdır. Bütün
varlığını Azərbaycana bağlamış dahinin
hamımıza örnək həyat yolu və fəaliyyəti
daim xatırlanılmalıdır", - deyə o
vurğulayıb.
Zərdabi
irsini Azərbaycanın keçmişi, bu günü və gələcəyi
baxımından misilsiz məxəz adlandırmış Ə.Amaşov
onun öyrənilməsində xidmətləri olan şəxslərin
əməyinin yüksək qiymətləndirilməsinin zəruriliyindən
söhbət açıb. Onların bir qisminə Azərbaycan
Mətbuat Şurasının fəxri diplomalarını təqdim
edib. Bu sırada Bakı Dövlət Universitetinin professoru
İzzət Rüstəmov, Zərdab rayonunda çıxan
"Əkinçi" qəzetinin baş redaktoru İsaməddin
Əhmədov, "Xalq qəzeti"nin baş redaktor
müavini Tahir Aydınoğlu, İctimai Televiziyanın Həsən
bəy Zərdabinin həyat və fəaliyyətindən bəhs
edən filminin müəllifi Qərənfil Xəlilova,
Söz Azadlığını Müdafiə Fondunun
icraçı direktoru Vüqar Tofiqli, Azərbaycan
Respublikasının Milli Məclisinin deputatı Xanhüseyn
Kazımlı, hərbi jurnalist Şəmistan Nəzirli, Elmira
Qasımova və Eldəniz Həsənov kimi dəyərli tədqiqatçılar
var. Tədbirdə həmçinin bildirilib ki, hazırkı
dövrdə Həsən bəy Zərdabi ilə bağlı
elmi yeniliklərin əhəmiyyətli qismi Beynəlxalq
Avrasiya Mətbuat Fondunun nəşriyyatında çap olunub.
Bu işi səmərəli şəkildə həyata
keçirdiyi üçün BAMF rəhbəri Umud Rəhimoğlu
da Mətbuat Şurasının fəxri diplomu ilə təltif
edilib.
Azərbaycan
Respublikasının Milli Məclisinin deputatı Xanhüseyn
Kazımlı bildirib ki, xalqımızın min illər boyu
formalaşmış zəngin milli-mənəvi dəyərlər
sistemində böyük yaradıcı şəxsiyyətlərin
qoyub getdiyi irs zaman-zaman həyatı dəyişdirmiş, məmləkətimizi
sivil dəyərlərə qovuşdurmuşdur. Bu mənada Zərdabi
fenomeni xüsusi vurğulanmalıdır. Onun istər "Əkinçi"
qəzetindəki, istərsə də sonrakı dövrlərdəki
fəaliyyəti Azərbaycanı dövlət müstəqilliyinə
daşıyan misilsiz dəyərlər sistemi
formalaşdırıb.
Uzun
illər Həsən bəy Zərdabinin həyat və
yaradıcılığının öyrənilməsi ilə
məşğul olmuş BDU-nun professoru İzzət Rüstəmov
bildirib ki, "Əkinçi" qəzetinin səhifələrində
yer alan baxışlar bu gün üçün də
aktuallığını saxlayır, bir növ mayak rolunu
oynayır. Nəşr təkcə əkin-biçin
texnologiyalarını təbliğ etmirdi, eyni zamanda
böyük maarifçi rolu oynamaqla insanları inamlı gələcəyə
doğru səsləyirdi. "Əkinçi" qəzeti
qısa yaşasa da, uzun ömür sürdü. Bu, əvəzsiz
şəxsiyyət Həsən bəy Zərdabinin
böyük əməyinin, xalq və millət
qarşısındakı yorulmaq bilməyən fəaliyyətinin
nəticəsi idi.
Azərbaycan
Respublikasının Milli Məclisinin deputatı, MŞ
İdarə Heyətinin üzvü, "Azərbaycan" qəzetinin
baş redaktoru Bəxtiyar Sadıqov Həsən bəy Zərdabini
mətbuatın, söz sənətinin yolunu
işıqlandıran fədakar insan kimi xarakterizə edib.
Bildirib ki, bu yolda olan hər bir məziyyət ətraflı
şəkildə cəmiyyətə
çatdırılmalıdır. Həsən bəy Zərdabinin
irsinin tədqiqatçılarının əməyini
yüksək qiymətləndirən deputat gələcəkdə
dahi mütəfəkkirin fəaliyyətinə dair daha səmərəli
elmi işlərin ortaya qoyulacağına əminliyini
vurğulayıb.
