Azərbaycan-Latviya iqtisadi əlaqələrinin daha da genişləndirilməsi üçün böyük potensial vardır

 

Noyabrın 28-də Bakıda Azərbaycan-Latviya biznes forumu keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə maliyyə, inşaat və inşaat materialları, qida sənayesi, kənd təsərrüfatı, maşınqayırma, nəqliyyat, turizm, sənaye, əczaçılıq, metallurgiya, liman və logistika, ticarət, plastik və şüşə qablaşdırma və digər sektorları təmsil edən iş adamları iştirak etmişlər.

Tədbiri iqtisadi inkişaf naziri Şahin Mustafayev açaraq Azərbaycan ilə Latviya arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd etmişdir. Nazir ölkələrimiz arasında əlaqələrin dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafında mühüm əhəmiyyətini vurğulamışdır.

Azərbaycan iqtisadiyyatı və qazanılmış nailiyyətlər barədə məlumat verən nazir Şahin Mustafayev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkəmizdə möhkəm siyasi və makroiqtisadi sabitliyin, dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını demişdir. Bildirmişdir ki, qazanılmış uğurlar beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Son illərdə nüfuzlu reytinq agentlikləri tərəfindən Azərbaycanın reytinqi ardıcıl olaraq artırılır.

Müstəqillik dövründə ölkə iqtisadiyyatına təxminən 135 milyard ABŞ dolları məbləğində investisiya yatırılmışdır ki, onun da yarısı xarici investisiyaların payına düşür. Birbaşa xarici investisiyaların adambaşına düşən həcminə görə Azərbaycan MDB və Şərqi Avropa məkanında qabaqcıl yerdədir.

Hazırda Azərbaycan sərmayədar ölkəyə çevrilmiş, bir sıra qonşu ölkələrə, eləcə də Avropa ölkələrinə investisiyalar qoyulmuşdur. Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd edən nazir Şahin Mustafayev biznes forumun işgüzar təşəbbüslərin stimullaşdırılmasına, yeni əməkdaşlıq imkanlarının yaradılmasına və ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsinə töhfə verəcəyini vurğulamışdır.

Biznes forumda Latviya Respublikasının Baş naziri Valdis Dombrovskis çıxış edərək ölkəsində sürətlə inkişaf edən Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verildiyini qeyd etmiş, iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu, biznes forumun bu istiqamətdə əhəmiyyətini vurğulamış, iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov ölkəmizin investisiya mühiti və biznes imkanları, Latviya İnvestisiyalar və İnkişaf Agentliyinin direktoru Andris Ozols ölkəsinin iqtisadiyyatı barədə təqdimatlarla çıxış etmişlər.

İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə keçirilən tədbir iş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə davam etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 29 noyabr.- S.4.