Azərbaycan ilə Latviya arasında
fövqəladə hallar sahəsində aidiyyəti qurumların əməkdaşlıq
əlaqələri inkişaf edir
Noyabrın 28-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikasının Baş naziri Valdis Dombrovskisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Fövqəladə Hallar Nazirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə Kəmaləddin Heydərov respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər və nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Kəmaləddin Heydərov həmçinin cari ilin aprel ayında Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Latviyanın daxili işlər nazirinin ölkəmizə rəsmi səfərinin və əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədi ilə cari ilin mayında nazirliyin nümayəndə heyətinin onun rəhbərliyi altında Latviya Respublikasında rəsmi səfərdə olmasının əlaqələrin daha da inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Baş nazir Valdis Dombrovskis də öz növbəsində görüşə görə təşəkkürünü bildirmiş və ölkələrimizin aidiyyəti qurumları arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Daha
sonra Latviya Respublikasının Baş naziri Valdis Dombrovskisin
başçılıq etdiyi nümayəndə heyəti
nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə
Mərkəzinin fəaliyyəti ilə tanış
olmuşdur.
Azərbaycan.-2012.- 29 noyabr.- S.4.