Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır

 

Bu yaxınlarda İstanbulun İzmit-Kocaeli şəhərində Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının III qurultayı keçirilmişdir. Yaşının az olmasına baxmayaraq, bu təşkilat Türkiyənın müxtəlif şəhərlərində fəaliyyət göstərən, Azərbaycan həqiqətlərini Türkiyə və dünyada yayan on iki dərnəyi özündə  birləşdirir.

Üç gün davam edən bu qurultaya Azərbaycan və Türkiyədən tanınmış dövlət xadimləri, nazir, millət vəkilləri, müxtəlif universitetlərdə çalışan müəllimlər, Azərbaycanın tanınmış incəsənət xadimləri, tələbələr qatılmışdı. İzmit-Kocaelinin meri  İbrahim Karaosmanoğlu Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasına Mərmərə dənizinin sahilində gözəl saray ayırdı. Burada Heydər Əliyevin adını daşıyan kitabxanada  ulu öndərin həyatını, siyasi fəaliyyətini əks etdirən çox sayda kitablar və tarixi sənədlər var. Bundan sonra Türkiyə-Azərbaycan Mədəniyyət Sarayı adını daşıyacaq bu binanın açılışında  Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov,  Türkiyənın ailə və sosial siyasət naziri Fatma Şahin, İzmit millət vəkili Əzizə Sibel Gönül, İqdır millət vəkili Sinan Oğan və başqaları iştirak edirdilər.

Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan-Türkiyə dostluğundan danışaraq gələcəkdə əlaqələrin daha da genişlənməsinə ehtiyac olduğunu söylədi: "Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Atatürkün sözü də bu dostluğın kökünün dərinlərdə olduğunu sübut edir: "Azərbaycanın sevinci də bizim, kədəri də bizimdir".

Türkiyənin ailə və sosial siyasət naziri Fatma Şahin, İqdır millət vəkili S.Oğan, İzmit-Kocaeli millət vəkili Əzizə Sibel Gönül, İzmit valisi Ercan Topaca, İzmit-Kocaeli Böyükşəhər Bələdiyyə başqanı da Azərbaycan Türkiyə dostluğundan danışdılar, çıxışlarında Qarabağ probleminə toxundular. Vurğulandı ki, erməni lobbisi Avropada Qarabağın erməni torpaqları olmasına insanları inandırmağa çalışsa da, "əməyi" boşa çıxacaq, çünki Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır. İbrahim Karaosmanoğlu qurultay iştirakçılarını  şəhərin mənzərəli yerlərində Heydər Əliyevin adını daşıyan iki parkın açılışına dəvət etdi. İlk açılışın keçirildiyi Qaratəpədə bələdiyyə başqanı Şükrü Karabalık çıxış edərək dedi ki, hər zaman faydalı tədbirlərlə dostluğumuzu daha da möhkəmləndirəcəyik. İncəsənət xadimləri qonaqları Mehtər Marşı və Azərbaycan xalq oyunları ilə qarşıladılar.

Qurultayda 3 gün ərzində keçirilən müzakirələrdə indiyədək görülən işlərdən və Azərbaycanın Türkiyədə, dünyada tanıdılmasına dəstək verən vacib tədbirlərdən danışıldı. Qurultayda Türkiyənin 12 şəhərini təmsil edən dərnək rəhbərləri yaşadıqları şəhərlərdə Azərbaycanla bağlı gördükləri işlərdən danışarkən həmçinin Türkiyə universitetlərində dərs deyən azərbaycanlı müəllimlərin əməyini xüsusi qeyd etdilər. Bilkənt Universitetində çalışan professor Əmrulla Məmmədov, Adana şəhərindəki Çuxurova Universitetinin müəllimi, Azərbaycanın tanınmış incəsənət xadimi, xalq artisti, professor Cahangir Zeynalovun və başqalarının adlarını çəkdilər. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi çıxışında Əskişəhər Azərbaycan dərnəyinin adını xüsusi çəkdi və bildirdi ki, dərnəklərin hamısı Azərbaycanın dünyada və Türkiyədə tanıdılmasında çox böyük işlər görür.

