Latviyanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil olunmuşdur

 

Noyabrın 28-də Latviyanın Müstəqillik Günü münasibətilə Bakıdakı "Kempinski Badamdar" hotelində rəsmi qəbul təşkil olunmuşdur.

AzərTAc xəbər verir ki, qəbulda Azərbaycan dövlətinin və hökumətinin rəsmi şəxsləri, xarici dövlətlərin ölkəmizdəki səfirləri, habelə baş nazir Valdis Dombrovskisin rəhbərliyi ilə Bakıya gəlmiş Latviya nümayəndə heyəti iştirak etmişdir.

Latviyanın baş naziri qəbulda çıxış edərək demişdir: "Azərbaycan ilə Latviya arasında münasibətlər yüksək səviyyədədir. Ölkələrimiz arasında iqtisadi əlaqələr yüksələn xətt üzrə inkişaf edir".

V.Dombrovskis vurğulamışdır ki, iki ölkənin dövlət və hökumət başçıları arasında münasibətlərin yüksək səviyyədə olması Latviya-Azərbaycan münasibətlərinin daha da inkişaf etməsinə şərait yaradır. Baş nazir demişdir: "Azərbaycan ilə Latviya arasında tarixi paralellər mövcuddur. Bu onunla ifadə olunur ki, keçən əsrin əvvəlində ölkələrimiz özlərinin müstəqilliyini elan etmiş və uzun illərdən sonra - 1990-cı illərdə yenidən müstəqil dövlətlər olmuşlar. Bu gün Azərbaycan və Latviya bütün sahələrdə əlaqələri genişləndirirlər".

Azərbaycanın baş nazirinin müavini Əli Həsənov tədbir iştirakçılarını ölkəmizin Prezidenti və hökuməti adından Latviyanın Müstəqillik Günü münasibətilə təbrik etmişdir. Ə.Həsənov demişdir: "Müstəqillik hər bir ölkə üçün onun sərvətidir. Hazırda Azərbaycan və Latviya müstəqil dövlətlərdir və onların münasibətləri sürətlə inkişaf edir". O, ümidvar olduğunu bildirmişdir ki, Latviyanın baş naziri Valdis Dombrovskisin Azərbaycana səfəri ikitərəfli əlaqələrin gələcək inkişafına böyük təkan verəcəkdir. Ə.Həsənov vurğulamışdır ki, iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələri genişləndirmək üçün böyük potensial vardır. Baş nazirin müavini Azərbaycanın və Latviyanın beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsinin vacib olduğunu da qeyd etmişdir.

 

 

Azərbaycan.-2012.- 29 noyabr.- S.3.