Beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan,
Dağlıq
Qarabağ münaqişəsinin həlli
istiqamətində
səylərini daha da
artırmalıdırlar
Noyabrın
28-də "Azərbaycan Respublikası Dağlıq
Qarabağ Bölgəsinin Azərbaycanlı İcması"
İctimai Birliyinin idarə heyətinin sədri Bayram Səfərov
və icmanın Əlaqələndirmə Şurasının
rəhbəri Orxan Əkbərov ölkəmizdə səfərdə
olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə
xüsusi nümayəndəsi Filip Lefort ilə
görüşmüşlər.
İctimai Birlikdən AzərTAc-a bildirmişlər ki, Bayram Səfərov qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və problemin bütün region üçün yaratdığı fəsadlar barədə məlumat vermişdir. Bildirilmişdir ki, iyirmi ildir münaqişənin həllinə çalışan beynəlxalq qurumlar bir çox məqamlarda ikili standartlara yol verirlər və qətiyyətli mövqe göstərmirlər. Vurğulanmışdır ki, münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.
İcmanın Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində daha fəal olmasının zəruriliyini qeyd etmişdir. Bildirilmişdir ki, bir sıra beynəlxalq qurumların göstərdiyi səylərin nəticə verməməsi təəssüf doğurur. Artıq iyirmi ildir ki, ATƏT-in Minsk qrupu bu problemin həlli üçün çalışır, lakin ortada real nəticə yoxdur. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonlarla bağlı qəbul etdiyi dörd qətnaməyə məhəl qoyulmur. Problemin həlli üçün Aİ-nin dəstəyi və səyi ilə icmalararası dialoqların təşkil olunması, qurumun bu istiqamətdəki proqram və layihələrində tərəflərin daha fəal iştirakının təmin edilməsi vacibdir. Bundan başqa, beynəlxalq qurumlar ikili standartlara son qoyaraq münaqişənin həlli üçün səylərini daha da artırmalı, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmaları təmin edilməlidir.
Filip Lefort Bakıda olmaqdan və İctimai Birliyin qərargahında belə bir görüşün keçirilməsindən məmnunluğunu bildirmişdir. Aİ-nin xüsusi nümayəndəsi vurğulamışdır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli təmsil etdiyi təşkilat üçün son dərəcə vacib məsələdir.
Aİ-nin
Azərbaycanın ərazi bütövlüyünü
tanıdığını deyən Filip Lefort qurumun
münaqişənin tezliklə sülh yolu ilə həllinin
tərəfdarı olduğunu, bu istiqamətdə
danışıqların davam etdirilməsinin vacibliyini
vurğulamışdır. Xüsusi
nümayəndə problemin həlli prosesinin sürətləndirilməsi üçün icmalararası dialoqun
təşkil olunmasının zəruriliyini də qeyd etmişdir.
Azərbaycan.-2012.- 29 noyabr.- S.4.