XIX əsrin sonu, XX əsrin əvvəllərində Şuşadan, Gəncədən, Cəbrayıldan və Qubadlıdan Türkiyəyə göçməyə məcbur olmuş azərbaycanlıların övladları Vətən həsrətindən danışarkən göz yaşlarını tuta bilmədilər.

Qurultayda Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının başqanı Bilal Dündar indiyə qədər gördükləri işlərin hesabatını verdi. Bununla bağlı təqdim olunan filmdə Azərbaycanda keçirilən tədbirlər, dostluq görüşləri öz əksini tapmışdı.

Onu da xatırlayaq ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyev Bilal Dündarın Azərbaycan-Türkiyə münasibətlərində gördüyü işlərə yüksək qiymət verərək onu "Şöhrət" ordeni ilə  təltif etmişdi. Qurultayda Finlandiya-Azərbaycan Dostluq Dərnəyinin sədri Vasif Oqtay və Finlandiya-Azərbaycan Qadınlar Dərnəyinin sədri Arzu Oqtay Azərbaycanı tanıtmaq üçün gördükləri işlərdən danışdılar. Arzu xanım könüllü olaraq fin məktəblərində şagirdlərə Azərbaycan dilini öyrədir. O, keçirdiyi toplantılarda Azərbaycanın tarixini, mədəniyyətini tanıdır, adətlərindən danışır, mətbəxini nümayiş etdirir. Arzu xanım fikrini söyləyərkən ümummilli lider Heydər Əliyevin Avropada, xüsusilə Böyük Britaniyada məskunlaşan azərbaycanlılar qarşısında çıxış edərkən dediyi sözlərdən nümunələr gətirdi, həmçinin Finlandiya dövlətinə, onun Prezidentinə minnətdalığını bildirdi: "Əgər biz ölkəmizi tanıtmaq üçün bir tədbir keçirməli olsaq, Finlandiya hökuməti bu işdə maddi-mənəvi köməyini heç vaxt əsirgəmir".

Qurultay iştirakçılarına İstanbulda fəaliyyət göstərən Türk-Azərbaycan dostluq, kültür, həmrəylik dərnəyinin sədri Salih Bayraktarın nəşr etdirdiyi  Xocalı faciəsini əks etdirən "Acı-Xocalı soyqırımı şəhidlərinin xatirəsinə", "Soyqırımı yalanının cansız şahidləri" adlı kitabları təqdim olundu. Kitab İstanbuldakı Esenyurd Bələdiyyə başqanı Nəcmi Kadıoğlunun maddi dəstəyi ilə nəşr edilmişdir. Bu kitablarda eyni zamanda XX əsrin əvvəllərində ASALA erməni terror təşkilatının Azərbaycan və Türkiyə ərazilərində törətdikləri vəhşiliklərə, qırğınlara, Quba qətliamına, Qarabağ və xüsusilə Xocalı faciəsinə geniş yer verilmişdir.

Azərbaycanlı mügənni Azərinin ifa etdiyi Türkiyə-Azərbaycan dostluğuna həsr olunmuş nəgmələr, B.Vahabzadənin sözlərinə bəstələnmiş "Bir millətik, iki dövlət", Ə.Cavadın "Çırpınırdı Qara Dəniz" mahnısı qurultay iştirakçılarının ürəyindən xəbər verdi. Ulu öndər Heydər Əliyevin ən çox sevdiyi "Küçələrə su səpmişəm" mahnısı da Azərin xanımın repertuarında könülləri fəth etdi. Azərbaycanlı və türkiyəli tələbələr gözəl musiqilər altında birgə yallı getdilər.

 

 

Tamilla ƏLİYEVA,

"Azərbaycan" qəzetinin Türkiyə təmsilçisi

İzmit-Kocaeli

 

Azərbaycan.-2012.- 29 noyabr.- S.4.