Azərbaycanda daxili işlər orqanları əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində məqsədyönlü işlər həyata keçirilir

 

Noyabrın 28-də AŞ PA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex Azərbaycanın  daxili işlər naziri general-polkovnik Ramil Usubov ilə görüşmüşlər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə nazir R.Usubov mövcud kriminogen durum, müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində torpaqlarımızın işğalı, daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlar barədə məlumat vermişdir.

Ramil Usubov ölkəmizdə demokratik prinsiplərə söykənən,  insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni qanunların qəbul edildiyini, bu işdə bir sıra inkişaf etmiş dövlətlərin,  beynəlxalq təşkilatların ekspertlərinin böyük rolu olduğunu diqqətə çatdırmışdır.

Qeyd olunmuşdur ki, daxili işlər orqanları əməkdaşlarının peşəkarlığının, dünyagörüşünün artırılması, beynəlxalq təcrübədən bəhrələnməsi istiqamətində işlər  məqsədyönlü və sistemli şəkildə həyata keçirilir.  Qabaqcıl təcrübənin daha səmərəli tətbiqi məqsədi ilə əməkdaşlarımızın Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların xətti ilə keçirilən və daxili işlər orqanlarının fəaliyyətinin başlıca istiqamətlərini əhatə edən müxtəlif forum və müşavirələrdə iştirak edirlər. Son 4 ildə yalnız insan hüquqları üzrə ölkəmizdə və xarici dövlətlərdə keçirilən tədbirlərdə 1500-ə yaxın əməkdaş iştirak etmişdir.

İctimaiyyətlə əlaqələrin genişləndirilməsi işinin səmərəli təşkili, polis-cəmiyyət, polis-vətəndaş münasibətlərinin tənzimlənməsi və hüquq qaydasının təmin olunmasında vətəndaşların fəal iştirakı məqsədi ilə, ATƏT-in Bakı ofisinin təşəbbüsü və dəstəyi ilə 2008-ci ilin yanvarından respublikanın bir sıra şəhər və rayon polis orqanlarında polis sahə inspektorlarının xidməti eksperiment qaydasında "Cəmiyyət dəstəkli polis" layihəsi həyata keçirilmişdir.

Ramil Usubov polis əməkdaşları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə vətəndaşlardan və QHT-lərdən daxil olan müraciətlərə DİN rəhbərliyinin xüsusi diqqət yetirdiyini nəzərə çatdırmışdır. Məhz belə və həssas yanaşmanın və operativ münasibətin göstəricisidir ki, təkcə son 5 ildə vətəndaşlarla kobud  rəftar, əsassız gətirmə, saxlama, məsuliyyətə cəlb etmə, qanunsuz axtarış aparma, proses iştirakçıları haqqında müxtəlif hüquqpozmalara, bir sözlə, vətəndaş hüquqlarını pozduqlarına görə 1169 əməkdaş cəzalandırılmış, onlardan 86-sı daxili işlər orqanlarından xaric edilmiş, 18-i isə cinayət məsuliyyətinə cəlb olunmuşdur.

Bildirilmişdir ki, polis orqanlarının müvəqqəti saxlama yerlərinin müasir standartlara uyğun yenidən qurulması yönümündə də zəruri tədbirlər görülür. Burada beynəlxalq normalara və standartlara cavab verən şəraitin yaradılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması məqsədi ilə 2000-ci ildən indiyədək respublikanın 32 şəhər-rayon polis orqanlarında yeni müvəqqəti saxlama təcridxanaları inşa olunmuş, 51-də əsaslı təmir işləri aparılmışdır.

Beynəlxalq təşkilatların müvafiq qurumları və Bakıda yerləşən nümayəndəliklər tərəfindən müntəzəm olaraq DİN-in şəhər-rayon polis orqanlarının müvəqqəti saxlama təcridxanalarında monitorinqlər keçirilir, nəticələr nazirliyin aidiyyəti xidmətinin əməkdaşları ilə müzakirə edilərək aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı"na uyğun olaraq bu növ cinayətlərə qarşı mübarizə gücləndirilmiş, müvafiq beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi, qurbanların müdafiəsi və onlara yardım göstərilməsi üzrə mexanizmlər daha da inkişaf etdirilmişdir.

Görüş zamanı, həmçinin ölkəmizdə milli azlıqların hüquqlarının qorunması və korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərə də toxunulmuşdur.

Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex nazirin kriminogen durum və polis fəaliyyətinin daha da təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının qorunmasına dair verdiyi geniş və ətraflı məlumatın onların bir çox suallarını cavablandırdığını bildirmişlər.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər barəsində də fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.-2012.- 29 noyabr.- S.4.