Azərbaycan
Respublikasının Milli Məclisinin deputatı, MŞ
İdarə Heyətinin üzvü, "Ədalət" qəzetinin
təsisçisi Aqil Abbas da çıxışında ustad
şəxsiyyət Həsən bəy Zərdabinin irsinin daha
dərindən öyrənilməsinə ehtiyac duyulduğunu
deyib. O, eyni zamanda bu istiqamətdə kifayət qədər
sanballı sənət nümunələrinin ortaya
qoyulduğunu da bildirərək Azərbaycanın ictimai fikir
tarixində müstəsna rolu olmuş şəxslərin həyat
və yaradıcılığı ilə bağlı akademik
nəşrlərin hazırlanmasının vacibliyinə diqqət
çəkib.
Həsən
bəy Zərdabi ilə əlaqədar çəkilmiş
filmin müəllifi, İTV-nin əməkdaşı,
tanınmış jurnalist Qərənfil Xəlilova belə
dahi şəxsiyyəti olan xalqın böyük xalq
olduğunu dilə gətirib. Sözügedən sənət əsərinin
ərsəyə gəlməsi zamanı görkəmli mütəfəkkirlə
bağlı rastlaşdığı yeni faktlardan söhbət
açan jurnalist bildirib ki, bunlar Zərdabi şəxsiyyətinin
Azərbaycanın fikir tarixindəki rolunun
böyüklüyünü bir daha təsdiqləyir.
Tədqiqatçı
jurnalist Şəmistan Nəzirli Azərbaycan mətbuatı
tarixində Həsən bəy Zərdabi ilə yanaşı,
onun həyat yoldaşı Hənifə xanım Abayevanın
da müstəsna rolunun olduğunu vurğulayıb. Dahi mütəfəkkirin
həyat və fəaliyyətinə nəzər salarkən Hənifə
xanım amilinə də xüsusi diqqət yetirilməsinin
vacibliyini önə çəkib.
"Yeni
Azərbaycan" qəzetinin baş redaktoru Hikmət
Babaoğlu bildirib ki, cəmiyyət nə qədər dəyişikliyə
məruz qalsa da, onun bəlli dəyərlər sistemi var və
həmin sistem bütöv bir xalqın xarakterizə
olunması nöqteyi-nəzərdən müstəsna önəm
daşıyır.
MŞ
İdarə Heyətinin üzvü, "Paralel" qəzetinin
baş redaktoru Tapdıq Abbas Həsən bəy Zərdabini mənəvi
etalon kimi dəyərləndirib, onu xalqa, millətə təmənnasız
xidmətin təkrarsız və bənzərsiz nümunəsi
adlandırıb.
Zərdab
rayonunda çıxan "Əkinçi" qəzetinin
baş redaktoru, Zərdabi irsinin tədqiqatçısı
İsaməddin Əhmədov dahi mütəfəkkirin
yaradıcılıq mərhələlərinin təsnifatını
verib. Bu baxımdan onun "Kaspi" qəzetindəki fəaliyyətinin
müstəsna önəm daşıdığını
deyib.
"Kaspi"
qəzetinin baş redaktoru Natiq Məmmədli də eyni məqama
toxunub.
MŞ
sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri
Umud Rəhimoğlu çıxışında "Əkinçi"
adı ilə bağlı məqama toxunaraq bildirib ki, ictimai
maarifçiliyi hədəfləyən Həsən bəyin
ad seçimi dövrün bürokratizminin diqqətini
yayındırmaq məqsədi daşısa da, bu adlandırma
eyni zamanda bir xalqın bağlılıq simvolunun
tapıntısı idi.
Eyni
fikri bölüşən MŞ İdarə Heyətinin
üzvü, "İki sahil" qəzetinin baş redaktoru
Vüqar Rəhimzadə uzun illər ərzində öyrənilməsinə
maneələr törədilməsinə baxmayaraq, Zərdabi
irsinə müraciətin hələ sovet dönəmində
də olduğunu xatırladıb. Onun sözlərinə
görə, bu müraciət təbiiliyin, xalqın içərisindən
gələn obyektivlik səsinin göstəricisi idi.
"Assa
İrada" İnformasiya Agentliyinin baş direktoru Fazil Abbas Həsən
bəy Zərdabini təkcə Azərbaycanın deyil,
bütövlükdə islam ölkələrinin mətbuat
tarixində mühüm rol oynamış şəxsiyyət
kimi qiymətləndirib.
"Xalq
qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu
bildirib ki, 1907-ci ilin bu günü Həsən bəyin
dünyasını dəyişməsi o zamankı Azərbaycanın
həyatında olduqca ağır itki idi. Onun dəfninin
böyük təntənə ilə həyata
keçirildiyini deyən T.Aydınoğlu onu da deyib ki, üzərindən
bir əsrdən artıq müddət keçdikdən sonra Zərdabinin
anım gününün ənənəyə çevrilməsi
də xalqın dəyərli şəxsiyyətinə qiymətinin
nəticəsidir.
Azərbaycan.-2012.- 29 noyabr.- S.3.